Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev zirvəsi

Heydər Əliyev zirvəsi

XX əsrin 70-80-ci illərinin Azərbaycanın ­ictimai-siyasi, ­sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarix kimi daha dərindən öyrənilməsi olduqca zəruridir. Təqribən otuz beş illik bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı olmuşdur. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcumuzdur. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə düşmüşdür. 

XX əsrin 70-80-ci illəri Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarixi zaman kəsiyidir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Ulu öndər çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim kimi bir sıra çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirmişdir. Həmin dövrdə Azərbaycanda bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılmış və bu nailiyyətlər o vaxt hakimiyyətdə olan ümummilli liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olmuşdur. 
50 il əvvəl – 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Bu baxımdan xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ilin 14 iyulunda bu millətin və dövlətin taleyinə xilaskar rəhbər kimi daxil olaraq şərəfli bir tarix yazdı. 1969-1982-ci illərdə Azərbaycanın ictimai-siyasi, o cümlədən sosial-iqtisadi və mədəni həyatında milli intibah dövrü başladı. Bu dövrdə respublikanın digər sahələri kimi, iqtisadiyyatın da dirçəlişi, ölkənin təbii ehtiyatlarından, iqtisadi, təhsil, elm və digər potensialından xalqın maddi rifahının yüksəlməsi üçün şəraitin yaradılması ilə xarakterizə olunur. Ulu öndərin rəhbərliyi ilə qısa müddətdə respublikanın iqtisadi inkişafının konsepsiyası hazırlanmış, iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə kompleks tədbirlər hazırlanmış və həyata keçirilmişdir. Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə (1969-1982-ci illər) elm, təhsil və mədəniyyətin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində görülən işlər milli ruhun oyanmasına, azərbaycançılıq məfkurəsinin zənginləşməsinə güclü təsir göstərmiş və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin hazırlamışdır. 
Ümummilli lider milli hərbi kadrlar yetişdirilməsi sahəsində böyük işlər görmüş, 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başlamışdır. 1976-cı ildə hərbi məktəbin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin qərarı ilə tədbirlər görülmüşdür. 
Həmin dövrdə xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun oyanışını şərtləndirdi. Bununla yanaşı, erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə, guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Bu məqsədlə, Ağdam-Xankəndi dəmir yolu çəkildi və 1979-cu il yanvarın 12-də həmin yol ümummilli liderin iştirakı ilə istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi. Həmin dövrdə bütün çətinliklərə baxmayaraq Heydər Əliyev Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə bağlı müddəanın 1978-ci il Konstitusiyasına daxil edilməsinə nail olmuşdu.
Həmin illərdə ümummilli liderin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. 1980-1981-ci illərdə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə abidə – məqbərə tikildi. Şuşaya səfəri zamanı Heydər Əliyev Poeziya evini açdı, Vaqif poeziya günlərində iştirak etdi, Üzeyir bəy Hacıbəyovun və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış oldu və onların qorunmasına dair tövsiyələrini verdi.
Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması xeyli dəyişdi. 1982-ci il avqustun 2-də Şuşada şair Xurşudbanu Natavana abidə qoyuldu. Heydər Əliyevin göstərişi ilə Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, yerli əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaratmışdı. 
XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə, Ermənistan SSR ərazisində anti-Azərbaycan, antitürk təbliğatı daha da güclənməyə başladı. Bu proses Mixail Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəllərində Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma “erməni soyqırımı”nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət etmiş, Siyasi Büronun iclasını aparan Mixail Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A.Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdır. Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər. Həmin il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. 
Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edən bəyanat vermiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmişdi.
1993-cü ilin ikinci ­yarısında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq, həyata keçirilən xarici siyasətimiz məhz ümummilli liderin adı və fəaliyyəti ilə bağlıdır.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan ­Respublikasının Prezidenti seçildi. Ümummilli lider 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən növbəti prezident seçkilərində də böyük səs çoxluğu ilə (76,1 faiz) qələbə qazandı.
Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir.
Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması ilə respublikamız mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna qazanmış oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə məqsədyönlü fəaliyyətinin nəticəsi idi. Həmin il yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirildi və dövlətimizin üçrəngli bayrağı ucaldıldı. 
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olmuşdur. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, ölkəmiz dünya birliyinə qovuşmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməsi səmərəli əməkdaşlığımız, problemlərimizin dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir. Həmin illərdə çox ciddi islahatlar aparılmış, bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmiş, Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət almışdır. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir. Həmin dövrdə başlanmış layihələr bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Son on altı il ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Prezident İlham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş və müdrik siyasəti sayəsində Azərbaycan sabitlik və təhlükəsizlik adasına çevrilmişdir. Dövlət başçısının qazandığı bütün uğurların kökündə Heydər Əliyev siyasi kursuna sadiqlik və onun uğurla davam etdirlməsi siyasəti dayanır. Bu illər ərzində xarici siyasət sahəsində də böyük uğurlar əldə edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmış, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənmişdir. Bununla yanaşı, ölkəmizin evsahibliyi etdiyi, eləcə də, dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər – 2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, 2019-cu ilin martında VII Qlobal Bakı Forumu və s. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəltmişdir.
Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlət başçısının bütün səyləri regionun inkişafına və sabitliyin qorunub saxlanılmasına yönəlmişdir. Azərbaycan – Rusiya – İran, Azərbaycan –Türkiyə –Gürcüstan, Azərbaycan –Türkiyə – Gürcüstan – İran və digər əməkdaşlıq formatları buna əyani sübutdur. Keçən dövr ərzində müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan – Rusiya Regionlararası Forumuna, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə də evsahibliyi etmişdir.
Son illərdə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Xüsusilə, son iki ay ərzində respublikamızın bir sıra yaddaqalan diplomatik uğurlara imza atması ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlət olmaqla yanaşı, yürütdüyü müstəqil xarici siyasətinin milli maraqlara söykəndiyinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən məhdud tərkibdə iclasında çıxışları zamanı Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın, konkret şəkildə cavab verdi. Bununla da dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü dünyaya bir daha bəyan edərək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırmış, ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu bildirmişdir.
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur.
Son 16 il ərzində respublikamızın ictimai-siyasi həyatında baş vermiş uğurlu hadisələr, dünya birliyinə inteqrasiya, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, əhalinin rifahının getdikcə yaxşılaşdırılması onu göstərir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kurs Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilir. Bunun da nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atmaqla ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. 

 

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

 

9 Dekabr 2019 21:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə