Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimi ispan dilində də “danışdı”

Nəsimi ispan dilində də “danışdı”

Madriddə tələbələr böyük Azərbaycan şairinin şeirlərindən parçalar səsləndiriblər.

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi haqqında Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq növbəti tədbir İspaniyanın paytaxtı Madriddəki Kantabriya Mədəniyyət Mərkəzində gerçəkləşib.

Burada Azərbaycan və Türkiyənin İspaniyadakı səfirliklərinin, Yunus Əmrə İnstitutunun, TÜRKSOY-un və Kral Xuan Karlos Universiteti yanında “Alisiya Alonso” Rəqs İnstitutunun birgə təşkilatçılığı ilə Nəsiminin 650 və Türkiyənin məşhur xalq ozanı Aşıq Veysəlin 125 illiyinə həsr olunmuş tədbir keçirilib. Xatırladaq ki, TÜRKSOY 2019-cu ili hər iki söz ustadının xatirə ili elan edib.

Tədbirin açılışında Azərbaycanın İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin mütəfəkkir şairin zəngin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətindən söhbət açıb.

Səfir diqqətə çatdırıb ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin keçirildiyi vaxtdan başlanır. 1973-cü ildə böyük söz ustadının yubileyi UNESCO səviyyəsində qeyd olunub.

Nəsimi yaradıcılığında mədəni müxtəliflik, humanist ideyaların geniş əks olunduğunu qeyd edən səfir Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ingilis və fransız dillərində nəşr edilmiş “Imadeddin Nasimi Poetry”, “Imadeddin Nasimi Poesié” kitablarının böyük mütəfəkkirin irsinin daha geniş şəkildə öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən Türkiyənin İspaniyadakı səfiri Cihad Erginay türk dünyasının iki böyük şairi – Nəsimi və Aşıq Veysəlin yaradıcılığındakı ideyalardan söz açıb, Azərbaycanın İspaniyadakı səfirliyi ilə birgə təşkil olunmuş mərasimin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

TÜRKSOY-un nümayəndəsi Timur Davletov təşkilat tərəfindən 2019-cu il ərzində Nəsiminin 650 illik yubileyi və Aşıq Veysəlin 125 illiyi ilə bağlı keçirilmiş tədbirlər barədə məlumat verib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 Dekabr 2019 14:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə