Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qadın İnkişaf Qrupları təsis edilir

Qadın İnkişaf Qrupları təsis edilir

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kəndlərdə əhalinin məşğulluq səviyyəsini artırmaq və aqrar bizneslərin sayını artırmaq üçün innovativ layihəyə başlayıb. Dövlət Xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində qadınların aqrar bizneslərinin formalaşdırılmasına dəstək veriləcək.

“Kəndlərdə yaşayan əhalinin yarıdan çoxunu qadınlar təşkil edir. Bu həssas qrupun məşğulluğu ailələrin rifahı üçün böyük əhəmiyyət daşıyır. Buna görə də bizim əsas hədəflərimizdən biri qadınların kənd iqtisadiyyatında fəallığını təmin etməkdir” - Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev yeni layihəni şərh edərkən belə deyib.

Layihə çərçivəsində yaradılmış yeni model kənd qadınlarının iqtisadi imkanlara çıxışını məhdudlaşdıran sosial-iqtisadi maneələri aradan qaldırmaqla onların təşkilatlanmasına kömək edir. Modelə əsasən, eyni məhəllədə yaşayan və qarşılıqlı olaraq bir-birinə dəstək olan 15-20 qadın bir araya gəlib qrup yaradır və öz biznes təşkilatlarını formalaşdırır. Qrupun fəaliyyəti bacarıqların artırılması, maliyyə savadlılığı, həyat bacarıqları, biznesin inkişafı və idarə edilməsi, sağlamlıq və qidalanma kimi mövzuları əhatə edir. Kənd İnvestisiya Layihəsi çərçivəsində pilot olaraq, 5 rayonda - Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarında 100-ə yaxın qadından ibarət 6 Qadın İnkişaf Qrupu təsis edilib.

Qadın bizneslərinə dəstək vermək üçün qadın qrupları yaradılan rayonlarda gənclərdən ibarət İcma Biznes Təbliğatçıları qrupları da yaradılıb. Qeyd edək ki, yeni yaradılan model beynəlxalq təcrübəyə əsaslanır və ilk növbədə, biznes fəaliyyətinə başlayan kəndli qadınların maliyyəyə çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

20 2018 10:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin