Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Prezident İlham ƏLİYEV: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Ona görə mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir. 


Bu gün paytaxt Bakı ilə bərabər, respublikamızın bölgələri də sürətlə müasirləşir, tikinti-quruculuq, abadlıq işləri yeni vüsət alır, IV dövlət regional proqramının   icrası istiqamətində mühüm addımlar atılır. Xatırladaq ki, indiyədək regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən dövlət proqramlarının icrası sayəsində  2004-cü ildən bu ilin ötən dövrü ərzində 2,3 milyon yeni iş yeri yaradılıb. Təkcə sonuncu IV Dövlət proqramının icrası hesabına cari ilin birinci yarısında 92 min yeni iş yeri açılıb.  

 

Regionlarda iş yerlərinin yaradılmasında önəmli rol oynayan sahibkarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə xüsusi dəstəyi nəticəsində Qəbələ, Abşeron, Füzuli, Sumqayıt, Şəki və Şamaxıda KOB mərkəzləri fəaliyyətə başlayıb. Yerli mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ölkədə keçirilən satınalmalarda iştirakı təmin edilib. Eyni zamanda, cari ilin birinci yarısında 510 sahibkarlıq subyektinin ümumi dəyəri 177,8 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 48,2 milyon manat güzəştli kredit verilib. Həmin kreditlərin 43,6 faizi regionların payına düşüb. Həmçinin iqtisadiyyata yerli və xarici maliyyə resurslarının cəlb edilməsi üçün investisiya təşviqi mexanizminin üstünlüklərindən yararlanılıb. Təkcə cari ilin 6 ayı ərzində 44 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olunub. 

Bütün bunlar qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə,  müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə öz müsbət təsirini göstərib. Aqrar sektor yeni inkişaf mərhələsinə daxil olub. Dövlət kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməklə yanaşı, iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasını da stimullaşdırıb.

Bu gün ölkə üzrə 33 rayonu əhatə edən 262 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər görülür. Hazırda 22 aqropark fəaliyyət göstərir. İlin sonunadək 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Qeyd edək ki, bu layihələrin icrası ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulması ilə nəticələnəcək. Həmçinin bu layihələrin icrası sayəsində bölgələrdə 4 mindən çox yeni iş yeri yaradılacaq.

Bölgələrdə sosial infrastrukturun müasirləşdirilməsi də  diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, IV Dövlət proqramının icrasının birinci ilinin yarısında bölgələrdə 160 kilometr içməli su, 84,8 kilometr kanalizasiya, 719,9 kilometr qaz, 2627 kilometr yeni elektrik verilişi xətləri çəkilib, 246,06  kilometr qaz xətti əsaslı təmir olunub, 88876 qaz sayğacı quraşdırılıb və ya yenisi ilə əvəzlənib.

Son illər yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, o cümlədən kənd yollarının tikintisi istiqamətində də əhəmiyyətli işlər görülüb, yüz minlərlə sakinin və sahibkarlıq subyektlərinin yol infrastrukturuna çıxış imkanları yaxşılaşdırılıb. Belə ki, ölkə üzrə təkcə bu il 226 kilometrdən çox respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib və əsaslı təmir olunub, 33,62 kilometrdən çox dəmir yolu xətti çəkilib və yenidən qurulub, 9 yeni körpü, keçid və yol qovşaqları inşa edilib. 

Sürətlə müasirləşməni, tikinti-quruculuq tədbirlərinin aparılmasını Şamaxının timsalında da aydın görə bilərik. Prezident İlham Əliyev rayona səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun  rayon ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonra istifadəyə verilməsi, “ASAN Həyat” kompleksinin açılışı mərasimlərində iştirak edib, zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilən 44 mənzilli yaşayış binasında yaradılan şəraitlə, habelə Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olub, eyni zamanda, təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verib.

Dövlətimizin başçısı “ASAN Həyat” kompleksinin açılışı mərasimində çıxış edərək bu xidmətin hazırda nəinki respublikamızda, hətta xarici ölkələrdə də böyük rəğbətlə qarşılandığını bildirib. Vurğulayıb ki, “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir: “Bu, onu göstərir ki, xidmət doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb. Eyni zamanda, “ASAN xidmət” cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olubdur. Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir”.

Yeri gəlmişkən, xatırladaq ki, Şamaxıda istifadəyə verilən “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. Kompleks Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşa xidmət göstərəcək. “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.

Burada belə bir statistikanı da diqqətə çatdıraq ki, indiyədək ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 35 milyona yaxındır. Cari ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı isə 99,4 faiz təşkil edib.

Ölkə rəhbəri çıxışında  “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirərək, bu qurumun hazırda öz coğrafiyasını genişləndirdiyini də vurğulayıb: “Bu, sayca 16-cı mərkəzdir və artıq 4 mərkəzdə tamamlama işləri aparılır. Kürdəmir, Ağcabədi, Tovuz mərkəzləri artıq hazırdır, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcəkdir. Mənə verilən məlumata görə, Bakı mərkəzlərində, - baxmayaraq ki, Bakıda 5 mərkəz fəaliyyət göstərir, - artıq növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, Bakıda əlavə 2 mərkəz açılsın, eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində ikinci mərkəzlər açılacaqdır. Artıq çoxdandır səyyar xidmət də göstərilir, 10-dan çox avtobus daim ölkəmizi dolaşır, “ASAN qatar” da fəaliyyət göstərir”.

Azərbaycan Prezidenti nitqində sözügedən qurumun, eyni zamanda, xidmətlərinin sayının artdığını, artıq 320-dən çox xidmət göstərildiyini, “ABAD Mərkəz”lərin fəaliyyəti də nəzərə alınsa, həmin rəqəmin 350-yə çatdığını bildirib.

Dövlətimizin başçısının vurğuladığı kimi, bu, onu göstərir ki, son illərdə ölkəmizdə “ASAN xidmət”in  funksiyaları böyük dərəcədə genişləndirilib. Şübhəsiz ki,  buna ehtiyac var idi. Çünki bu qurumda işlər yüksək dərəcədə düzgün qurulur. Problemli sahələrin bir çoxu da “ASAN xidmət”in əhatəsinə daxil edilir. Beləliklə, artan xidmətlər və göstərilən keyfiyyət respublika rəhbərliyinin yürütdüyü siyasətin düzgün olmasından  xəbər verir. 

Dövlətimizin başçısı çıxışında, həmçinin “ASAN xidmət”in artıq beynəlxalq mükafatlara da layiq görüldüyünü, dövlətin siyasət və niyyətini əks etdirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, əsas vəzifə ondan ibarətdir ki, hər bir sahədə şəffaflıq, dürüstlük, mədəni xidmət olsun, pozuntulara yol verilməsin: “Hesab edirəm ki, “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli mexanizmlərdən biridir. Bu məsələlərlə bağlı köklü tədbirlər görülür. Azərbaycanda korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaq, yaxud da ki, əhəmiyyətli dərəcədə azaltmaq üçün əməli tədbirlər görülür. Bu tədbirlər həm nəticə verir, həm də verəcək. Ona görə inzibati tədbirlərlə, cəza tədbirləri ilə yanaşı, institusional tədbirlər də görülməlidir ki, biz korrupsiyanın və rüşvətxorluğun əhatə dairəsini daraldaq və beləliklə, Azərbaycanı müasir, çox sürətli inkişaf yoluna gətirək. Biz buna nail oluruq”.

Prezident İlham Əliyev çıxışında Şamaxı şəhərinin son illər keçdiyi inkişaf yolundan da bəhs edib. Bu qədim diyarın tarixi abidələrinə göstərilən qayğı və diqqət barədə danışan dövlət başçısı göstərişilə  Şamaxı Cümə məscidinin əsaslı təmir olunduğunu, Şamaxının tarixi simasını qorumaqla onun müasirləşdirildiyini, şəhərin infrastrukturinin yeniləşdirildiyini, rayona müasir sərnişin avtobusları, təcili tibb yardımı maşınları, kommunal texnika gətirildiyini, bütün daxili yolların, kənd yollarının əsaslı şəkildə təmir ediləcəyini, içməli su probleminin  gələn ilin aprel-may aylarında həllini tapacağını, qazlaşdırmanın 95 faizə çatdırıldığını, elektrik enerjisi ilə bağlı heç bir problemin olmadığını da xatırladıb.   

Dövlətimizin başçısı daha sonra rayonun sosial-iqtisadi vəziyyəti ilə bağlı deyib: “Bakı-Şamaxı avtomobil yolunu mənim göstərişimlə dörd zolağa genişləndirdik və çox rahat yoldur. O yolun axırıncı hissəsi bu gün rəsmən açıldı. Həmçinin kənd yollarının tikintisi aparılır. Vaxtilə burada Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya Kompleksi inşa olunmuşdur. Şamaxı Rəsədxanası əsaslı təmir edilmişdir. Əlbəttə ki, həm respublika sakinləri, həm də qonaqlar üçün Şamaxı-Lahıc yolu nəinki əsaslı şəkildə təmir olundu, Şamaxı-Dəmirçi, Dəmirçi-Lahıc yolu yenidən çəkildi. Yəni indi Lahıca ən təhlükəsiz yol Şamaxıdan keçir. Biz indi Şamaxını müasir turizm mərkəzi kimi inkişaf etdiririk. Böyük üzüm bağları salınır, üzüm festivalı keçirilir, Şamaxı və Hacıqabul rayonlarının ərazisində ölkəmizin ən böyük aqroparkı salınır. O aqroparkın sahəsi 42 min hektardır və kənd təsərrüfatının inkişafına böyük dərəcədə təkan verəcəkdir. Şamaxı ənənəvi üzümçülük rayonudur. Üzümçülüyün ənənələri bərpa edilir, iş yerləri açılır, o cümlədən ödənişli ictimai işlər yaradılır. Şamaxı Azərbaycan xalqının böyük oğlu İmadəddin Nəsiminin vətənidir. Bilirsiniz ki, mənim sərəncamımla bu il “Nəsimi ili” elan edilibdir. Böyük Nəsiminin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq sabah bütün ölkəmizdə kütləvi ağacəkmə aksiyası keçiriləcək və bütövlükdə 650 min ağac əkiləcəkdir. Nəsimi festivalı ənənəvi xarakter alıbdır. Şamaxının çox qədim tarixi var və çox görkəmli nümayəndələri Azərbaycan xalqının şöhrətini yüksəklərə qaldırırlar”.

Bütün bu deyilənlər isə transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, ölkə həyatının bütün sahələrində gerçəkləşdirilən islahatların uğurlu nətcələri özünü büruzə verən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın dinamik inkişaf yolu ilə irəlilədiyini bir daha təsdiqləyir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

7 Dekabr 2019 22:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə