Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar inkişafımızın rəhnidir

İslahatlar inkişafımızın rəhnidir
Azərbaycan demokratik dövlət quruculuğunun daha da inkişaf etdirilməsi yolunda inamla irəliləyir. Bu irəliləyiş ölkəmizi dünyanın inkişaf etmiş dövlətlərinin layiqli üzvlərindən birinə çevirməkdədir. Dövlətimizin başçısı ölkəmizin daha yüksək nailiyyətlər qazanması yolunda islahatları prioritet vəzifə kimi qarşıya qoyub. Ölkə başçısı çıxışlarının birində bildirmişdir ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır.

Dövlət idarəçiliyinin təkmilləşdirilməsi

Prezident İlham Əliyevin 2019- cu il yanvarın 14-də imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı islahatların böyük əhəmiyyət kəsb etdiyini, ölkənin bütün sahələrində inkişafa nail olunduğunu bir daha təsdiqlədi. Həmin fərman Azərbaycanda dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi daşıyır. Həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində, həm də bütövlükdə idarəetmədə aparılan islahatların Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında böyük rol oynadığı artıq özünü büruzə verir.

2018-ci ilin prezident seçkilərindən sonra Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində proqram xarakterli çıxışı zamanı anonsunu verdiyi struktur, inkişafa xidmət edən islahatlar artıq həyata keçirilməkdədir. Dövlətimizin başçısı islahatlara alternativ olmadığını bildirərkən, andiçmə mərasimində yeni iqtisadi model haqqındakı fikirlərini xatırladaraq deyib ki, əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatların, o cümlədən kadr islahatlarının bu məqsədi daşıdığını bildirən ölkə rəhbəri növbəti illərdə ciddi islahatların aparılacağını diqqətə çatdırıb və bunun vətəndaşlarımızın yaşayış səviyyəsinin daha da yaxşılaşacağına əminliyini ifadə edib.

İslahatlar ili

Bu ilin əvvəlində imzalanan həmin fərman qarşıya ciddi vəzifələr qoydu. Təsadüfi deyil ki, 2019- cu il həm də islahatlar ili adlandırılır. Bu ilin əvvəlindən start götürən konkret sahələr üzrə qarşıda duran vəzifələrin həlli üçün çevik, məqsədyönlü və səmərəli fəaliyyətlə bağlı reallaşdırılmalı olan islahatlar daha geniş vüsət aldı. Əldə olunan böyük nailiyyətlər Azərbaycan dövlətçiliyinin inkişafında, vətəndaşların rifahında, iqtisadi tərəqqinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb etdi. Bununla yanaşı, Azərbaycanın qarşısına daim irəliləyiş məqsədini qoyan dövlət olduğu təsdiqləndi. Bütün bunlar idarəetmə sahəsində yeni islahatların həyata keçirilməsi zərurətini yaratdı.

İslahatları öz səmərəsini vergi və gömrük sahələrində daha aydın büruzə verdi. Gömrük və vergi orqanlarının cari ilin doqquz ayı ərzində büdcəyə nəzərdə tutulduğundan əlavə 700 milyon manatdan çox vəsait daxil etmələri bu reallığın nümunəsidir. Uğurlar təkcə bununla bitmir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsinin qeydiyyata alınması da islahatların nəticəsidir. Əvvəllər yüz minlərlə insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar müxtəlif yollarla əlavə pul alır və bu qazanclarını vergidən gizlədirdilər. Bu da iqtisadiyyatın inkişafına mənfi təsir edirdi. Digər cəhətdən isə bu, gələcəkdə pensiyaya çıxacaq insanların alacaqları məbləğin qənaətbəxş olmamasına da öz təsirini göstərir. Bu baxımdan, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə həmin iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini kölgə iqtisadiyyatından xilas etdi.

Ölkə Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi iqtisadi inkişafımızı sürətləndirmək tapşırıqlarının icrasının effektivliyini daha yaxşı təmin edəcək. Dövlət başçısı islahatların anonsunu bu ilin əvvəllərində –Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vermişdi. Demişdi ki, indi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib: “Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib”.

Dövlət başçısının bu yanaşması milli dövlətçiliyi və idarəetməni daha da təkmilləşdirmək, dövrün tələblərinə uyğun daha çevik və səmərəli vəziyyətə gətirməkdən ibarətdir. Bu islahatlar demokratik idarəetmənin əsas qayəsini təşkil edir və idarəetmədə şəffaflığı, yığcamlığı özündə əks etdirir. Bu dəyişiklik, eyni zamanda, idarəetmədə çalışan bütün kadrlardan məsuliyyətli, dəqiq və fəal olmağı prioritet vəzifə kimi qarşıya qoyur.

İnqilabi addımlar

Ölkədə sosial sahədə aparılan inqilabi islahatlar barədə danışarkən, ilk növbədə, Prezident İlham Əliyevin 25 fevral 2019-cu il tarixdə imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamını xatırlatmaq istərdik. 14 bənddən ibarət olan həmin sərəncamda aztəminatlı ailələrin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılması öz əksini tapıb. Sosial sahədə aparılan digər islahatlar Azərbaycanda dövlətin sosial siyasətinin əhalinin güzəranının daha da yaxşılaşdırılmasına yönəldiyini təsdiqləyir. Son illər dünyada baş verən maliyyə sıxıntıları bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, respublikamızda bu sahədə qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il iyunun 18-də yeni sosial islahatlar paketini təqdim edib. İslahatlar paketində minimum əməkhaqqının, habelə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin, dövlət qulluqçularının, hərbi və hüquq-mühafizə orqanlarında və bir sıra dövlət müəssisələrində çalışanların əmək haqlarının artırılması nəzərdə tutulub.

Minimum əməkhaqqının artırılması yeni islahat paketinin əsas məğzini təşkil edir. Xatırladaq ki, bu il fevralın 8-də ölkə başçısı minimum əməkhaqqını 130 manatdan 180 manata qədər yüksəltməklə, 38,5 faizlik artım əldə olmuşdu. İyunun 18-də isə dövlətimizin başçısı tərəfindən minimum əməkhaqqı ikinci dəfə artırılmaqla, 180 manatdan 250 manata çatdırıldı. Göründüyü kimi, 1 il ərzində minimum əməkhaqqı 2 dəfəyə qədər artırılıb. Əgər fevralın 8-də minimum əməkhaqqının artırılmasında 600 min nəfər əhatə olunurdusa, indiki halda həmin göstərici 950 min nəfər təşkil edir. Bu insanların 300 mini özəl sektorda, 600 minə yaxını isə dövlət sektorunda çalışan vətəndaşlardır. Minimum əməkhaqqının artırılması üçün dövlət büdcəsindən əlavə olaraq illik 780 milyon manat vəsaitin xərclənməsi insan amilinə verilən dəyərin bariz nümunəsidir. Minimum pensiyalar bu il martın 1-dən 160 manata çatdırılmışdırsa, oktyabrın 1-dən həmin məbləğ 200 manata qaldırıldı. Birinci islahat paketi çərçivəsində təqribən 230 min, ikinci islahat paketi 660 min pensiyaçını əhatə edir. Bununla yanaşı, müavinət və təqaüdləri də nəzərə alsaq, onda həyata keçirilən islahatlar 300 min əlili, 500 min qaçqını, 100 min tələbəni əhatə edir.

Avropa İnkişaf və Əməkdaşlıq Təşkilatının son hesabatlarına görə, sosial sahədə ardıcıl şəkildə islahat aparmağa 40 dövlət arasında yalnız Polşa, Çexiya və Finlandiya kimi ölkələr nail ola bilib. Azərbaycanın da həmin sırada olması qürurverici haldır. Eyni zamanda, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirmələri də ölkəmizin reytinqinin yüksəlməsindən xəbər verir.

Parlamentin yenilənməsi dövrün tələbidir

Dövlət başçısının rəhbərlik etdiyi islahatlar kursu Milli Məclisdən də yan keçmədi. İndiki dövr parlamentin yenilənməsi zərurətini yaradır. Bu baxımdan, YAP Siyasi Şurası son toplantısında vətəndaş mövqeyini, milli maraqların, dövlət maraqlarının bütün maraqlardan üstün tutulmasını nümayiş etdirərək, partiyanın geniş şəkildə təmsil olunduğu və çoxluq təşkil etdiyi qanunverici orqanın yenilənməsinin vacibliyini bildirdi və parlamentin buraxılması təşəbbüsünü irəli sürdü.

Artıq Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında bu məsələ geniş müzakirə olundu. Qeyd edildi ki, Prezident İlham Əliyevin müasir dövrün tələbləri səviyyəsində qurulan daxili və xarici siyasəti Azərbaycanın ardıcıl və dinamik inkişafını təmin edir. Dövlət başçısı tərəfindən həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır.

Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri, digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşdirilməsini, parlamentin yeniləşməsini zəruri etmişdir. Sosial-iqtisadi tərəqqi, ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin həyata keçirilməsi daha geniş hədəflərin müəyyənləşməsini və dərin islahatların aparılmasını zərurətə çevirir.

Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır. Nazirlər Kabinetində, məhkəmə hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Təbii ki, bütün bunlardan sonra Milli Məclis də ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik sahəsini də əhatə etməsi məqsədilə prinsipial mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir. Bu yenilik ölkəmizin inkişafına, tərəqqisinə xidmət edəcək və növbədənkənar parlament seçkiləri ölkəyə yeni dinamizm verəcək.

Dekabrın 4-də keçirilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası Milli Məclisin buraxılması məsələsinə baxdı və qərar qəbul etdi. “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 98.1-ci maddəsinə uyğun hesab edildi.

Gənc kadrlara geniş meydan

Son günlərdə ölkədə aparılan islahatlar sırasında kadr dəyişiklikləri də rəğbətlə qarşılanır. Xüsusilə, dövlət başçısının gənc nəslin nümayəndələrinə böyük etimad göstərərək onları nazir, rayon və şəhər icra hakimiyyətlərinə başçı və digər vəzifələrə təyin etməsi Azərbaycanda gedən islahatlar prosesinin tərkib hissəsidir. Respublikamız öz inkişafında zaman-zaman daha yüksək mərhələyə qədəm qoyur. Dünyada baş verən hadisələr, sürətli inkişaf tempi müəyyən dövrdə dövlətçiliyə, inkişafa öz töhfəsini vermiş yaşlı nəslin gəns kadrlarla əvəzlənməsi zərurətini yaradır. Gənc kadrlar yeni enerji, yeni baxışdır. Bir tərəfdən əvvəlkilərin fəaliyyətinə cənab Prezident tərəfindən yüksək qiymət verilir, dövlətə xidmətinə görə təşəkkür edilir, digər tərəfdən gənclərə də yol açılır.

Aparılan kadr dəyişiklikləri, şübhəsiz ki, ölkəmizin qarşısında duran problemlərin daha çevik həll edilməsi məqsədini daşıyır. Təbii ki, yeni təyinatlar qarşısında daha ciddi vəzifələr qoyulur. Dövlətimizin başçısı onların hər birini qəbul edir, tövsiyə və tapşırıqlarını verir. İlk növbədə, xalqla sıx təmasda olmağı, şəhər və rayonların abadlıq-quruculuq işlərinə, mövcud obyektlərin işlək vəziyyətdə olmasına, gənclər mərkəzlərinin fəaliyyətinin gücləndirilməsinə diqqət yetirməyi tapşıran dövlətimizin başçısı Azərbaycanda gəncləşmə siyasətinin aparıldığını da unutmur. Bunun təbii olduğunu bildirən ölkə Prezidenti, həm də nəsillərin dəyişdiyini, yeni təfəkkürlü insanların irəli çəkildiyini də vurğulayır.

Dövlətimizin başçısı islahatların bütün maneələr və əngəllərə rəğmən əzmlə davam etdiriləcəyini, müasir, yeni təfəkkürlü, dünyagörüşlü cavanlara, peşəkar kadrlara yol açılacağını bildirərək, bu məsələnin Azərbaycan hökumətinin üzərinə qoyulan bir vəzifə olduğunu bildirib.

Bu, bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev indiyədək hansı vədləri veribsə, hamısına da əməl edib.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

 

 

7 Dekabr 2019 22:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə