Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 468     Bakı şəhəri, 7 dekabr 2019-cu il


“Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1647-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 iyul tarixli 795 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).  
2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
     

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 7 dekabr

tarixli 468 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Hakimlərə məzuniyyət haqqının hesablanması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

  1.1. Bu Qayda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və hakimlərə məzuniyyət haqqının hesablanması qaydasını müəyyən edir.

  1.2. Məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası hakimə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.

 

2. Məzuniyyət haqqının hesablanması qaydası

 

  2.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

  2.2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan hakimin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

  2.3. Məzuniyyət günlərinin əmək haqqının müəyyən edilməsi üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği 12-yə bölünməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölünməsi yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

  2.4. Hakimə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 (üç) gün qalmış ödənilir.

 

3. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər

 

  3.1. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınır:

  3.1.1. faktiki işlənmiş vaxt üzrə vəzifə maaşı;

  3.1.2. vəzifə maaşına ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə;

  3.1.3. hakimlik stajına və prokurorluq orqanlarındakı xidmət illərinə görə əlavə;

  3.1.4. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə ödənilən yüksək hüquqi ixtisasa görə vəzifə maaşına əlavə;

  3.1.5. elmi dərəcəyə görə vəzifə maaşına əlavə;

  3.1.6. fəxri ada görə aylıq təqaüd;

  3.1.7. səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə ödənilən aylıq pul təminatı;

  3.1.8. müvəqqəti əvəzetməyə görə ödəmə;

  3.1.9. qanunvericilikdə hakimlərin iş yerlərinin və əmək haqqının saxlanıldığı hallarda ödəmələr;

  3.1.10. məcburi işburaxma dövrünün ödənilməsi;

  3.1.11. əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;

  3.1.12. dəniz səviyyəsindən 1200 metrdən yüksəklik yerlərdə əmsallar üzrə əlavə ödənişlər.

  3.2. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınmır:

  3.2.1. birdəfəlik xarakter daşıyan mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlərlə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər;

  3.2.2. ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində və sonrakı 4 (dörd) il ərzində ildə bir dəfə ödənilən birdəfəlik yardım;

  3.2.3. müalicə olunması üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı;

  3.2.4. məzuniyyətə çıxdıqda verilən iki aylıq əmək haqqı məbləğində müavinət;

  3.2.5. ezamiyyə xərcləri;

  3.2.6. birinci instansiya məhkəmələrinin hakimlərinə verilən dəftərxana ləvazimatlarının dəyəri;

  3.2.7. sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;

  3.2.8. istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilən kompensasiya.

 

4. Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması

 

  4.1. Hakimlərə məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:

 

Orta aylıq əmək haqqı =

  (ƏN1 x Ə1 + ƏN2 x Ə2+ ...) + ƏN

              N

 

Burada:

ƏN1, ƏN2... - vəzifə maaşlarının sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində hakimlərin əmək haqqının cəmi;

ƏN - vəzifə maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə hakimlərin  əmək haqqının cəmi;

Ə1, Ə2...- son kütləvi artımdan sonra vəzifə maaşının əvvəlki kütləvi artım dövrlərində vəzifə maaşlarına olan nisbətindən alınan təshih əmsalları;

N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.

4.2. Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırı-larkən, vəzifə maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə