Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər ölkəmizi gələcəyə inamla aparacaq

Gənclər ölkəmizi gələcəyə inamla aparacaq

Gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin. 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


“Oqonyok” jurnalının 1992-ci ilin aprel nömrəsi. Səhifədəki şəkildən bir oğlanın nəzərləri bizə zillənib. Qolunu saqqallı erməni silahlısı çəkib, bunu jurnalistlərin diqqətindən yayındırmağa çalışır. Əlində Azərbaycan bayrağını basıb bağrına. O bayraq ki, 70 ildən sonra yenidən başımızın üzərində ucalıb müstəqil Azərbaycanın istiqlalını dünyaya bəyan etdi. O bayraq ki, onun kölgəsində gənclər bu istiqlalı qoruyacaqlarına and içdi. Natiq Qasımovun fotokameraya zillənmiş qürurlu baxışları, sanki, bu andı təsdiq edən əbədi bir möhür oldu: Vətənə sevgi və sədaqət möhürü…

 

 

Bu gün Natiq Qasımov başda olmaqla, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəmanlarımızın örnək dolu həyatı hər bir Azərbaycan gəncinin qəlbində qürurla xatırlanır. Müstəqil dövlətimiz siyasi və iqtisadi baxımdan gücləndikcə, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artdıqca, gənclərimizin dövlətçiliyimizin gələcəyinə inamı da artmaqdadır. Dövlətin sabahının əsas dayağı olan gənc nəslin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi hər zaman vacib olub və bu gün də dövlət siyasətinin tərkib hissəsi kimi prioritet məsələlərdəndir.

“El bilir ki, sən mənimsən”

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin hələ sovet dövründə Azərbaycan gənclərini müxtəlif nüfuzlu ali məktəblərə təhsil ardınca göndərməsi, eləcə də hərbi kadrların məhz Azərbaycanda hazırlanması üçün C.Naxçıvanski adına hərbi məktəbi yaratması onun milli təəssübkeşliyindən, xalqımızın inkişafında gənclərimizin hərtərəfli kadr kimi görmək istəyindən irəli gəlirdi. Əlbəttə, bu uzaqgörən siyasət öz bəhrəsini verdi. Ermənistanın hərbi təcavüzü başlayan illərdə həmin gənclər , xüsusilə də Leninqradda, Lvovda, Moskvada və digər şəhərlərdə hərbi təhsil almış zabitlər Vətənə gələrək onun müdafiəsində dayandılar. Ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətimizin gənclər siyasəti formalaşdırıldı, çox mühüm işlər görüldü. Hətta Gənclər Gününün təsis edilməsi də məhz ulu öndərin Azərbaycan gəncliyinə bəxş etdiyi milli bayram oldu. Ulu öndərin böyük sevgi və məhəbbətlə hər kəsin önündə Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini həyəcanla deməsi bu gün də ehtiramla xatırlanır. Bu gün Prezident İlham Əliyevin gənclər siyasəti də məhz bu ənənələr üzərində qurulmaqla, çağdaş dövrümüz üçün bilikli, vətənpərvər gənclər ordusunun formalaşmasına xidmət edir.

Ədəbiyyatın gücü böyükdür

Həmsöhbətim Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, Prezident təqaüdçüsü İntiqam Yaşar bildirir ki, bugünkü gənclərimiz xoşbəxtdir, çünki müstəqil, inkişaf edən və dünyada öz sözünü deyən Azərbaycan dövlətinin vətəndaşlarıdır: “Biz fəxr edirik ki, keçən il böyük fəxrlə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. O dövrdə Vətənə məhəbbətlə, xalqına böyük sevgi ilə xidmət etmiş gənc ziyalılarımızın vətənpərvərliyi, Azərbaycana bağlılığı, bayraq sevgisi bugünkü gənclik üçün də örnəkdir.”

Gənclərin vətənpərvərlik tərbiyəsində ədəbiyyatın, sözün gücünü yüksək qiymətləndirən gənc yazar hesab edir ki, bu gün istər klassik, istərsə də çağdaş ədəbiyyatımızda Vətən sevgisini, doğulduğun torpağı qorumaq hissini, eləcə də milli mənlik şüurunun formalaşmasını tərənnüm edən gözəl ədəbi nümunələr var. “Ancaq bununla kifayətlənmək olmaz. Hesab edirəm ki, hərbi vətənpərvərlik ruhunu, milli mənlik şüurunu formalaşdıran yeni şeirlər, hekayələr, tarixi romanlar yazılmalı, daim gənclərə təqdim edilməlidir.”

DGTYB sədri hesab edir ki, gənclərimizin vətənpərvərlik hisslərinin tərbiyəsi, onların milli amallar ruhunda tərbiyə alması, cəmiyyətimiz üçün layiqli vətəndaş kimi yetişməsi olduqca aktual məsələdir: “ Gənclər hər zaman dövlətimizin diqqətindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev istər səngərdə xidmət edən əsgər və zabitlərlə görüşlərində, istərsə də vətəndaş cəmiyyətinin fəal gəncləri ilə söhbətlərində hər zaman onlara vətənpərvər olmağı, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmağı, bu dəyərləri qoruyub-yaşatmağı dövlətimizə və vətənimizə milli duyğularla bağlı olmağı tövsiyə edir.”

Aprel rəşadəti

2016-cı ilin aprel ayı. “Dördgünlük müharibə” kimi tarixə düşmüş Aprel döyüşlərində səngərdə Vətənin keşiyində duran Azərbaycan əsgəri öz rəşadətini göstərdi. İşğalçı qüvvələrin təxribatlarının qarşısının alınması və onların hücumlarının dəf edilməsində qəhrəmancasına döyüşmüş Azərbaycan gəncləri—zabit və əsgər heyəti son ana qədər mübarizə apardı: yaralanan da oldu, şəhidlik zirvəsinə ucalan da. Ancaq üçrəngli Azərbaycan bayrağı bizim həsrətlə boylandığımız Lələtəpəyə sancıldı. Aprel rəşadəti ilə dost da, düşmən də Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun, milli mənlik şüurunun ən yüksək səviyyəsinin şahidi oldu. Bu gün işğaldan azad edilmiş Lələtpədə, Cocaq Mərcanlıda dalğalanan bayrağımız, Aprel şəhidlərimizin şərəfinə ucaldılmış abidə istər məktəblilər, istərsə də tələbə gənclər tərəfindən böyük sayğı ilə ziyarət edilir.

“Azərbaycan gəncləri vətənpərvər olmalıdır”

Bu il fevralın 1-də Gənclər Günü münasibəti ilə keçirilmiş respublika toplantısında mən də iştirak edirdim. Maraqlı anlarla yadda qalan tarixi görüşdə səslənən fikirlər Azərbaycan gənclərinin dövlətçilik və milli amallar uğrunda sıx birləşdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin proqram xarakterli nitqində daha çox gənclərin milli duyğulara köklənməsi və vətənpərvər olması əsas prioritet kimi vurğulanırdı. “Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”. Bu da təsadüfi deyil. Çünki indiki yüksək dünyagörüşlü və savadlı gəncin dövlətini, tarixini, millətini sevməsi əsas şərtdir ki, o, Vətəninə yüksək səviyyədə xidmət edə bilsin.

Qarabağ qazisi, baş leytenant Kamil Musəvinin həmin respublika toplantısında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qarşısında təsirli çıxışı vətənpərvər Azərbaycan gəncliyinin bir nümunəsi sayıla bilər: “Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir. Biz gənclərin üzərinə çox böyük işlər düşür. Bu işlərdən biri və birincisi vətənpərvər olmağımızdır. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib səngərdə dayanmaq deyil. Hər bir insanın öz sahəsində Vətəninə, xalqına vicdanla xidmət etməyi o insanın vətənpərvərliyidir”.

Gənclər təşkilatları da vətənpərvərliyə böyük yer ayırır

Bu gün vətəndaş cəmiyyətinin fəal hissəsi olan gənclər təşkilatlarının həyata keçirdikləri layihələr arasında milli dövlətçilik və vətənpərvərlik duyğularının inkişaf etdirilməsi əsas prioritet təşkil edir. Təkcə bu il həyata keçirilmiş layihələrdən “İrəli” İctimai Birliyinin “Marş irəli” layihəsini, eləcə də “Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsini nümunə gətirmək olar. Hər iki layihədə fəal iştirak etmiş gənclər öz bilik və bacarıqlarını sınamaqla, istər bilikləri, istərsə də fiziki hazırlıqları ilə Vətəni təmsil və müdafiə etməyə hər an hazır olduqlarını isbat etdilər. Bu cür önəmli tədbirlərin gənclərdə yüksək milli ruh yaratması, sözsüz ki, onların gələcəkdə layiqli bir vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır.

Aprel döyüşlərinin iştirakçısı general-mayor Mais Bərxudarovun gənclərlə görüşündə onların vətənpərvərlik ruhunun yüksək olması üçün tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirməsi və onlara öz tövsiyələrini verməsi bu gün hər bir gəncimizi istər cəbhədə, istərsə də virtual olaraq, informasiya müharibəsində fəallığa səsləyir: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü, gənc vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə birləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə hazır ola bilər.”

Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda da gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məsələsi xüsusi yer tutur. Proqrama əsasən, Gənclər və İdman Nazirliyi və gənclər siyasəti ilə məşğul olan digər qurumlar mütəmadi olaraq, gənclərin milli mənlik şüuru və vətənpərvərlik tərbiyəsi ilə bağlı layihələr həyata keçirirlər. Bir sözlə, hər kəs bu işə öz töhfəsini verməyə çalışır.

...Uzun axtarışlardan sonra internet resurslarından tapdığım “Oqonyok” jurnalındakı şəklə bir daha nəzər salıram. Üçrəngli bayrağı qoynuna sıxan Natiq Qasımov sanki həmin fotodan bugünkü gəncliyə boylanır: Gözlərindəki sevgi, qürur və Vətənə sədaqət hissi ilə...


Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.


Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 

 

7 Dekabr 2019 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə