Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan gəncləri müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşıb

Azərbaycan gəncləri müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşıb

Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, ­xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.
 Heydər Əliyev
Ümummilli lider


Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, öz xalqına sonsuz sevgisi və misilsiz xidmətləri ilə çoxminillik dövlətçilik tariximizdə ilk dəfə ümummilli lider statusu qazanmış Heydər Əliyevin əbədiyyətə qovuşmasından 16 il keçir. Ötən illər ulu öndərin ideya və əməllərinin həmişəyaşarlığını qəti surətdə təsdiq etməklə yanaşı, bu bənzərsiz soydaşımızın və əbədi liderimizin əməllərdə, amallarda və xatirələrdə davam edən ölməzliyini də bütün dünyaya nümayiş etdirmişdir.
Ulu öndərin hərtərəfli inkişafalarına daim qayğı göstərdiyi və gələcəklərinə böyük ümid bəslədiyi o zamankı uşaq və gənclər nəsli bu gün onun ölməz ideyalarına sədaqətlərini əməli işlərə çevirməklə müstəqil dövlətimizin qurucularının ön sıralarındadırlar. Ümummilli liderin formalaşdırdığı müstəqil dövlətin uşaq və gənclər siyasəti müstəqillik illərində ölkəmizdə nəsillərin bir-birini ahəngdar surətdə əvəzləməsi prosesinin lokomotivinə çevrilmişdir.
Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində dövlət gənclər siyasəti onun Azərbaycana rəhbərliyinin hər iki dövründə üstün yer tutmuşdur. Böyük rəhbər yaxşı bilirdi ki, gənclərin hərtərəfli hazırlığı Azərbaycanın sosial-iqtisadi, elmi və mədəni inkişafı üçün zəruri amillərdəndir. Müdrik şəxsiyyət gəncliyi böyük qüvvə hesab edirdi və deyirdi ki, “gənclər bizim gələcəyimizdir”.
Xalqımızın böyük oğlu Azərbaycana rəhbərliyinin hər iki dövründə yeni nəslin sağlam və bilikli böyüməsi, həyatda özünə layiqli yer tutması üçün uzaqgörən, sistemli, ardıcıl tədbirlər işləyib hazırlamış, bu işi daim diqqət mərkəzində saxlamışdır. Hələ sovet dövründə respublikanın birinci rəhbəri olaraq, Heydər Əliyev daim gəncləri ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırmışdır. Ulu öndər müstəsna bir uzaqgörənliklə sovet imperiyasının süqut edəcəyini, Azərbaycanın yaxın gələcəkdə müstəqillik qazanacağını duyub-dərk etməklə, öz ölkəsini və onun yeni nəsillərini suverenlik epoxasının məsul tələblərinə cavab verməyə hazırlamışdır.
Heydər Əliyev ilk dəfə 1969-cu ildə hakimiyyətə gəldikdən sonra gənclərin sağlam və savadlı böyüməsi, mükəmməl ixtisas təhsili almaları üçün mümkün olan bütün işləri yüksək səviyyədə həyata keçirmişdir. Onun ən bilikli və yüksək bacarıqlı gəncləri keçmiş SSRİ-nin tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərməsi hələ o illərdə Azərbaycana yeni intellektual səviyyə, həyata üstün baxışlar və geniş dünyagörüşü dəyərləri gətirmişdir. 
Azərbaycan müstəqillik qazandıqdan bir müddət sonra ölkədə yaranmış hakimiyyətsizlik, özbaşınalıq, anarxiya və xaos bütün sahələrdə olduğu kimi, gəncliyin də həyatına çox ağır təsir göstərmişdir. Lakin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbindən sonra müstəqil ölkənin rəhbərliyinə qayıdışı ilə gəncliyin də həyat və mübarizəsində əsaslı dönüş yaratmışdır. Xalqın xilaskar oğlu ölkə rəhbərliyinə qayıtdığı ilk gündən gəncliyin istək və arzularına, rastlaşdıqları çətinliklərə müdrikliklə diqqət yetirmiş, müstəqil ölkənin gənclər siyasətinin əsaslarını qoymuşdur. Bununla da 1993-cü ildən etibarən gənc nəsillə iş dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. 
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndərimiz böyüməkdə olan nəslə qayğı göstərərək onların bilik və bacarıqlı nümayəndələrini əməli quruculuq və elmi-mədəni yaradıcılıq sahələrində, müxtəlif pilləli idarəetmə işlərində önə çəkmişdir. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə addımlar atılmasını təmin etmişdir. 
Ümummilli liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratmış və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirmişdir. Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin mühümlüyünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 26 iyul 1994- cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu öndər nazirliyin qarşısında ölkənin sosial-iqtisadi və mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun olaraq gənc nəslin tərbiyəsi, gənclərlə iş sahəsində cəmiyyətin demokratik inkişafı tələblərinə cavab verən siyasətin həyata keçirilməsi, gənclərin qüvvə və bacarıqlarının səmərəli şəkildə istifadə olunması və s. kimi vəzifələr qoymuşdur. 1994-cü ildən başlayaraq bu istiqamətdə ayrı-ayrı dövlət proqramları həyata keçirilmiş, onların müxtəlif sahələrdə reallaşması, mühüm vəzifələrin gənclərə həvalə edilməsi prosesi sürətlənmişdir. 
Ulu öndər hesab edirdi ki, Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənclərdən asılıdır. Artıq gəncliyin yüksəliş yolu müəyyənləşdirilmiş, tərəqqisi üçün hüquqi baza yaradılmışdı. 1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda şəxsən iştirak etmiş, dövlət gənclər siyasətinin prioritetlərini elan etmiş Prezident Heydər Əliyev bu məclisin birinci ildönümü münasibətilə keçirilən tədbirdə gənclərə müraciətində bildirirmişdi: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin-gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.”
Ulu öndər 1997-ci ildə imzaladlğı sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü elan edilmişdir. Artıq 22 ildən çoxdur ki, ölkəmizdə bu gün böyük təntənə ilə qeyd edilir. Gənclərin II Forumu, həmçinin sonrakı dövrdə imzalanmış “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” fərmanlar, sərəncamlar, gənclərin problemlərinin həllinə yönəlmiş, onların hərtərəfli inkişafını təmin etmişdir. Məhz ulu öndərin yaratdığı siyasi-hüquqi və əxlaqi əsaslar üzərində ölkəmizdə gənclərin yaşlı nəsillə, cəmiyyət və dövlət strukturları ilə çoxtərəfli dialoqu yaranmışdır. Nəticədə, gəncliyin özünə inamı artmış, onlar dövlətin ictimai-siyasi həyatında iştiraka cəlb olunmağa başlamışlar. 
Gənclərin ilk növbədə Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiqlik ruhunda tərbiyə edilməsi ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edir. Böyük dövlət və siyasət xadimi vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”. 
Ulu öndər Heydər Əliyevin yaratdığı təməl əsasında qurulmuş dövlət gənclər siyasəti 2003-cü ildən onun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirilərək ardıcıl surətdə davam etdirilir. Ötən müddət ərzində bu istiqamətdə atılmış addımlar, görülmüş işlər bunun əyani sübutudur. Bu baxımdan Azərbaycan Gənclər Gününün 10 illiyi münasibətilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili” kimi qeyd edilməsi olduqca əlamətdar olmuşdur. Bundan başqa, dövlət başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş silsilə dövlət proqramları və digər mühüm sənədlər ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində dövlət siyasətinin prioritet yönlərini gerçəkləşdirməyə xidmət edir.
Prezident İlham Əliyev ölkə əhalisinin 2,8 milyon nəfərini, yəni 28,1 faizini təşkil edən gənclərin problemləri ilə daim maraqlanır, onlarla görüşlər keçirir, gənclərin hərtərəfli inkişafına, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında onların rolunun artırılmasına xüsusi diqqət yetirir, gənclərin dövlət işlərinə irəli çəkilməsinə xüsusi önəm verir. Pezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
Yaşayıb fəaliyyət göstərdiyim Füzuli rayonunda da gənclər həyatın bütün sahələrində ön mövqelərdədir. Onlardan biri kimi mən də, Dövlət İdarəçilik Akademiyasında qiyabi təhsil almaqla yanaşı, Qayıdış-7 köçkün qəsəbəsində icra nümayəndəsi kimi məsul işə irəli çəkilmişəm. Biz gənclər rayon rəhbərliyinin bu diqqətini və etimadını ulu öndərin gənclər siyasətinin uğurla həyata keçirilməsinin nəticəsi hesab edirik.
Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Birmənalı şəkildə qəbul etmək olar ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının əsasını, məhz ümummilli lider qoymuşdur. Ulu öndər Heydər Əliyevin əsaslarını yaratdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti yeni nəslin öz bilik və bacarıqlarının, potensialının səmərəli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. 

 

Əhməd QULAMZADƏ,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi

7 Dekabr 2019 22:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə