Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bütün uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır

Azərbaycanda  xalq-iqtidar birliyinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər istər sovet dönəmində, istərsə də müstəqillik dövründə daim xalqın yanında olub. Onun məşhur ifadələrindən biri belə idi: “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”. Xalqa xidmət onun başlıca missiyası idi. 

Bu gün yaxşı xatırlayırıq ki, 20 Yanvar faciəsindən sonra Azərbaycanın ağrılarını dünyaya çatdıran ulu öndər Heydər Əliyev oldu. Amma o zaman Azərbaycan rəhbərliyində təmsil olunanlar ağızlarına su alıb susmuş, heç kəs bu faciəni qınamamış, öz etiraz səsini ucaltmamışdı. Bu barədə Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində dedi: “Bu, bir daha göstərdi ki, ovaxtkı rəhbərlik antimilli rəhbərlik idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü bir ildən çox hakimiyyətdə idi. Bir il ərzində 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün bunu etmədilər? Nə üçün xalqımızın bu faciəsinə, bu yarasına biganə qalmışdılar? Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət vermişdir və bu, tarixdir. Bu, bir daha ulu öndərin xalqa nə qədər bağlı olduğunu göstərir”.
Ölkəmizin müstəqilliyə gedən yolu da, təbii ki, Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev də qətiyyətlə bildirib ki, əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir. Liderin vəzifəsi dövləti qorumaq, xalqla bir yerdə olmaqdır. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir. 
Heydər Əliyevin siyasi varisi olaraq, Azərbaycan Prezidenti İlham Əliyev də daim xalq-iqtidar birliyinin qorunmasını təmin edib. Xalqın qayğı və ehtiyaclarının həlli daim dövlət başçısının prioritet hesab etdiyi məsələ olub. Məhz buna görədir ki, bu gün İlham Əliyev ictimaiyyət arasında böyük nüfuza malikdir. Səbəb aydındır: Prezident daim xalqın arasındadır, mütəmadi olaraq bu və ya digər şəhər və rayona səfərlər edir, yeni istehsal müəssisələrinin, o cümlədən iş yerlərinin açılışına qatılır. Yaxud Bakıda və regionlarda məcburi köçkün vətəndaşlarımız üçün inşa edilmiş yeni çoxmərtəbəli binaları, digər yaşayış komplekslərini açır. Şəhid ailələri ilə görüşərək onların problemlərini həll edir. Haradasa zəlzələ və ya başqa təbii fəlakət baş verirsə, Prezident dərhal oraya gedir, problemlərin aradan qaldırılması üçün öz köməyini göstərir. 
2019-cu ilin əvvəlindən isə ölkə əhalisinin rifahını yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə iki böyük sosial paket təqdim edildi, bu sahədə əsl inqilabi addımlar atıldı. Əgər ilin əvvəlində minimum əmək haqqı Azərbaycanda 130 manatdan 180 manata qaldılmışdısa, sentyabrın 1-dən 250 manata çatdırıldı. 
Şübhəsiz ki, Prezidentin 18 iyun 2019-cu il tarixli sərəncamı da bu qəbildən olan əvvəlki sərəncamlar kimi, əhali tərəfindən razılıqla qarşılandı. Şübhəsiz ki, Prezidentin atdığı addımlar bir məqsəd daşıyırdı -- ölkə əhalisinin rifahının yaxşılaşdırılması. Bu qərarlarla Prezident İlham Əliyev hər bir vətəndaşa qayğı və diqqətin dövlətimizin əsas prioritetlərindən olduğunu bir daha təsdiq etdi. Təsadüfi deyildir ki, dövlət başçımızın birinci islahatlar paketi, iqtisadçıların hesablamalarına görə, 3 milyon insanı əhatə etmişdisə, ikinci paket 2 milyona qədər  vətəndaşımıza şamil olundu.
Bu iki sanballı sosial islahatlar paketi əsasında əhalinin ən müxtəlif qruplarının sosial müavinətləri, pensiyaları, əməkhaqları artırıldı. Ölkə başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli, 992 nömrəli sərəncamın icrası ilə əlaqədar” fərman da elə bu məqsədlərə xidmət edirdi. Fərman əlilliyi olan şəxslərin müavinətlərinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tuturdu. İlin əvvəllərində Azərbaycan Respublikası Prezidentinin müharibə veteranları üçün təqaüdünün aylıq məbləği 55 manatdan 80 manata çatdırıldı. 
Bütövlükdə, 2019-cu il, Prezidentin təbiri ilə desək, sosial islahatlar ili kimi tarixə düşdü. İlin əvvəlindən bəri təkcə minimum əmək haqqı 120 manat qalxdı. Təhsil və tibb işçilərinin, başqa sahələrdə çalışanların məvacibində əhəmiyyətli artım oldu. Bütün bunlar son nəticədə insanlarımızın yaxşı yaşamasını təmin edir. Prezident İlham Əliyevin ardıcıl və davamlı şəkildə həyata keçirdiyi islahatların məqsədi də elə xalqımızın yaxşı yaşamasını təmin etməkdir. Bu istiqamətdə bütün mümkün siyasi və iqtisadi alətlərdən istifadə olunur. 
Son vaxtlar isə genişmiqyaslı kadr islahatlarına start verilib, hakimiyyətdə gəncləşmə, müasirləşmə siyasəti uğurla həyata keçirilir. Prezident Administrasiyasında, Nazirlər Kabinetində struktur islahatları aparıldı. Milli Məclisin yenilənməsi istiqamətində addımlar atılır. Bütün bunlar əhalidə böyük razılıq doğurur. Get-gedə xalq-iqtidar birliyi də möhkəmlənir. Prezidentin bütün seçkilərdə müvəffəqiyyət əldə edərək yüksək səs çoxluğu qazanması da, şübhəsiz ki, bununla bağlıdır. Prezident İlham Əliyev məhz buna görə deyib: “Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar da, yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları bunu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir. Əhalinin mütləq əksəriyyəti bizə alternativ görmür”.
Dövlət başçısı yeni gənc kadrları vəzifəyə təyin edərkən onlara da xalqla sıx ünsiyyətdə olmağı, vətəndaşları narahat edən məsələləri dərhal həll etməyi, bacarmadıqda yuxarı orqanlara məlumat verməyi tövsiyə edir. Qəti şəkildə tapşırır ki, ölkədə bütün xoşagəlməz hallara son qoyulmalı, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Prezident ictimai nəzarətin gücləndirilməsini tələb edir. Bildirir ki, özü də tez-tez rayonlara gedir, problemləri xalqın dilindən eşidir. Rəhbər vəzifələrə yeni təyin olunan gənclərdən də tələb edir ki, bütün problemlər həll edilməlidir. Ona görə də heç kəs problemləri malalamağa, ört-basdır etməyə çalışmasın. 
Bu addımlarla Prezident İlham Əliyev xalqın böyük dəstəyini qazanır, bütün opponentləri üzərində qələbə çalır. Son nəticədə xalq-iqtidar birliyi Azərbaycanda sarsılmaz gücə çevrilir. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

7 Dekabr 2019 22:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 09:24
SOS: Dərmanların yan təsiri...

Köhnə versiyamızdan xəbərləri izlə