Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alim ömrünün pozulmaz izləri

Alim ömrünün pozulmaz izləri

“Dünyada əbədi qalan bir şey var: içində həqiqət yazılmış kitab! Dünyada kitab yazmaqdan böyük əməl, tükənməz səadət yoxdur. Kitab haqqında kitab yazmaq isə daha böyük xoşbəxtlikdir...”. Bu fikirlər filologiya elmləri doktoru, Əməkdar elm xadimi Nizaməddin Şəmsizadənin on il bundan əvvəl tanınmış yazıçı, alim, filologiya elmləri doktoru İmaməddin Zəkiyevin 70 illik yubileyi münasibəti ilə dərc etdirdiyi “Kitab mədəniyyətimizin fədakar tədqiqatçısı” sərlövhəli məqaləsindəndir. Həmin xoşbəxt Azərbaycan aliminin hazırda 80 yaşı tamam olur.

 İmaməddin Zəkiyev orta məktəbi bitirərək bir il rayon qəzeti redaksiyasında çapçı işlədikdən sonra Azərbaycan Dövlət Universitetinə qəbul olunmuş və ali təhsilini 1963-cü ildə bitirmişdi. ADU-da və Bakı Mədəni-Maarif Texnikumunda (indiki Bakı Humanitar Kollecində) dərs deyə-deyə АМЕА Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətnşünaslıq şöbəsinin müdiri, Əməkdar elm xadimi, professor Əziz Mirəhmədovun elmi rəhbərliyi ilə namizədlik dissertasiyası üzərində çalışmışdır. “Sovet kəndi”, “Vışka” qəzetlərində, “Aprel çiçəkləri” (1960), “Uğur olsun” (1961), “Gənc qələmlər” (1967) ədəbi almanaxlarında şeirləri işıq üzü görmüşdür.
İ.Zəkiyevin yaradıcılığında elmi mövzularla yanaşı, ədəbi-tənqidi məqalələrə üstünlük təşkil etmişdir. Respublikamızın nüfuzlu ictimai-siyasi və elmi nəşrlərində onun müntəzəm olaraq yazıları çıxmışdır. BDU-nun “Dil və Ədəbiyyat” jurnalında, “Bakı Universitetinin Xəbərləri”ndə, M.F.Axundzadə adına Azərbaycan Dövlət Kitabxanasının “Elmi əsərləri”ndə, Mədəniyyət və İncəsənət Universitetinin “Mədəniyyət dünyası”nda, İstanbul və Egey universitetlərinin dünyaya yayımlanan elmi məcmuələrində, Türkiyədə çıxan “Kültür evreni” beynəlxalq dərgisində, Ukrayna, Qazaxıstan universitetlərinin “Elmi əsərlər”ində və s. nüfuzlu mətbuat orqanlarında yer almış dərin məzmunlu məqalələri ədəbi, elmi ictimaiyyətin və kütləvi oxucuların rəğbətini qazanmışdır. 
Klassik və müasir irsdən güclü yaradıcılıq təkanı alan müəllifin hər bir yazısı dilinin sadəliyi, oxucunu öz ardınca aparması və s. məziyyətləri ilə seçilirdi. Oxucu və tədqiqatçıların onun elmi axtarışlarına, yeni tapıntılarına istinad etməsini də həmin məntiqlə izah etmək olar.
İ.Zəkiyevin məqalələrində qədim elm, ədəbiyyat, incəsənət və mədəniyyət beşiklərindən biri olan Azərbaycanın tarixi həqiqətlərinə sədaqət, tədqiqat mərkəzinə çəkdiyi mövzulara elmi-tənqidi baxış və müasir yanaşma ruhu hakimdir. Yazdıqlarını elə ütüləyir ki, orada fikir ixtilaflarına səbəb olan bir yer qalmır. “Klassik irsin tədqiqi” (Ə.Mirəhmədov haqqında), “Üç əsri görmüş qubalı müdrik haqqında ilk kitab”, “Unudulmaz şairin unudulmuş irsi” (beyləqanlı Məsud ibn Namdar haqqında) və s. məqalələrində o, ədəbiyyatşünas alim və ədəbiyyat tənqidçisi kimi çıxış edir. “Təşəbbüs yaxşıdır, amma...” EA-nın nəşr etdiyi ilk “Kitabxana-biblioqrafiya terminləri lüğəti”nin səhvləri haqqında), “Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət”i (Ə.Mirəhmədovun eyni adlı kitabı haqqında), “İlk azəbaycanlı ensiklopediyaçı və nəşri dayandırılmış ilk Azərbaycan Ensiklopediyası” kimi araşdırmalarında, o, lüğətşünasa, leksikoqrafa daha çox bənzəyir. “IV-VII əsrlərin mənəvi mənzərəsinə bir baxış” , “VII-VIII əsrlərdə Azərbaycan kitabına doğma və yad münasibət”, “Azərbaycan kitabı IX-X əsrlərdə”, “İki əsrin üç parlaq siması”, “Kitab sandıqlarının açılmamış sirləri” və s. yazıları onun tanınmış ədəbiyyatşünas və kitabşünas alim olduğunu təsdiqləyən etibarlı zəmanətdir. “70 il qələm və fırça ustaları arasında” (Mövlanə Cəfər Təbrizi haqqında), “Sultan Məhəmmədin ömür kitabından səhifələr”. “Kitablar arasında keçən ömür” (K.Behzad haqqında), altı əsrdən sonra Azərbaycan oxucularına çatdırılan kitab və kitabxana tarixinə dair ilk “Naməlum “Hesabat”ın məlum mətni” və s. araşdırmaları kitab incəsənətinin sirlərinə müəllifin dərindən bələdliyinə şübhə yeri qoymur. 
Alimin məqalələrinin bir çoxunda tarixşünaslıq, mətnşünaslıq, azərbaycanşünaslıq metodologiyasından doğan klassik və müasir ənənələrə güclü meyil də özünü açıq büruzə verir. 
Yaradıcılığının ən məhsuldar dövrünü yaşayan İmaməddin Zəkiyev hər bir məqalə və kitabında bizi yeniliklərlə tanış edir. O, vətəndaşlıq fəallığı ilə seçilən, elm, ədəbiyyat, kitab, mədəniyyət ulduzlarının ideya irsininin işığına özünü borclu və minnətdar sayan ziyalıdır. Yazı sənətinə məhəbbət və tələbkarlığını elə ədalətlə bölür ki, bir sahədən digərinə keçəndə söz nəhri nə dayaz görünür, nə bulanıq. Bu mənada, “Vicdan meyar olanda”, “Alim ömrünün mənzərəsi”, “Yaxşılıq”, “Dost haqqında dost sözü”, “Cəfakeş alim” və s. məqalələri də diqqətəlayiq məziyyətləri ilə yadda qalır və onun yaradıcılığında önəmli yer tutur. 
“M.F.Axundovun naməlum avtobioqrafları”, “Əkinçi”ni vərəqləyərkən”, “Durğu işarələri tarixindən”, “İlk Azərbaycan kitabı “Avesta”, “M.F.Axundovun ilk milli mətbəə-nəşriyyat açmaq səyləri”, “Azərbaycanda kağız istehsalı tarixindən” (IX əsr), “Qədim Bərdə və Gəncə kitabxanalarının açılmamış səhifələri” (X-XI əsrlər), XIX əsr Azərbaycan ziyalısı “Rizvan Əlikli kimdir?” və s. məqalələri yenilikçilik ruhu ilə yadda qalır.
Bu müxtəsər qeydlərdən boylanan həqiqət, sanki, dil açıb deyir ki, İmaməddin Zəkiyev yazılarında oxucuya mötəbər söz demək bacarığını əsirgəməyən alimdir. Bunun kökündə əsrlərin sınağından qalib çıxmış klassik elm və ədəbiyyat incilərindən, mədəniyyət və incəsənət xadimlərinin əsərlərindən onun qaynar yaradıcılıq bulağı kimi istifadə etməsi, öyrənmək və öyrətmək məharəti durur. Bu məsuliyyəti duyan, dərk edən və qiymətləndirən görkəmli alim məqalələrinin birində çox doğru yazır ki, “Qələm səhv edərsə, əsər yazanda, əsər də gözdən düşər, əsər yazan da”. İmaməddin müəllimin üç minə qədər lakonik deyimlərindən biri olan bu tutarlı fikrə əlavə şərh veməyə lüzum görməsək də, deməliyəm ki, mən son vaxtlar onun yaradıcılığının bəzi özəlliklərini dərk edərkən məhsuldar yaradıcılığa malik bu alimi yenidən kəşf etdim. Belə bir inama kökləndim ki, oxuduqlarına və araşdırdığı mövzulara tənqidi yanaşmaq, insanlarla səmimi münasibət qurmaq və s. ibrətli cəhətlər İmaməddin Zəkiyevin həyat devizidir. 
İmaməddin müəllim 80 yaşında da qələminə dinclik verməyən geniş ürəkli alim və pedaqoqdur. O, “SSRİ maarif əlaçısı” adına (1981), “Tədrisdə əla müvəffəqiyyətinə görə döş nişanı”na (1987), “Əmək veteranı” medalına (1988), “Metodist müəllim” (1992), “Qızıl qələm” mükafatı laureatı (2001) adına, “Türk Dünyasının dostluq və qardaşlığının inkişafına xidmətlərinə görə” ödülünə (2011), digər mükafatlara layiq görülmüşdür. Tanınmış alim və yazıçının elmi, ədəbi və publisistik yaradıcılığı (400-ə qədər yazısı və 10 kitabı) haqqında bu yubiley məqaləsində əhatəli söz demək, şübhəsiz, çətin olsa da, mübaliğəsiz demək olar ki, müəllifin “Əsrlərin əks-sədası”, “Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)”, “Heyrət doğuran qeyrət”, “Qonaqkənddən başlanan yol”, “Ömürdən səhifələr” və s. kitabları da düşündürücü, istiqamətləndirici və maarifləndiricidir. Bu mənada, görkəmli alimin yaradıcılıq işi də Vətənə xidmətin ayrılmaz tərkib hissəsidir. 
Əməkdar elm xadimi, professor Abuzər Xələfov İ.Zəkiyevin “Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)” doktorluq dissertasiyasına opponent rəyində yazmışdır: “İmaməddin Zəkiyevin Azərbaycan kitabşünaslığına töhfəsini təkcə üç min illik dövrün tarixi mənzərəsini əks etdirən tədqiqatı ilə məhdudlaşdırmaq ən azı ədalətsizlik olardı. Azərbaycanın və xarici ölkələrin nüfuzlu mətbuat orqanlarında dərc olunmuş çoxsaylı məqalələrinin, kitab mədəniyyətinin inkişaf yoluna həsr etdiyi 6 kitabının görkəmli alimlərin, mütəxəssislərin əsərlərində, mətbuat səhifələrində dəfələrlə təqdir edilməsi ona “kitab mədəniyyətimizin görkəmli tədqiqatçısı” kimi dəyər verilməsi ana südü kimi halaldır”. 
Akademiklərdən İ.Həbibbəyli, M.Nağısoylu, T.Kərimli, T.Bünyadov, müxbir üzvlərdən Ə.Mirəhmədov, A.Nəbiyev, Əməkdar elm xadimlərindən N.Şəmsizadə, Q.Paşayev, M.Qasımlı, Məhəmməd Füzuli adına Respublika Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru P.Kərimov və başqa alimlər də İ.Zəkiyevin elmi xidmətlərini “fədakar alim əməyinin nəticəsi” kimi qiymətləndirmişlər. 
Ömrünün səksəninci ilini yaşayan İmaməddin Zəkiyev yaradıcılıqdan qalmır, səmərəli mütaliəyə vaxt ayırmağı da unutmur. Özü bu barədə belə deyir: “Biliksiz beyin susuz bulaq kimi quruya bilər, beyini bu təhlükədən yalnız mütaliə qoruya bilər”. 

 

Oqtay Əliyev,
yazıçı-publisist, naşir

7 Dekabr 2019 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə