Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt hadisələri ermənilər tərəfindən təşkil olunmuş təxribat idi

Sumqayıt hadisələri ermənilər tərəfindən təşkil olunmuş təxribat idi

Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Dövlətimizin başçısı Sumqayıt hadisələrinin mahiyyətini bir daha açaraq bəyan etmişdir ki, on nəfərə yaxın ermənini öldürən  qatil Ermənistan rəhbərliyi tərəfindən ona görə azadlığa buraxılıb ki, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edilərək ölkəmizə qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və ermənilər əsassız  ərazi iddiası qaldıraraq Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə silahlı müdaxiləyə başlamışlar. Qeyd etmək lazımdır ki, sovet dövründə bütün ölkədə beynəlmiləl şəhər kimi tanınan Sumqayıtı erməni qətllərinin törədildiyi bir məkan kimi təqdim etmək cəhdi əslində inanılmaz və absurd bir hal idi. Həmin hadisələrin törədildiyi 1988-ci il ərəfəsində hələ 40 yaşı tamam olmamış Sumqayıtda 83 millətin nümayəndələri bir ailənin üzvləri kimi yaşayıb işləyir, xalqların sınaqlardan çıxmış dostluğunu daha da gücləndirirdilər. 

Gənclik şəhərində olan “Sülh”, “Dostluq”, “Rustavi”, “Çerkassı”, “Kirovakan” adlı küçələr, “Rusiya” kinoteatrı, Xalqlar Dostluğu muzeyi, sülh rəmzi “Göyərçin” abidəsi, 15 sovet respublikasının qardaşlığını əks etdirən “Birlik” monumenti də Sumqayıtı beynəlmiləl bir şəhər kimi xarakterizə edirdi. “Sumqayıtın fəxri vətəndaşı” adına layiq görülmüş 28 nəfərdən üçü – SSRİ kimya sənayesi naziri Leonid Kostandov, inşaatçı Otanes Arutyunyan və şahmatçı Harri Kasparov erməni idi. Amma bütün bunlara baxmayaraq, nankor erməni millətçiləri “Sumqayıtda erməni genosidi!” deyə bağıraraq, bu şəhəri və bütövlükdə Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmağa çalışmış və məsələ qaldırmışlar ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması təhlükəlidir, onu Ermənistana birləşdirmək lazımdır.  
Statistik məlumatlara görə, 1988-ci ilin yanvarın 1-də Sumqayıtda müxtəlif millətlərdən olan 258200 nəfər yaşayırdı ki, onların da 14208 nəfəri erməni idi. Bu ermənilərin bir qismi “Qarabağ” və “Krunk” təşkilatlarına üzvlük haqqı verməkdən imtina edən, bu təşkilatların millətçilik və separatçılıq siyasətlərini qəbul etməyən adamlar idi. Çox güman ki, hadisələrin ssenarisi tutularkən 1961-ci il may ayının 1-də Sumqayıt şəhərində Sov.İKP MK-nın Birinci Katibi N.S.Xruşşovun “şəxsiyyətə pərəstiş siyasəti”nin əleyhinə etiraz nümayişinin baş tutduğu da nəzərə alınmışdı. Üstəlik, təşkilatçıların şəhərdə yaranmış gərgin ekoloji vəziyyətdən, sənaye müəssisələri ilə əhatə edilən ərazidə salınmış “gecəqondu”larda antisanitariya şəraitində yaşamaq məcburiyyətində olan yüzlərlə ailənin narazılığından da “qığılcım” kimi istifadə etmək niyyəti vardı...
Bu gün artıq istintaq materiallarından məlumdur ki, hadisələri törədənlərin ön cərgəsində xüsusi hazırlıq keçmiş təxribat qrupu getmişdir. Hadisələrə təhrik olunmuş yeniyetmələrə, müxtəlif cinayətkar ünsürlərə və yetkinləşməmiş gənclərə spirtli içkilər və narkotik maddələr qəbul etdirərək onları cuşa gətirən, sonra da “Qarabağ bizimdir!”, “Erməniləri qırın!”, “Ardımca!” şüarları ilə “Qarabağ Komitəsi”nə və “Krunk Cəmiyyəti”nə pul verməyən ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirən “kapitan” əvvəllər – 1979, 1981, 1982-ci illərdə 3 dəfə mühakimə olunaraq üst-üstə 9 il 2 ay 13 gün həbsxanalarda yatmış qatı cani, “Paşa” ləqəbli, 29 yaşlı erməni Eduard Qriqoryan idi. 1988-ci il 27-29 fevral hadisələrinin əvvəlcədən hazırlanmış ssenari üzrə erməni və ermənipərəst qüvvələr tərəfindən törədildiyini sübut edən kifayət qədər faktlar vardır.   
Xatırlatmaq yerinə düşər ki, ermənilərin Sumqayıtda bilavasitə özlərinin törətdikləri antierməni iğtişaşlarından sonra Ermənistandan azərbaycanlıların mütəşəkkil surətdə, zorla, silah gücünə qovulması həyata keçirilməyə başlandı. 1988-ci il noyabr ayının 28-dən dekabrın 7-dək erməni separatçıları və millətçiləri basqın edib azərbaycanlılar yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinin sakinlərini kütləvi surətdə ata-baba yurdalarından çıxartdılar. Həmin günlərdə 217 nəfər azərbaycanlı öldürülmüşdür ki, onlardan 57-si qadın, 5-i körpə uşaq, 18-i isə yeniyetmə olmuşdur. Qırğın Ermənistanın 19 rayonunda və 11 şəhərində törədilmişdir. Kənd rayonları arasında Quqark və Vardenis (Basarkeçər), şəhərlər arasında isə Masis (Zəngibasar) bölgəsində daha çox azərbaycanlı öldürülmüşdür.
Sonrakı mərhələdə isə Dağlıq Qarabağ münaqişəsi alovlandırılmış, muxtar vilayətə daxil olan 5 və onun ətrafında yerləşən 7 rayon Ermənistan tərəfindən işğala məruz qalmış, 1 milyon soydaşımız doğma yurd-yuvasından qaçqın düşmüşdür.  
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdəki geniş nitqində o vaxtkı Azərbaycan rəhbərliyinin respublikanı idarə edə bilmədiyinə, xalq ilə hakimiyyət arasında dərin uçurum yarandığına da diqqəti cəlb etmişdir: “Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi”. 
Məlumat üçün xatırladaq ki, Dağlıq Qarabağda əhalinin sayı 30 faizi  azərbaycanlılar idi. Dağlıq Qarabağda erməni millətçiləri vilayəti Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırırdılar. Təəssüf ki, respublikanın o vaxtkı rəhbərliyi bu məsələyə çox biganə yanaşır, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da kök sala bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi. Məqsəd aydın idi: Sumqayıtda iğtişaş törədilsin və sonra məsələ qaldırılsın ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmədikləri üçün Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir. 
Sumqayıt hadisələrindən 31 il keçir. Mənfur qonşularımız millətimizə qarşı məkrli ideoloji təbliğatda bu hadisələrdən də silah kimi istifadə edirlər. Amma ataların bir sözü var ki, haqq nazilsə də, üzülməz. Çoxdan, özü də tutarlı faktlarla əsaslandırılıb ki, Sumqayıt olayları Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına və keçmiş SSRİ-nin dağılmasına təkan verəcək vasitələrdən biri kimi düşünülmüşdü. 
Nə qədər ki, Heydər Əliyev Moskvada yüksək vəzifə tuturdu, ermənilərin adekvat cəhdlərinin qarşısını qətiyyətlə alırdı. Ulu öndər vəzifədən gedəndən sonra Azərbaycan açıq şəkildə hədəfə çevrildi. Fransa Erməni İnstitutunun və Erməni Veteranları Assosiasiyasının təşkil etdiyi qəbulda akademik Abel Aqanbekyan bu fikri çəkinmədən dilə gətirdi:” Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır”. Mixail Qorbaçovun əlaltısı olan birisinin bu çıxışı 1987-ci ilin noyabrında Parisdə nəşr olunan “Humanite” qəzetində dərc ediləndən dərhal sonra separatçı meyllərə yaşıl işıq yandırıldı. Qəzəblənən Azərbaycanı etiraz dalğası, ruhlanan Ermənistanı isə milli ədavət və türkləri deportasiya etmək meyilləri bürüdü. Bədnam “Qarabağ” və “Krunk” təşkilatları tezliklə açıq fəaliyyətə başladılar. Azğın qonşular Ermənistanda yaşayan soydaşlarımıza hədə-qorxu gəlir, onları təhqir edir, əmlaklarını əllərindən alır, dədə-baba yurdlarından qovurdular. 1988-ci il fevralın 22-də Əsgəranda iki ağdamlı gənc düşmən gülləsinin qurbanı oldu: ilk qan töküldü. Masis və Qafan rayonlarında vəziyyət daha da gərginləşdi, ilk qaçqın axını Azərbaycana üz tutdu. Fevralın 26-da şair Silva Kaputikyan televiziya ilə erməni xalqına müraciət etdi, Qorbaçovun onları dəstəklədiyini və onun Qarabağla bağlı tarixi “ədalətsizliyi” aradan qaldıracağını söylədi. Beləliklə, hələ də Moskvanın, Kremlin haqqın, ədalətin tərəfində duracağına inamını itirməyən azərbaycanlılar çaşqın halda nəyi isə gözlədikləri bir vaxtda “Böyük Ermənistan” ideoloqları əzəli ssenarilərinin növbəti səhifəsini həyata keçirirdilər. Hadisələrin davamını çox gözləmək lazım gəlmədi. Bir gün sonra məlum Sumqayıt hadisələri törədildi. Şəhərə daxil olan təxribat qrupları əhali arasında ekstremist əhval-ruhiyyəli iş aparmağa başladılar. Şəhərin müxtəlif yerlərində adamları başına toplayan meşin gödəkçəli naməlum şəxslər özlərini Ermənistandan qaçmış soydaşlarımız kimi qələmə verir, ermənilərin onlara necə divan tutmalarından danışırdılar. Araqızışdıranların səyləri təsirsiz qalmadı. Onlar hələ yetkinləşməmiş gəncləri inandırıb cürbəcür şüarlarla meydana topladılar. Mitinqlər başlandı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları eşidildi. Şəhərin başbilənləri əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi. Elə həmin andan qanunazidd hərəkətlər baş alıb getdi. Fevralın 28-29-da təxribatçı erməni dəstələri şəhərin emosiyalara uymuş gənclərinin kortəbii axını ilə faciəli hadisələrə yol açdılar. İki gündə 50-dən artıq mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomaşın sıradan çıxarıldı, 200-dən artıq mənzil talan edildi, 400-dən çox adam bədən xəsarəti aldı. Qanlı aksiyalarda 26-sı erməni olmaqla 32 nəfər sakin qətlə yetirildi. 
Üç gün ərzində şəhərdə sabitliyi bərpa etmək naminə heç bir tədbir görməyən hakimiyyət dairələri yalnız dalğa yatandan sonra, martın 1-də Sumqayıtda fövqəladə vəziyyət elan etdilər. Bundan sonra komendant saatı və pasport rejiminin heç bir mənası yox idi. Amma, görünür, bu, Moskvadan göndərilmiş istintaq qrupunun rahat işləməsi üçün lazım imiş. Hadisələrə görə minə yaxın adam şübhəli şəxs qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər mühakimə edildi. Dəstə başçısı Eduard Qriqoryana 12 il, dəstə üzvü Taleh İsmayılova isə 15 il həbs cəzası verildi. Əhməd Əhmədov erməni lobbisinin hay-küyü ilə güllələndi. İkinci qrup əlil olan Elçin Gəncəliyev istintaq dövründə işgəncələrə dözməyərək təcridxana kamerasında özünü asdı.
Sumqayıt hadisələrinin əsas icraçısı olan Qriqoryanın arxasında dayanan qüvvələrsə onu hər vəchlə cəzadan qurtarmağa çalışırdılar. Təşkilatçılar “Paşa”nın əməllərini gizlədir, qəsdən başqasını başçı kimi qələmə verirdilər. Çox çəkmədi ki, Sumqayıtda həbs edilib cinayət məsuliyyətinə cəlb edilən “Paşa” erməni lobbisinin və Moskvadakı havadarlarının köməyi ilə Azərbaycandan alınıb Stavropol diyarına göndərildi. Onu müdafiə edən erməni kütləvi informasiya vasitələri Qriqoryanın haqsız tutulduğunu yazırdı. Qatı cinayətkarın cəzası sonradan 9 ilə endirildi. Gözdən pərdə asmaqdan ötrü həbsə atılan qatil sonradan “xidmət”lərinə görə Ermənistana  aparılaraq azadlığa buraxıldı və o, indiyə kimi də qazanmış olduğu yüksək imtiyazlardan gen-bol bəhrələnməkdədir.   
Martın 1-də Sumqayıtda komendant saatı tətbiq olunandan sonra general-leytenant V.Krayev şəhərə komendant təyin edilmişdir. Onun əmri ilə bütün erməni ailələri evlərindən çıxarılaraq şəhər partiya komitəsinin akt zalına, mədəniyyət evlərinə, sanatoriyalara yerləşdirilmişdir.  O zaman yüzlərlə sumqayıtlı tutulub milis şöbəsinə aparılmış, hüquqazidd şəkildə dindirilmiş və incidilmişdir. Əslində isə azərbaycanlı ailələr bir çox ermənini öz evlərində gizlətməklə “Paşa”nın cinayətkar dəstəsindən qorumuşdu. Şəhərin komendantı Moskvada çap olunan “Pravda” qəzetinin 21 mart 1988-ci il tarixli sayındakı müsahibəsində bu barədə demişdi: “Ölüm çox ola bilərdi, əgər yerli əhali kömək etməsə idi. Bir avtobus sürücüsü elə həmin gün 10 erməni ailəsini öz doğma rayonu Şəkiyə aparıb”... 
Sumqayıtda “uğur”la həyata keçirilən erməni təxribatından ikicə gün sonra Xankəndində “Sumqayıt genosidi” qurbanlarına abidə ucaldılması təxribatı ermənilərin özlərinin törətməsini sübut edən aşkar faktdır…     
Sumqayıt hadisələrini uzun müddət tədqiq etmiş  Əməkdar jurnalist Eyruz Məmmədov yazdığı kitablarda tutarlı faktlarla bir daha əsaslandırır ki, SSRİ-nin dağıdılması məhz Dağlıq Qarabağdan başlanıb. Əgər süni yolla yaradılan bu ocaq vaxtında söndürülsə idi, bəlkə heç ittifaq da dağılmazdı. Sumqayıt olayları isə Qarabağın Azərbaycandan qoparılmasına güclü təkan verəcək vasitələrdən biri kimi düşünülmüşdü.
Bildiyimiz kimi, Sumqayıtda törədilmiş cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədi ilə bir neçə il əvvəl Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu Sumqayıt şəhərində törədilmiş kütləvi ixtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələmiş və istintaqın hərtərəfli aparılmasına başlanmışdır. İstintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxmış, bu hadisələrin əsas sifarişçi və təhrikçilərinin Qorbaçov, sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin olması müəyyən edilmişdir. İstintaq qrupu tərəfindən aparılmış istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti - Dağlıq Qarabağın Azərbaycandan qoparılması üzrə mübarizənin “rəsmi səbəbi” kimi qanlı təxribat olması tam sübuta yetirilmişdir.
Erməni mətbuatı Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi barədə iddialarını bu gün də davam etdirir və bununla da həmin hadisələrin azərbaycanlılar tərəfindən bilavasitə ermənilərin əleyhinə yönəldilmiş hərəkət kimi təqdim etməyə çalışırlar. Onların həmin iddialarına rəğmən, qeyd edilən cinayət işləri öyrənilərkən müəyyən edilmişdir ki, Sumqayıt hadisələri ilə əlaqədar şəhərə qoşun hissələri yeridilərkən 5 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmuş və işin icraatına əsassız olaraq xitam verilmişdir...
Prezident İlham Əliyevin Sumqayıtın 70 illik yubiley tədbirində şəhərin şanlı tarixinin parlaq səhifələri ilə bərabər, məlum hadisələri də xatırlaması əslində gənclərin tarixi həqiqətləri olduğu kimi bilmələri zərurətinə xidmət edir. Qeyd olunan hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, ermənilər hələ də dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu hadisələrin mahiyyəti ilə əlaqədar aldatmağa çalışmaqdan əl çəkmirlər. Onlar Sumqayıtda törədilmiş hadisələrin əsl məğzini gizlədərək, Azərbaycan xalqını günahkar qismində dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar.
Həqiqətin üstünə nə qədər çox işıq tutulsa, qaranlıq mətləblərə nə qədər çox aydınlıq gətirilsə, ermənilərin şər və böhtan kampaniyası ifşa edilər. Dünya ictimaiyyəti də kimin haqlı, kimin haqsız olduğunu bir daha yəqin edər.     

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

7 Dekabr 2019 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə