Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzuli: iqtisadi-sosial uğurlar artdıqca ümumi rifah da yüksəlir

Füzuli: iqtisadi-sosial  uğurlar artdıqca ümumi rifah da yüksəlir

Təqvimdə ölkə həyatının bütün sahələrində yeni uğurlar və yüksəlişlə əlamətdar olan daha bir ilin son ayıdır. Digər sahələrdə işlər davam etsə də, kənd təsərrüfatında mövsümi işlər başa çatmışdır. Füzuli rayonuna növbəti səfərimiz də bu mövsümdə əldə edilmiş nailiyyətlərin ümumiləşdirildiyi günlərə təsadüf etdi.

Füzuli Rayon İcra Hakimiyyətindən aldığımız arayışlardan yaranan ilkin qənaət bu oldu ki, 2019-cu təsərrüfat ili də  Füzuli rayonunda uğurlu nəticələrlə yadda qalacaq.  Hələlik əldə olan 3 rüblük və 11 aylıq statistika göstərir ki, rayonda bütün sahələrdə inkişaf, iqtisadi artım qeydə alınmış, qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur. İlin əvvəlindən rayonun makroiqtisadi göstəriciləri dinamik inkişaf etmiş, ayrı-ayrı sahələr üzrə istehsalın və xidmətin həcmi artmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir.
Ötən aylarda məhsul istehsalının ümumi həcmi 157,4 milyon manatlığa çatmış, ötən ilə nisbətən 7,3  faiz artıma nail olunmuşdur. Adambaşına düşən məhsulun həcmi isə 1186,3  manatlıq  olmuş, əvvəlki ilə  nisbətən 13 faiz artmışdır.  Ümumi məhsulun 77,7 milyon manatlığı (49,3 faiz) istehsal, 79,7 milyon manatlığı isə (50,7 faiz) xidmət sahələrinin payına düşür. 
Sənayedə 13  milyon manatlıq (ümumi məhsulun 8,3 faizi), kənd təsərrüfatında 87,4 milyon manatlıq (55,5  faiz) məhsul istehsal olunmuş, tikintidə  8,1 milyon manatlıq (5,1 faiz) inşaat-quraşdırma işləri aparılmış, nəqliyyat və rabitədə  800 min manatlıq ( 0,5 faiz), ticarətdə 48,1 milyon manatlıq (30,6 faiz) xidmətlər göstərilmişdir. Ötən illə müqayisədə sənayedə 2 faiz, kənd təsərrüfatında 11,1 faiz, tikintidə 4,2 faiz, nəqliyyatda 1,2 faiz,  rabitədə 7,3 faiz, ticarətdə 2,3 faiz artım əldə edilmişdir.
Rayonun aqroiqlim xüsusiyyəti, münbit torpaqları və digər potensialı kənd təsərrüfatının inkişafına əlverişli şərait yaradır. Bütün bunlara görə Füzuli ölkənin qabaqcıl aqrar rayonlarından sayılır. Bir sıra əkinçilik məhsullarının həcminə və məhsuldarlığına görə rayonun göstəriciləri həmişə xüsusi seçilir. Bu il də kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticələr əldə edilib. 
Strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev respublikada ərzaq bolluğunun yaradılması məqsədilə ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması tələbinə uyğun olaraq, rayonda son illərdə hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı yaradılmış, 500 hektar sahədə isə toxumçuluq təsərrüfatı təşkil olunmuşdur.  
Məhz bu diqqət və qayğının nəticəsidir ki, artıq səkkizinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasında öz yerini qoruyub saxlayır. Bu mövsümdə ötən ildəkindən 664 ton çox--115 min ton taxıl yetişdirilib-toplanmışdır. Hər hektarın məhsuldarlığı respublika səviyyəsindən yüksək--31 sentner olmuşdur. Ümumiyyətlə, son 8  ildə  füzulililər 900 min tondan artıq taxıl istehsal etmişlər.
Kənd təsərrüfatının inkişafı ilə bağlı Strateji Yol Xəritəsinə uyğun olaraq, 2700 hektar torpaq sahəsində isə müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edən Aqropark təşkil edilmişdir. Rayonda ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın inkişafı da diqqət mərkəzindədir.
Füzulinin ərazisinin böyük hissəsinin işğal altında olmasına, yaşayış məntəqələrinin çoxunun təmas xəttində yerləşməsinə baxmayaraq, baramaçılığın keçmiş şöhrətini geri qaytarmağı və ənənəvi təsərrüfatçılığın bu sahəsində ölkədə ön sırada olmağı hədəfləyən füzulililər bu il də istəklərinə nail olmuşlar. Rayon kümçüləri barama tədarükü ilə bağlı tapşırığı yenə respublikada birinci yerinə yetirərək, 50 min tonadək barama tədarük etmişlər.
Rayonda olarkən öyrəndik ki, ümummilli lider Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etdiyi illərdə baramaçılıq Füzuli rayonunda yüksək inkişaf etmiş və gəlirli sahələrdən olmuşdur. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq Prezident İlham Əliyevin həyata keçirdiyi önəmli tədbirlər nəticəsində 2016-cı ildə yenidən bərpa edilmişdir. Həmin il rayonda 3,3 ton, 2017-ci ildə 24,4 ton,  keçən il 37,5 ton yaş barama istehsal olunmuşdur. Kümçülər  2017-ci ildə ildə barama istehsalından 230 min manat, ötən il 340 min manat, bu il isə  450 min manat qazanc əldə etmişlər. 
Pambıqçılar isə bu mövsümdə rayonun torpaq-iqlim şəraiti imkan verdiyi həcmdə-- 800 hektarda çiyid səpmiş, 1624 ton məhsul hasilə gətirmişlər. Meyvə- tərəvəz istehsalında da ötən ilin göstəriciləri arxada qalmışdır. Əkinçilik sahəsində  artım əsasən məhsuldarlığın yüksəldilməsi hesabına əldə edilmişdir. 
Hazırda rayonda iri malın sayı  337 min  başı ötmüş, qoyun və keçilər 141 min, ev  quşları isə 376 min  başa çatmışdır. Bu say artımına uyğun olaraq, heyvandarlıq məhsulların istehsalı da yüksəlmişdir. İndiyədək ət istehsalı 2,3 min ton, süd 22 min ton, yumurta 14 milyon ədəd, yun  250 ton olmuşdur. 
Sahibkarlığın inkişafına da ciddi fikir verilir. “Azərxalça” ASC-nin Horadiz şəhərində yaradılmış filialında  toxunan Qarabağın tarixi çeşnili xalçaları Azərbaycan brendi altında artıq dünyanın müxtəlif ölkələrinə ixrac olunur. İqtisadi-təsərrüfat fəaliyyətinin inkişaf etdirilməsi ilə ilin əvvəlindən rayon büdcəsinə 3 faiz çox– 4 milyon 429,9 min manat vəsait daxil olmuşdur. 
Həyata keçirilmiş tədbirlər nəticəsində rayonun 132,7 min nəfər ümumi  əhalisinin 61,2 mininin məşğulluğu təmin edilmişdir.  Bu il daha 1427 yeni iş yeri qeydə alınmışdır. Əhalinin  həyat  şəraitini  daha  da  yaxşılaşdırmaq, respublikanın  müxtəlif  şəhər  və  rayonlarında yaşayan məcburi köçkünlərlə əlaqə  saxlamaq, onların  qayğı  və  müraciətlərini  həll  etmək üçün bütün zəruri tədbirlər həyata keçirilir. Vaxtaşırı kəndlərdə və füzulili köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda təşkil olunan səyyar görüş və qəbullarda səslənən arzu və təkliflərə həssas və  operativ münasibət də problemlərin həllində önəmli rol oynayır.
Yaxın günlərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Babı kəndində keçirilən növbəti səyyar qəbul-görüşü bu baxımdan daha işgüzar keçmiş və faydalı olmuşdur. Həmin görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev də iştirak etmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq– mühafizə orqanlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi fəal müzakirədə hər bir dövlət məmurunun, vəzifəli şəxsin vətəndaşların problemlərinin həllinə maksimum diqqət və canıyananlıqla  yanaşması ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tələbə uyğun söhbət getmişdir. Səyyar qəbul-görüşdə aşkarlığa, təşəbbüskarlığa meydan verilmiş və buna müvafiq həssaslıq göstərilmişdir.
Açıq səma altında müzakirədə çıxış edən rayon rəhbəri bu cür görüşlərin dövlət başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini bildirmiş, son dövrdə rayonda sosial sahədə görülən davamlı işlərdən söz açmışdır. O qeyd etmişdir ki,  Prezidentin sosial sahə ilə bağlı qərarları, fərman və sərəncamları inqilabi xarakter daşıyır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanın dövlət siyasətinin əsas xəttini təşkil edir.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri müraciət, təklif və şikayətlərin bir qismi rayon başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə üçün nəzarətə götürülmüşdür. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Yeri gəlmişkən qeyd edək ki, 1993-cü ilin avqust ayında işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü il yanvarında ümummilli lider Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edildikdən sonra Horadizdə və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində  ulu öndərin rəhbərliyi ilə dərhal genişmiqyaslı və ümumi bərpa layihələrinə start verilmişdir. Qısa müddətdə erməni vandallarının qarət edib viran qoyduqları ərazilərdə  dağıdılmış və yandırılmış infrastruktur yenidən qurulmuş, məcburi köçkünə çevrilmiş füzulililər hissə-hissə doğma yurdlarına qayıtmışlar.
Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində 2003-cü ildə II Qayıdış, 2007-ci ildə 5 Zobucuq qəsəbəsi,­ ­2016-cı ildə isə sonuncu fin evlərdə yaşayan sakinlər üçün 400 evlik yeni qəsəbə salınmışdır. Hazırda həmin qəsəbələrdə 20 mindən artıq məcburi köçkün yaşayır. Ölkə başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq rayonun işğaldan azad olunmuş ərazisində məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və digər zəruri məişət ehtiyacları tam ödənilir. 
Son 6 ildə Prezident İlham Əliyev 4 dəfə Füzulidə olmuş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 sərəncam imzalamışdır. Ölkə rəhbərinin rayona səfərləri zamanı Horadiz şəhərində yeni tikilmiş bir sıra sosial obyekt, yeni köçkün şəhərcikləri və çox sayda bərpa edlmiş tikili istifadəyə verilmişdir. Son illərdə əksər kommunikasiya və yollar yenilənmişdir.
Dövlət proqramına uyğun olaraq, rayonun işğaldan azad edilmiş ərazisindəki 39 yaşayış məntəqəsinin hər biri mavi yanacaqla təmin olunmuş, ərazidə qazlaşdırma 100 faizə çatdırılmışdır. Son 10 ildə 3 min 860 şagird yerlik 23 məktəb binası tikilmiş, 2 min 180 şagird yerlik 12 məktəb binası əsaslı təmir olunmuşdur. Yaşayış məntəqələrində tikinti-quruculuq, abadlıq işləri bu gün də sürətlə davam edir. Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğı və diqqətini respublikanın digər bölgələrində olduğu kimi, füzulililər də daim hiss edirlər. Fond  rayonda 4 böyük layihə həyata keçirmişdir. 
Füzuli rayonundan belə bir təəssüratla ayrıldıq ki, Prezident ­İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll olunması, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları rayonunda daim diqqət mərkəzində saxlanılır. Dövlətin fəal, ardıcıl dəstəyi ilə aparılmış geniş quruculuq işləri insanların həyat səviyyəsini durmadan yüksəldir, onların sabaha inamını və qurub-yaratmaq əzmini daha da gücləndirir. 

 

Ziyəddin SULTANOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

7 Dekabr 2019 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə