Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Tibb Universitetinin 100 yaşlı kafedrası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin ali təhsil sisteminin bayraqdarı olan Bakı Dövlət Universitetinin yaranmasının 100 illik yubileyinin bu il noyabrın 26-da dövlət səviyyəsində təntənə ilə qeyd edilməsi bütün təhsil işçiləri kimi, ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşları tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılandı.  Bu kafedra Bakı Universiteti və onun Tibb fakültəsinin nəzdində “Normal anatomiya kafedrası” adı altında elə həmin ildə yaradılıb. Sonradan – 1930-cu il may ayının 9-da Bakı Universitetinin (indiki BDU) Tibb fakültəsinin maddi-texniki və professor-müəllim heyətinin intellekt potensialı bazaları əsasında yaradılan Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) tərkibində də Normal anatomiya kafedrası öz fəaliyyətini uğurla davam etdirib. Azərbaycan Tibb Universiteti və onun bir sıra kafedraları, o cümlədən Normal anatomiya kafedrası Bakı Dövlət Universitetinin həm bu günü, həm də onun 100 il bundan əvvəlki şərəfli tarixi ilə sıx tellərlə bağlıdır və onunla üzvi vəhdət təşkil edir. 90 yaşlı Azərbaycan Tibb Universitetinin 100 yaşlı kafedralarından olan indiki İnsan anatomiyası və tibbi terminologiya kafedrası Vətənimizin hər iki təhsil və elm ocağını özü üçün “Alma mater” sayır, onlarla fəxr edir və qürur duyur.

Bakı Universitetinin ilk rektoru olan Əməkdar elm xadimi, görkəmli cərrah-anatom, professor Vasili Razumovski həm də Normal anatomiya kafedrasının ilk müdiri vəzifəsini yerinə yetirib. O, 1919-cu il noyabrın 20-də Bakı Universitetində “Tibbə və anatomiyaya giriş” mövzusunda ilk mühazirə oxuyub. Bununla da Azərbaycanda ali tibb təhsilinin təməli qoyulub. Alim 1920-ci ilin may ayında (bolşeviklər Azərbaycanı işğal etdikdən sonra) vətəni Saratova qayıdıb. Normal anatomiya kafedrasına 1920-1922-ci illərdə müvəqqəti olaraq prozektor Corbəy Urusov, 1922-1926-cı illərdə professor Konstantin Malinovski, 1926-1937-ci illərdə professor Nikolay Anserov rəhbərlik ediblər. 
1932-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun ilk rektorlarından olan görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyev göstəriş verib ki, bütün kafedralarda milli dildə dərsliklər yazılsın. Normal anatomiya kafedrasında bu iş kafedranın dosenti Kamil Balakişiyevə tapşırılıb. Alim keçən əsrin 30-cu illərində ilk dəfə türk (Azərbaycan) dilində latın qrafikası ilə dərslik və dərs vəsaitləri yazaraq azərbaycanlı tələbələrin, eləcə də müəllimlərin işini xeyli asanlaşdırıb. 1937-ci ildə K.Ə.Balakişiyev doktorluq dissertasiyası müdafiə etdikdən sonra N.Anserov Moskvaya gedib və 1937-1973-cü illərdə kafedraya Əməkdar elm xadimi, professor Kamil Balakişiyev rəhbərlik edib. Yalnız bu dövrdən etibarən həm kafedrada milli kadrların hazırlanmasına, həm də onun nəzdində fəaliyyət göstərən tədris muzeyinin zənginləşdirilməsinə və inkişafına xüsusi diqqət yetirilib. Yarandığı vaxt cəmi 6 nəfər əməkdaşa malik olan kafedranın işçilərinin sayı K.Balakişiyevin rəhbərliyi dövründə 25 nəfərə, muzey eksponatlarının sayı 300-dən 5 minə çatdırılıb.  K.Balakişiyevin rəhbərlik etdiyi kafedrada Əlisəttar Sultanov, Asya Belenkaya, Məmmədsadıq Abdullayev, Gülağa Hacıyev, Məmməd Cahangirov, Rafiq Əsgərov doktorluq, həmçinin Ağa Mehdi Əlizadə, Əli Şuşinski, Rəfi Muğanlinski, Səlim Həsənov, Bikəxanım Əlizadə, Şükufə Rəhimova, Əbusaleh Salayev və başqaları tibb elmləri namizədliyi üzrə dissertasiya müdafiə ediblər.
Kafedranın maddi-texniki bazası tədricən genişləndirilib, lakin müxtəlif illərdə onun yeri beş dəfə dəyişdirilib və nəhayət, 1953-cü ildə tikintisi başa çatdırılan və 300 yerlik yüksək akustikalı mühazirə zalına – Anatomik Teatra malik anatomiya korpusu istifadəyə verildikdən sonra kafedra əməkdaşları üçün normal şərait yaradılıb.
 Professor K.Balakişiyev 1953-cü ildə Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyətini yaradıb və həyatının sonuna qədər onun rəhbəri olub. O, 1948-1959-cu illərdə yazdığı dördcildlik “İnsanın normal anatomiyası” adlı unikal dərsliklərin, “Anatomiya, histologiya, embriologiya” adlı terminologiya kitabının, Paris Anatomik nomenklaturası əsasında Azərbaycan, latın və rus dillərində yazılmış “Anatomik nomenklatura” kitabının, muzey haqqında kitabçanın, çoxsaylı dərs vəsaitləri və digər kitabların, 110-a qədər elmi işin müəllifi olub. O, Azərbaycan Respubikası Elmlər Akademiyası nəzdindəki Tibbi Terminologiya Komitəsinin sədri, müalicə-profilaktika fakültəsinin dekanı, 17 il ATİ-nin tədris işləri üzrə prorektoru vəzifələrində çalışıb. Kamil müəllimin yetirmələrindən olan B.Əlizadə ATİ-nin partiya komitəsinin katibi, S.Həsənov prorektor, M.Abdullayev dekan və histologiya kafedrasının müdiri, Ş.Rəhimova dekan, İ.Zəkiyev dekan müavini və tələbə qəbulu komissiyasının üzvü, M.Cahangirov Operativ cərrahlıq və topoqrafik anatomiya, eləcə də Patoloji anatomiya kafedralarının müdiri, Ə.Salayev və M.Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Anatomiya kafedrasının müdiri vəzifələrində çalışıblar.
1973-1990-cı illərdə kafedraya Əməkdar ali məktəb işçisi, professor Gülağa Hacıyev rəhbərlik edib. O, 250 elmi işin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi olub, uzun illər Stomatologiya fakültəsinin dekanı vəzifəsində işləyərək, 9 nəfərin (Vaqif Şadlinski, Elmira Ocaqverdizadə, Eldar Qasımov, Mübariz Allahverdiyev, Zakir Mahmudov, Şöhrət Qasımov, Ziya Rəhimov, Ağasəmid İsayev, Misir Bayramov) namizədlik dissertasiyasının elmi rəhbəri olub. E.Qasımov 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Histologiya, embriologiya  və sitologiya kafedrasına  keçib və indiyədək həmin kafedranın  müdiri vəzifəsində çalışır.
1990-1995-ci illərdə kafedraya  Əməkdar elm xadimi, professor Rafiq Əsgərov rəhbərlik edib. O, 250-dən çox elmi işin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, muzeyin tarixinə dair kitabların müəllifidir. Alim, həmçinin Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasının müdiri, Fəhlə fakültəsinin dekanı, ATU-nun elmi işlər üzrə prorektoru vəzifələrini yerinə yetirib, 10 nəfərin (Elçin Xıdırov, Qətibə Abdullayeva, Azər Dəmirov, Gülnarə Kərimzadə və b.) namizədlik dissertasiyasına elmi rəhbərlik edib. Hazırda kafedrada professor- məsləhətçi vəzifəsində çalışır.  
Əməkdar  elm xadimi, professor Məmmədsadıq Abdullayev 250 elmi işin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, bir neçə kitabın müəllifi olub. O, 1988-ci  ildən ömrünün sonuna qədər İnsan anatomiyası kafedrasının professoru vəzifəsində çalışıb, bu kafedrada 3 nəfərin (Gülqız Hüseynova, Zərifə Nəsirova, Anar Abdullayev) namizədlik dissertasiyası işinin elmi rəhbəri olub. 
1995-ci ildən indiyə qədər kafedraya Rusiya Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski rəhbərlik edir. Bu dövr kafedranın ikinci fundamental inkişaf dövrü adlandırılır. Məhz bu dövrdə kafedrada yeni “Dayaq-hərəkət aparatı muzeyi”, unikal tədris və elm mərkəzi təşkil edilib, auditoriya fondu 4 otaqdan 32-yə, mühazirə zalları 1-dən 3-ə, kafedranın sahəsi 1070 kvadratmetrdən 3500  kvadratmetrə çatdırılıb. Tədris otaqları ən yeni tədris ləvazimatları, kompüterlər, videoların nümayişi üçün televizorlarla təchiz olunub. Kafedraya verilən planşetlər fənnin tədrisinin keyfiyyətinə müsbət təsir göstərir. Kafedrada həm tələbələr, həm də müəllimlər üçün ayrılıqda iş aparmaq üçün elmi laboratoriya otaqları təşkil edilib. Professor V.Şadlinskinin məsləhətçiliyi ilə 7 elmlər doktoru dissertasiyası işi (N.Mövsümov, M.Allahverdiyev, A.İsayev, E.Xıdırov, B.Hüseynov, G.Hüseynova, N.Əliyev), 17 tibb elmləri üzrə fəlsəfə doktoru (Arifə Məmmədova, Sədaqət Rüstəmova, Rəna Qafarova, Balakişi Hüseynov, Nailə Əliyeva, İnarə Bayramova, Ülviyyə Cəfərova, Təranə Qasımova, Güney Qəniyeva, Nigar Mustafayeva, Təranə Sultanova, Sevda Qarayeva) və başqaları dissertasiya işlərini yerinə yetiriblər. Son 25 ildə bütövlükdə kafedrada 8 elmlər doktoru, 29 tibb elmləri üzrə fəlsəfə doktoru hazırlanıb. Professor V. Şadlinski 600-ə yaxın elmi əsərin, o cümlədən 12 monoqrafiya, 28 dərslik və  dərs vəsaitlərinin, 19 metodik tövsiyənin, 2 səmərələşdirici təklifin, onlarca elmi-kütləvi məqalənin müəllifidir. Görkəmli alimin qələmə aldığı “Anatomiya atlası” kitabı Şərq ölkələri tarixində ilk anatomik atlasdır. Alim, həmçinin müasir dövr üçün latınca, Azərbaycanca, rusca, ingiliscə tərtib etdiyi “Anatomik terminologiya” kitabının, həmmüəlliflərlə birlikdə Azərbaycan, rus və ingilis dillərində çap etdirdiyi orijinal dərsliklərin, rezidentlər üçün rus dilində hazırlanan ilk  rəhbərliyin və kafedraya şöhrət gətirən, xalqımızın övladları üçün lazım olan digər qiymətli kitabların müəllifidir.
Professor V.Şadlinski elmi məktəbinin yetirmələrindən olan professor N. Mövsümov uzun müddət Bakı şəhəri 1 nömrəli Tibb kollecinin direktoru vəzifəsində çalışib, 3 nəfərin (Ziyafət Seyidova, Nərminə Cabbarova, Səbinə Şadlinskaya) tibb elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyası işlərinin elmi rəhbəri olub. O, 140 elmi işin, 3 monoqrafiya, 15 dərslik və bir neçə dərs vəsaitinin müəllifidir, indi kafedranın professoru vəzifəsində çalışır. 
Hazırda kafedrada 2 nəfər (Səbinə Şadlinskaya və Ramilə Babayeva) tibb elmləri doktoru, 7 nəfər (Hicran Xıdırova, Könül Quliyeva, Səbinə Əliyeva, Əfqanə Kəsəmənli, Şəbnəm Qanbayeva, Kəmalə Babazadə, Nərmin Əfəndiyeva) tibb üzrə fəlsəfə doktoru dissertasiyası üzərində çalışırlar. Dosent Devlət Bəşirova və daha 4 nəfər (Ramilə Babayeva, Nigar Allahverdiyeva, Vüsalə Dadaşova, Zemfira Nadirli) başqa yerlərdə namizədlik dissertasiyası müdafiə ediblər, 1978-ci ildə dosent Nürəddin Xudaverdiyev, 2018-ci ildə isə daha 4  nəfər (dosent Xumar Sadıqova, assistentlərdən Aynur Məmmədova, Nadir İsayev, baş laborant Haşım Əkbərov) operativ cərrahlıq və topoqrfaik anatomiya kafedrasından İnsan anatomiyası və tibbi terminologiya kafedrasına keçiriliblər. Bir müddət sonra X. Sadıqova öz xahişi ilə ATU-nun Elmi-Tədqiqat Mərkəzinə keçib. Son ildə kafedraya 2 nəfər gənc  (Günay Əmrahlı, İlkin Şahməmmədli) baş laborant vəzifəsinə qəbul edilib.
V.Şadlinskinin səyi nəticəsində son illərdə kafedranın beynəlxalq əlaqələri xeyli genişləndirilib. Belə ki, kafedra İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin İnsan anatomiyası kafedrası, Tbilisi Dövlət Tibb Universitetinin anatomiya departamenti, Türkiyənin bir çox universitetlərinin tibb fakültələrinin anatomiya kafedraları, Başqırdıstan, Saratov, Voronej tibb universitetlərinin, Dağıstan Muxtar Respublikası  Tibb Universitetinin İnsan anatomiyası kafedraları ilə tədris və elm sahələrində sıx inteqrativ əlaqələr saxlayır.
2017-ci ildə kafedra müdirinin təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, eləcə də Azərbaycan Tibb Universiteti rektorluğunun yaxından köməyi ilə kafedranın muzeyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ictimai əsaslarla fəaliyyət göstərən rəsmi muzeylər reyestrinə daxil edilib. Daim yeniliyə can atan kafedra müdiri 2018-ci ildə Azərbaycan “Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin yaradılmasına və təsdiqinə, həmin birliyin nəzdində “Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı”nın təsis edilməsinə nail olub. Bütün bunlar ATU-nun yaradılmasının 90, Tibb fakültəsinin və kafedranın təşkilinin 100 illiyi ərəfəsində Azərbaycan Morfoloqlar Elmi Məktəbinə ərməğan edilən dəyərli töhfələrdəndir.
Kafedranın və müzeyin auditoriya fondunun möhkəmləndirilməsi, gücləndirilməsi daim prioritetlik təşkil edib. 2018-ci ilin iyul-avqust aylarında kafedranın müdiri ölkəmizin başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə, elm və təhsil sahələrinə göstərdikləri diqqət və qayğı sayəsində, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ATU-nun rəhbərliyinin yaxından köməyi ilə kafedranın yarızirzəmi halında olan yararsız otaqlarını əsaslı surətdə təmir və innovativ inventarlarla təchiz etdirərək, onları gözoxşayan təhsil və elm mərkəzinə çevirib. Bu münasibətlə Azərbaycan Respublikasının Səhiyyə naziri professor Oqtay Şirəliyev və Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli 2019-cu il fevralın 19-da kafedraya gələrək həmin mərkəzin açılışını rəsmiləşdiriblər və kafedranın professor-müəllim heyətini, tələbələri təbrik edərək, xoş arzu və təkliflərini bildiriblər. 
Biz də bugünkü fürsətdən istifadə edərək, dövlətimizin başçısı cənab Prezident  İlham Əliyevə, həmçinin ötən əsrin 80-ci illərinin əvvəllərində kafedramızın divarları arasında  I kursun ilk semestrlərində tibb təhsili almış Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ölkəmizdə səhiyyənin, təhsilin, elmin inkişafına göstərdikləri diqqətə, yaratdıqları əlverişli şəraitə görə dərin minnətdarlığımızı bildirir, səmimi təşəkkürlərimizi yetiririk. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini və ATU rəhbərliyini kafedramızın möhkəm dayağı, yenilməz arxası hesab edirik və onların bizə göstərdikləri məsuliyyətli və şərəfli etimadı doğrultmaq üçün bundan sonra da səylərimizi səfərbər edəcəyimizi, Vətənimizə, xalqımıza vicdanla xidmət göstərəcəyimizi əminliklə bəyan edirik.
İnsan anatomiyası və tibbi terminologiya kafedrasının yaranmasının 100 illiyi münasibətilə bu kafedrada təhsil almış 85 mindən çox həkim kadrları və səhiyyə işçilərini, övladlarını bizə etibar edən xalqımızı, millətimizi, o cümlədən kafedranın bütün zəhmətkeş əməkdaşlarını, tələbələrimizi, rezidentlərimizi ürəkdən təbrik edir, hamıya yeni nailiyyətlər arzulayırıq. Kafedranın möhkəm təməlini qoyan “klassiklərimizin ruhu şad olsun!” – deyirik.

 

Vaqif ŞADLİNSKİ, 
ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, REA-nın akademiki, Azərbaycan AHE Elmi Cəmiyyəti İctimai Birliyinin sədri, Əməkdar elm xadimi, professor
Mübariz ALLAHVERDİYEV,
tibb elmləri doktoru, professor

7 Dekabr 2019 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır
18 Sentyabr 2020 | 09:24
SOS: Dərmanların yan təsiri...

Köhnə versiyamızdan xəbərləri izlə