Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Koreya Respublikası liderləri arasında telefon danışığı olub

ABŞ və Koreya Respublikası liderləri arasında telefon danışığı olub

Koreya Respublikasının Prezidenti Mun Çje İn ABŞ lideri Donald Trampla telefon danışığı zamanı Koreya yarımadasında vəziyyəti müzakirə edib. Prezidentlər ərazinin nüvə silahlarından təmizlənməsi üçün danışıqların davam etdirilməsinin vacibliyini bildiriblər. Bu barədə Cənubi Koreya Prezidentinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda qeyd edilir. Məlumatı TASS verib. 

Bəyanatda deyilir: “Liderlər razılaşıblar ki, Koreya yarımadasında vəziyyət həddən artıq ağır olaraq qalır. Bunun qarşısını almaq üçün prezidentlər ümümi rəyə gəliblər ki, Birləşmiş Ştatlar və KXDR arasında yarımadanın nüvə silahlarından təmizlənməsi ilə bağlı danışıqlar daimi əsasda davam etdirilməlidir”. 
Bundan əlavə, Mun Çje İn və Donald Tramp qeyd ediblər ki, iki Koreya respublikası arasında da dialoqu davam etdirmək lazımdır. Prezidentlər müvafiq zaman yetişən kimi Şimali Koreya ilə danışıqlar aparmağa sadiqliklərini ifadə ediblər. 
Bəyanatda bildirilir ki, Cənubi Koreya və ABŞ liderləri arasında telefon bağlantısı Donald Trampın təşəbbüsü ilə baş tutub və yarım saat davam edib.
Xatırladaq ki, Tramp və KXDR Dövlət Şurasının sədri Kim Çen In bu ilin iyununda Pxançmuncomda görüş keçirib və yarımadanın nüvəsizləşdirilməsi haqqında danışıqları işçi qruplar səviyyəsində davam etdirmək barədə razılığa gəliblər. Bundan əvvəl isə onlar bu ilin fevralında Hanoyda görüşmüşdülər. Ancaq iki dövlət başçısı arasında Koreya yarımadasında nüvə silahlarının ləğvi ilə bağlı sammit nəticəsiz başa çatmışdı. 
Bu il oktyabrın 5-də ABŞ və KXDR nümayəndələri ikitərəfli münasibətləri normallaşdırmaq üçün Stokholmda bir araya gəlmişdilər. Lakin dialoq alınmamışdı. KXDR nümayəndə heyətinin başçısı Kim Myön Qil Amerika tərəfinə öz mövqeyini bir daha nəzərdən keçirməyi təklif etmiş olsa da, ABŞ Dövlət Departamenti görüşün konstruktiv keçdiyi barədə bəyanat yaymışdı. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

7 Dekabr 2019 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə