Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DGTYB-nin "Nəsimi-650" adlı layihəsi Şamaxıda

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində növbəti tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında keçirilib.

ADPU-nun Şamaxı filialının və DGTYB-nin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə adıçəkilən universitetin rəhbərliyi, müəllimləri və tələbələri iştirak edib. Tədbiri giriş sözü ilə açan ADPU-nun Şamaxı filialının direktoru, Filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova qonaqları salamlayaraq, "Nəsimi ili" çərçivəsində görülən işlərdən, təşkil olunan tədbirlərdən bəhs edib. Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi layihə çərçivəsində növbəti tədbirin universitetdə keçirilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.

  Bundan sonra tədbirin aparacılığını edən DGTYB-nin üzvü, gənc şair-publisist Yusif Nazim çıxış edərək, ölkə başçısının 2019-cu ilin "Nəsimi ili" elan olunması üçün imzaladığı sərəncamdan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İmadəddin Nəsiminin əsərləri dövlət varidatı elan olunan müəlliflər siyahısına daxil olunması haqqında qərardan, ölkədə Nəsimiylə bağlı önəmli silsilə tədbirlərin keçirilməsindən, Kiyevdə Nəsimi heykəlinin açılışından, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnistitunda Nəsiminin büstünün qoyulmasından, Beynəlxalq Astronomiya İttifaqının Yupiter və Mars planetləri arasındakı astroedlərdən birininin "Nəsimi" adlandırılmasından, eləcə də İmadəddin Nəsiminin Azərbaycan və Şərq ədəbiyyatında önəmli yerindən, yaradıcılıq nüanslarından danışıb.  Daha sonra  DGTYB başqanı, Prezident təqaüdçüsü, şair-publisist İntiqam Yaşar çıxışında vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Nəsimi ili elan olunduqdan sonra çoxsaylı tədbirlər təşkil olunub, cəmiyyət bir daha böyük şairin irsinə qayıdıb. İstər ölkənin paytaxtında və bölgələrində, istərsə də ölkədən kənarda silsilə tədbirlər təşkil olunur, kitablar nəşr olunur və bu proses davam edir.

Dünya Gənc Türk Yazarlar Birliyi də Azərbaycan Gənclər Fondunun dəstəyi ilə bu prosesə öz töhfəsini verməkdədir. Bu layihə çərçivəsində müsabiqələr və konfranslar təşkil edilib, gənc şairlərin şeirlərindən ibarət antologiya çap olunub. ADPU-nun Şamaxılı filialının Ədəbiyyat və dillər kafedrasının müdiri, Filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev Nəsiminin əsərlərindən nümunələr gətirib. Universitetin tələbələrindən Məmişova Günay Nəsiminin "Üzünü məndən nihan etmək dilərsən, etməgil" qəzəlini səsləndirib. Növbəti çıxış edən, Nəsimi yaradıcılığının heyranı, qəzəllərinin bir çoxunu əzbər bilən Fərəc Əliyev də Nəsimi qəzəllərindəki irfandan, eşqin mahiyyətindən danışaraq, dahi şairin bir neçə əsərini əzbər söylədi.

Təhsil müəssisəsinin ədəbiyyat və dillər kafedrasının müəllimi Rima Quliyeva da Nəsimi yaradıcılığından təhlilləri, təfsirləri auditoriyaya çatdırdı. Ardınca tələbələrdən Teyfurova Aytac Nəsimidən qəzəl səsləndirib, Fuad Əzizov "Nəsimi və Tanrı" mövzusunda öz mülahizələrini, fikirlərini söyləyib. Daha sonra universitetin rəhbərliyinə və digər çıxış edən iştirakçılara DGTYB-nin diplomları təqdim edilib. Tədbirin sonunda DGTYB-nin rəhbəri İntiqam Yaşar universitetin rəhbərliyinə, müəllim kollektivinə, tələbələrə bir daha öz təşəkkürünü bildirib. Tədbirin əsas hissəsi bitdikdən sonra DGTYB üzvüləri ayrıca olaraq tələbələrlə fikir mübadiləsi aparıblar.Təşkilatın "Yeni nəfəs" adlı yenicə çapdan çıxmış şeir antologiyası tələbələrə paylanılıb. Tələbələr arasından yaradıcılıq qabiliyyəti olanlara təşkilata müraciət etmələri bildirilib.  DGTYB-nin rəhbəri İntiqam Yaşar bildirdi ki, yazı qabiliyyəti olan, şeir yazan istedadlı gəncləri mətbuata çıxarmaq, ədəbi mühitə təqdim etmək, antologiyalarda dərc etdirmək təşkilat olaraq bizim prioritet məsələlərimizdəndir. Tələbələr bu görüşdən razı qaldıqlarını, məmnun olduqlarını ifadə ediblər və sonda xatirə şəkilləri çəkdirilib.

 

Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"

7 Dekabr 2019 14:24 -
18 Sentyabr 2020 | 10:23
DTX əməliyyat keçirib
17 Sentyabr 2020 | 11:31
Saxta əlilliklər ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə