Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA Birləşmiş Veteranlar Şurasının hesabat - seçki yığıncağı keçirilib

AMEA Birləşmiş Veteranlar Şurasının hesabat - seçki yığıncağı keçirilib

AMEA Birləşmiş Veteranlar Şurasının (BVŞ) 2013-2018-ci illərdəki fəaliyyəti haqqında hesabat - seçki yığıncağı keçirilib. www.science.gov.az saytı xəbər verir ki, iclası BVŞ sədrinin müavini Eldar Quliyev açaraq gündəlikdəki məsələlər barədə iştirakçılara məlumat verib.

Sonra şuranın sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımovun BVŞ-nin 5 il ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilib. O, hazırda AMEA-da 1633 veteranın çalışdığını, 2014-2018-ci illər ərzində 588 veterana Əmək veteranı adı və vəsiqəsinin verildiyini söyləyib. Bildirib ki, sözügedən veteranlardan 29-u akademik, 37-si AMEA-nın müxbir üzvü, 224-ü elmlər, 553 nəfəri isə fəlsəfə doktorudur. Bundan əlavə, 2 nəfər Böyük Vətən Müharibəsi, 16 nəfər Əfqanıstan, 92 nəfər Qarabağ müharibəsi və 4 nəfər Silahlı Qüvvələr veteranıdır.

2014-2017-ci illərdə 82 veterana birdəfəlik müavinətin verildiyini deyən R.Qasımov vurğulayıb ki, 50 nəfər veteran yeməkxanada güzəştli nahardan istifadə edib, 53 nəfər isə sanatoriyalara göndərilib. O, ümumilikdə 2013-2018-ci illərdə BVŞ-nin 14 iclasının keçirildiyini diqqətə çatdırıb.

R.Qasımov çıxışının sonunda veteranların xalqımızın genofondu olduğunu, onları qorumaq, diqqət və qayğı göstərməyin vacibliyini vurğulayıb.

Daha sonra Geologiya və Geofizika İnstitutunun BVŞ sədri Simurq Şabanov, Neft-Kimya Prosesləri İnstitutunun BVŞ sədri Rauf Əzizov, Fizika İnstitutunun BVŞ sədri Hidayət Nuriyev, Coğrafiya İnstitutunun BVŞ sədri Rəsul İsmayılov, Dilçilik İnstitutunun BVŞ sədri Kamilə Vəliyeva, İqtisadiyyat İnstitutunun BVŞ sədri Balacaxanım Talıbova, Təcrübə-Sənaye Zavodunun BVŞ sədri Hüsən Rzayev və Şamaxı Astrofizika Rəsədxanasının BVŞ sədri Sabir Əliyev çıxış edərək hesabat ətrafında fikir və təkliflərini bildiriblər.

Nəticədə AMEA Birləşmiş Veteranlar Şurasının fəaliyyəti qənaətbəxş hesab edilib. Qanunda göstərilənləri rəhbər tutaraq yerlərdə veteran fəallarının əməyinin stimullaşdırılması, ehtiyacı olan veteranlara yardım edilməsi, veteran şuralarında aparılan işlərin təkmilləşdirilməsi, gənclərin mənəvi vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi qərara alınıb.

Yığıncaqda daha sonra AMEA BVŞ-nin sədri, sədrin müavini və üzvlərinə seçkilər keçirilib. Eldar Quliyev AMEA BVŞ-nin sədri, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi, RH-nin Həmkarlar Təşkilatının sədri Zülfüqar Fərzəliyev BVŞ sədrinin müavini seçilib.

İclasda çıxış edən Z.Fərzəliyev veteranların qaldırdığı problemlərin həllinə toxunub. O, AMEA-nın Azad Həmkarlar İttifaqının institutların həmkarlar təşkilatlarını tibbi ləvazimatlar və dərmanlarla təchiz etdiyini, bu addımın mütəmadi planlaşdırıldığını diqqətə çatdırıb.                                                                      

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

20 2018 10:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin