Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirilib

Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə əməkdaşlığı ilə 6 dekabr 2019-cu il tarixdə Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirildi. Yürüşün təşkilində əsas məqsəd əhalini bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq olmağa, fəal həyat tərzi keçirməyə səsləmək idi.

Səhiyyə könüllüləri, gələcəyin həkimləri və gənc idmançılardan ibarət yürüş iştirakçıları insanları sağlam həyat tərzi keçirməyə, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmağa çağırdılar. “Hərəkətli ol!”, “Tütündən imtina et!”, “Sağlam qidalan!” şüarları ilə əhalinin diqqətini cəlb edən yürüş iştirakçıları maraqlanan hər kəslə fiziki aktivliyin əhəmiyyəti barədə maarifləndirici söhbət apardılar. Əhalinin bir daha nəzərinə çatdırıldı ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır. Sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirməyin vacibliyi, gün ərzində ən azı 60 dəqiqə fiziki aktivliyə vaxt ayırmağın zəruriliyi, eyni zamanda yaxın məsafələrə piyada getməyin, pilləkənlə qalxıb-enməyə üstünlük verməyin, gün ərzində televiziya və kompüter qarşısında keçirilən vaxtı 2 saatadək azaltmağın əhəmiyyəti insanlara izah olundu.

Yürüş boyu əhaliyə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar paylanıldı, əyləncəli idman oyunları və fiziki aktivlik məşqləri təqdim olundu.

Qeyd edək ki, səhiyyə işçiləri tərəfindən əhali arasında sağlam həyat tərzinin təbliği istiqamətində daim təşviqat aparılır. İnsanlara təbliğ olunur ki, həyat tərzlərini dəyişsinlər, fiziki aktiv olsunlar, qidalanmada meyvə-tərəvəzlərə üstünlük versinlər. Eyni zamanda, bu gün ölkəmizdə hər bir şəraitli idman mərkəzləri istifadəyə verilir, küçə və parklarda hər kəs üçün əlçatan olan idman qurğuları yerləşdirilir. Sakinlərə tövsiyə olunur ki, bu imkanlardan istifadə etsinlər, idman qurğularından faydalansınlar, parklarda gəzintiyə çıxsınlar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 Dekabr 2019 12:50 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə