Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni faşizminin Azərbaycana qarşı törətdiyi müdhiş cinayətlər

Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, bu başabəla qonşunun zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiyanın qanlı nəticələrindən danışanda, istər-istəməz, bəşəriyyətin nifrətlə rədd etdiyi “faşizm” ifadəsi yada düşür. Elə isə “insanlıq əleyhinə mənəvi-siyasi taun” sayılmış bu əməlin qaynalarını və mahiyyətini yada salaq.
İtalyan dilindən tərcümədə “dəstə”, “birlik” mənasını verən faşizm Birinci  Dünya müharibəsindən sonra ölkədə yaranmış siyasi cərəyandır.
1922-ci ildə Mussolininin faşist partiyası hakimiyyətə gələndən sonra bu hərəkat xeyli genişlənmiş, bir sıra xarici ölkələrə yayılmışdır. Faşizm 1933-cü ildə Hitlerin hakimiyyətə gəlişi ilə çevrəsini daha da genişləndirmişdir. 
Faşizm ideologiyasına görə, millətlər aşağı və ali kateqoriyalara bölünür. Özü də bu cəmiyyətdə ali millətlərin digərləri üzərində ağalıq etməsi nəzərdə tutulur. Faşist ideoloqları öz qarşılarına ağlagəlməz böyük vəzifələr qoymuşlar. Məsələn, Mussolininin Aralıq dənizi imperiyası, Hitlerin minillik  “Böyük reyx” yaratmaq arzusu axırda onların fəlakətli məğlubiyyəti ilə nəticələnmişdir. İkinci Dünya müharibəsində faşizm məğlubiyyətə  düçar olsa da, sonralar yenə də dirçəldilmişdir. Bu dirçəlmə neofaşizm (yeni faşizm) adını ­almışdır.
Bu gün neofaşizm çox təhlükəlidir. Bu da onunla bağlıdır ki, bir sıra ölkələrdə siyasi qüvvəyə çevrilməkdədir. Bədnam qonşumuz da Mussolini və Hitler kimi qarşısına  “Böyük Ermənistan” yaratmağı baş məqsəd qoymuşlar. Xəyallarında “Böyük Ermənistan”ı reallaşdırmaq üçün dəridən-qabıqdan çıxan ermənilər bütün dünyaya sübut etmək istəyirlər ki, onların tarixi çox qədimdir. Hətta Ermənistanın sabiq prezidenti Serj Sarkisyan sərsəmliklə, guya ermənilərin səkkiz min illik dövlətçilik tarixi olduğunu qeyd edirdi. Bu qədər yalan, bu qədər həyasızlıq yalnız erməni millətinə xasdır. 
“Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Başqa millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər” (Yemçuynikov – yazıçı). Heç də təsadüfi deyil ki, xarici aləmə sıx-sıx səpələnmiş ermənilər türk dünyasına, xüsusilə də bizə qarşı mətbu orqanlarda məqalələr yazdırır, elə hey özlərini “əzabkeş” kimi təqdim edirlər. Burada Əmir Teymurun ermənilər haqqında dediyi bir fikir yada düşür: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər”. Xeyr, Əmir Teymur deyil, lənətlənəsi erməni faşizmidir.
Son illərdə İrəvanda faşist Qaregin Njdeyə abidə qoyulması Azərbaycanda olduğu kimi, Rusiyada da böyük narazılığa səbəb olub. Kimdir Qaragen Njde?  Qaregin Njde İkinci Dünya müharibəsində Hitler Almaniyası ilə əməkdaşlıq edib, hərbi əsir erməniləri öz tərəfinə çəkərək Almaniya tərəfində vuruşmağa çağırırdı. O, əsir ermənilər qarşısında dəfələrlə çıxış edir, onları SSRİ-yə qarşı mübarizəyə çağırıb: “Almaniya uğrunda ölən hər kəs Ermənistan uğrunda ölmüş olacaq”.  Erməni legionu  Njdenin başçılığı ilə 20 minə yaxın sovet insanının, əsasən dinc vətəndaşların qanını töküb. Bu cəllad Azərbaycanda minlərlə soydaşımızın günahsız qanını axıdıb, Zəngəzurda soyqırımı aparıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının yüksək səviyyəli Aşqabad görüşündə ciddi əsaslandırılmış açıqlaması bütün dünyanı erməni faşizminin mahiyyəti barədə məsuliyyətlə düşünməyə çağırışkimi səsləndi. Rusiya Federasiyası Şurasının sosial siyasət komitəsinin sədr müavini Lüdmila Kozlova da “Nezavisimaya qazeta”da geniş məqalə yazaraq faşist Njdeyə heykəl qoyulmasını pisləmiş, bunun BMT Baş Assambleyasının nasizm və neofaşizmin qəhrəmanlaşdırılması ilə bağlı müvafiq qətnaməsinə zidd olduğunu  göstərmişdir. Rusiya Xarici İşlər Nazirliyi də o zaman etirazını bildirib. Bütün bunlara baxmayaraq, ermənilər böyük qardaşının iradlarını qulaqardına vuraraq, bir az da irəli gedərək Rusiyanın Vladimir şəhərinə Njde adının verilməsini təklif etmişlər. Bu azmış kimi, Bolqarıstanda da əli on minlərlə insanın qanına batmış faşistə heykəl qoymaq istəyirdilər.
Terrorizm və faşizmin təbliği erməni xalqının və Ermənistan dövləinin milli ideologiyasının mahiyyətini əks etdirir. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut ingilisdilli “The İerusalem Post” qəzetində dərc edilmiş “Ermənistan terrorçuları tərifləməklə faşizmi dövlət siyasətinə çevirib” sərlövhəli məqaləsində yazırdı ki, doğrudanmı ermənilərin Njde kimi faşistlərdən başqa qəhrəmanı olmayıb? Ermənistanda faşizm ilə yanaşı, dövlət səviyyəsində terrorizmin  qəhrəmanlaşdırılması siyasəti yürüdülür.
Erməni faşizmi  XX əsrin sonu – XXI əsrin əvvəllərində daha da aqressvləşdi. Keçən il 100, bu günlərdə isə 101 illiyini andığımız 1918-ci ilin müdhiş mart soyqırımı, 1992-ci ilin Xocalı soyqırımı, əsir götürülmüş soydaşlarımızın başına gətirələn müsibətlər bir daha göstərdi ki, türk qanına susayan ermənilər dünyaya sanki qan tökmək üçün gəliblər. Beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanısa da, təəssüf ki, ikili standartlar hələ də erməniləri işğalçı kimi tanımır, onlara “dur” deyən yoxdur. “Artsax” erməni torpağıdır, biz ordan getməyəcəyik” deyən erməni rəhbərlərin ağzından vuran tapılmır.
Cəzasızlıq ermənilərin əl-qolunu açıb. Bədnam qonşumuz ötən ilin martında Fransanın Desin-Şarpo şəhərində “Artsax” (Qarabağ) günləri keçiriblər. Hərtərəfli təbliğat aparan ermənilər Amerikanın Kaliforniya ştatının Olendeyl şəhərində küçələrdən birinin adına “Artsax” adı verilməsinə nail olublar. Onlar Azərbaycana hədə-qorxu gəlməkdən də əl çəkmirlər.  Politoloq Levon Sirinyan öz Facebook səhifəsində yazırdı: “Azərbaycan bizə hücum etməzdən qabaq biz Mingəçevir və Yevlaxa zərbələr endirib, Azərbaycanı sındırmalıyıq. Yoxsa sonumuz çatar”.
Türk qanına susamış qonşularımızın tükürpədici hərəkətləri bizim üçün dərs olmalıdır. Erməni faşizminin iç üzünü açan bir neçə fakta müraciət edək. Əvvəlcə, keçən əsrin əvvəllərində erməni vəhşiliyi haqqında onların özlərinin etiraflarına diqqət edək:
– S.Zavavryan, erməni alimi: “1905-ci ildə azərbaycanlıların kütləvi məhv edilməsi zamanı Şuşada 12, Zəngəzurda 43, Cəbrayılda 5, Cavanşirdə 15 kənd yandırılmışdır”;
– A.Lalayan: “Daşnaksütyun”  partiyası könüllülərdən ibarət dəstə yığmışdır. Müharibə gedən türk ərazisinin əhalisinə, o cümlədən, qadınlara, uşaqlara, əlillərə belə rəhm etmədən amansızcasına, qəddarlıqla divan tuturdular”;
– Z.Korkodyan: “1918–­1920-ci illərdə daşnaklar Ermənistanda yaşayan 575 min azərbaycanlını qanına qəltan etmiş, 565 min əhalini silah gücünə doğma torpaqlarından vəhşiliklə çıxarmışdılar”.
Keçən əsrin sonlarında ­“Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün ermənilərin başladığı Qarabağ müharibəsi Yanvar qırğını və Xocalı soyqırımı ilə müşayiət olundu. Nəticədə 20 faiz torpaqlarımızı ermənilər havadarlarının köməyi ilə işğal etdilər. Bu müharibədə erməni faşizmi insanlığa sığmayan vəhşilikləri, xalqımıza qarşı Xocalı soyqırımı dünyanı dəhşətə saldı. Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı barədə demişdir: “Əfsuslar olsun ki, Azərbaycan xalqı da XX əsrin sonlarında soyqırımı faşizm ideologiyasının nəticəsi olan Qarabağ fəlakəti, işğalı ilə üzləşmişdi... Bizə qarşı aparılan işğalçı siyasəti, xalqımıza qarşı törədilən Xocalı soyqırımı məhz erməni faşizminin təzahürüdür”.
Erməni faşizminin vəhşiliyi aşağıdakı nümunələrdə də öz əksini tapıb:
Serj Sarkisyan, Ermənistanın sabiq prezidenti: “Xocalı faciəsinədək azərbaycanlılar fikirləşdilər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq-biz bu streotipi dağıda bildik”;
– Viktoriya İvleva, rus jurnalisti: “Ermənilər hamilə qadının qarnını yararaq körpəni ordan götürüb yerinə pişik qoyub tikdilər”;
– V.Bellax, “İzvestiya” qəzetinin müxbiri: “Ağdama dayanmadan meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi”;
– V.Savelyev, Xocalı soyqırımında iştirak edən hərbi hissənin kəşfiyyat şöbəsinin rəisi: “Mən bütün bunları yazmaya bilməzdim. İnsanların, uşaq və qadınların, hamilə qadınların  güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat idarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi”.
Ermənilərin əsir götürdükləri insanların yaddaşında həkk olunan hadisələri dinlədikcə adamın qanı donur. Silahsız insanlara öz “qəhrəmanlıqlarını” göstərən ermənilər daha çox cəllad olublar. Bu cəlladların azərbaycanlı əsirlərin başına gətirdikləri işgəncələrlə tanış olduqca, düşmənin qəddarlığı bizlərin nifrətini birə beş artırır:
– Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıntılarını udmağa məcbur edilib;
– Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr verib, kəlbətinlə onun 16 dişini çıxarıblar;
– Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə ­döyülüb, damarlarına benzin yeridilib, yaralarının qaysağı qopardılaraq ona əzab verib, üzərinə təlim keçmiş it buraxılıb; 
– Nübar Kərim qızı Zeynalova Şuşanın işğalı zamanı oğlu Niyaz Balay oğlu Zeynalovun gözləri qarşısında ermənilər tərəfindən öz evində diri-diri yandırılıb.
İndiyədək Qarabağ probleminin həll olunmaması Minsk qrupunun təcavüzkara təzyiq göstərməməsi, siyasi iradənin olmamasıdır. Lakin işğalçı dövlət bilməlidir ki, Azərbaycan heç vaxt ərazilərin işğalı ilə barışmayacaq. Görünür, Ermənistanda bunu soyuq başla dərk eləyənlər də var. Məsələn, Erməni Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyanın “Kenton” telekanalına müsahibəsində işğal olunmuş ərazilərin qaytarılmasının vacibliyi vurğulanmışdı: “Xoşluqla geri (əraziləri-A.R.) verməsək, günlərin birində bu əraziləri sanksiyalarla geri alacaqlar. Məgər biz BMT-ni, ATƏT-i, ABŞ-ı, Rusiyanı, Fransanı diz çökdürə bilərik? Bu əraziləri əldə saxlamaq qeyri-mümkündür, hətta Bakı alınsa belə, “Bir qarış da torpaq vermək olmaz” deyənlər bu millətə qəbir qazır. Biz belə vətənpərvərləri bir dəfə  görmüşük. Əraziləri vermədilər, ancaq bütün ölkəni verdilər”.
Hələliksə, Ermənistanın əsas məqsədi status-kvonun saxlanmasıdır. Çalışırlar ki, vaxt uzansın, bəlkə, Azərbaycan ətraf rayonların qaytarılmasına, Dağlıq Qarabağın isə Ermənistana birləşməsinə razılıq verdi. Bu da mümkün olan iş deyil. Azərbaycan gec-tez işğal olunmuş əzəli torpaqlarını müharibə yolu ilə də olsa, geri alacaq. 

 

Akif RÜSTƏMOV, 
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti

6 Dekabr 2019 23:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır
18 Sentyabr 2020 | 09:24
SOS: Dərmanların yan təsiri...

Köhnə versiyamızdan xəbərləri izlə