Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəydə həyat qaynayır

Gədəbəydə həyat qaynayır

Son vaxtlar Gədəbəyin həyatı daha maraqlı, yaddaqalan və rəngarəng olub. Burada diqqətçəkən təşəbbüslərin sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. İdeoloji işə diqqət artıb. Müxtəlif tədbirlər, xatirə gecələri, əhali ilə sıx təmasda olmaq, rayonun turizm potensialından maksimum yararlanmaq və bu işdə təbliğatı gücləndirmək kimi tədbirlər öz müsbət səmərəsini verməkdədir. Artıq Gədəbəyin sorağı bir çox ölkələrdən gəlir. Bu yaxınlarda ABŞ-da bağlanmış memorandum buna əyani sübutdur. Aşağıda verdiyimiz 3 xəbər də bir daha göstərir ki, Gədəbəy bu gün inkişafının yeni bir mərhələsini  yaşayır.  

 

 Düzyurdda səyyar qəbul

Bu görüş-qəbulda idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev demişdir ki, yerlərdə reallaşdırılan belə görüşlər adamların qarşılaşdığı çətinliklərin və problemlərin yerindəcə öyrənilməsi və operativ həlli baxımından olduqca əhəmiyyətlidir. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında keçirilir.        

Rayon rəhbəri ölkədə, o cümlədən Gədəbəydə həyata keçirilən iri miqyaslı işlərdən danışaraq qeyd etmişdir ki, qarşıda daha böyük yeniliklər, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər dayanır.

Sonra rayon icra hakimiyyətinin başçısına müraciətlər olub. Əsasən kəndə təbii qaz xəttinin çəkilməsi, qəzalı vəziyyətdə olan telefon rabitəsi və elektrik dayaqlarının yenilənməsi müraciətlərin əsasını təşkil etmişdir.

Səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Şairin xatirə gecəsi

Prezident təqaüdçüsü, tanınmış şair İlyas Tapdığın anadan olmasının 85 illiyi ilə bağlı xatirə gecəsi Heydər Əliyev Mərkəzində keçirilmişdir.        

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev şairin yaradıcılığından, xüsusilə vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərdən, onun milli dəyərlərimizin qorunub saxlanılması istiqamətindəki xidmətlərindən danışmışdır.

Gecədə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş şairin yaradıcılığı geniş təhlil olunmuş, onunla bağlı xatirələr söylənilmiş, görkəmli poeziya ustasının ictimai fəaliyyətinə dair video-çarx nümayiş etdirilmiş, əsərlərindən ibarət kompozisiya və şeirlər səsləndirilmiş, incəsənət ustalarının çıxışları olmuşdur.

Kənddə həkim məntəqəsi

Rayonun Şahdağ kəndində müasir səviyyədə yenidən qurulan həkim məntəqəsinin təntənəli açılışı olmuşdur.    

İcra hakimiyyətinin başçısı mərasimdə çıxış edərək son vaxtlar rayonda həyata keçirilən geniş infrastruktur layihələrindən, o cümlədən səhiyyə xidmətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışmışdır.

Qeyd olunmuşdur ki, rayon sakinlərinə göstərilən tibbi xidməti müasir tələblər səviyyəsində təşkil etmək üçün bütün imkanlardan maksimum istifadə olunur. Yenidən qurulan Şahdağ kənd həkim məntəqəsi də bu tədbirlərin bariz nümunələrindən biridir.

Kənd ağsaqqalları bölgələrdə, eləcə də Gədəbəydə sosial problemlərin həlli, kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində böyük işlərin görüldüyünü diqqətə çatdırmış və göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

6 Dekabr 2019 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə