Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmişli: uğurlar da artıb, gəlirlər də

İmişli: uğurlar da artıb, gəlirlər də

Son illər İmişli rayonunda aqrar sektorun bütün sahələrində, eləcə də emal sənayesində nəzərəçarpan uğurlar əldə olunur. Rayonda yeni müəssisələr yaranır və iş yerlərinin sayı sürətlə artır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüssü və rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar ölkəmizin hər yerində olduğu kimi, İmişlidə də əhalinin maddi rifah halının daha da yaxşılaşmasına səbəb olur.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev fəxrlə bildirdi ki, rayonda əldə olunan bütün uğurlar, ilk növbədə Azərbaycan dövlətinin, xalqımızın sevimli lideri Prezident İlham Əliyevin ölkəmizin bütün bölgələri kimi, İmişli rayonunun inkişafına göstərdiyi böyük diqqət və qayğının sayəsində mümkün olmuşdur. Vilyam müəllimin sözlərinə görə, bu gün rayon əhalisinin böyük əksəriyyəti Azərbaycan dövlətinin başçısının xalqımızın parlaq gələcəyinə xidmət edən müdrik daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyir.  
Bu il İmişli rayonunun fermer və pay torpaq mülkiyyətçiləri pambıq istehsalı sahəsində böyük uğur əldə ediblər. Məhsul yığımına mütəşəkkil başlayan fermerlər indiyədək sahələrdən 20 min tona yaxın məhsul toplayaraq pambıq qəbulu məntəqələrinə təhvil veriblər ki, bu da ötən il rayonda tədarük olunan pambıqdan xeyli çoxdur.
Əlamətdar haldır ki, İmişlidə məhsul istehsalı, ilk növbədə pambıq əkini sahələrinin məhsuldarlığının yüksəldilməsi hesabına əldə olunub. Rayonda “ağ qızıl”ın tədarükü isə davam edir. Qeyd edək ki, bu ilin sonuna kimi İmişlidə 21 min tondan çox pambıq tədarük ediləcəyi gözlənilir. 
İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirdilər ki, rayon pambıqçıları ötən illərdən fərqli olaraq, bu mövsüm məhsulun maşınlarla yığılmasına üstünlük veriblər. Mütəxəssislərin sözlərinə görə, bu il rayonda pambıqın becərilməsi, toplanması və tədarükü zamanı texnikanın daha səmərəli istifadəsi təmin edilmişdir.   
Rayonda ən çox pambıq əkilən Aranlı kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlhümbət Alkişiyev bildirib ki, kənddə fəaliyyət göstərən 70 fermer bu il 600 hektar sahədə pambıq becərib və indiyə kimi sahələrdən 4 min tondan çox məhsul toplayıblar. Məhsuldarlıq bu il orta hesabla 27 sentner olmuşdur. Ə.Alkişiyevin sözlərinə görə, tədarük olunan məhsulun çox hissəsi maşınlarla yığılmışdır.
Təqdirəlayiq haldır ki, İmişlidə son illər kənd təsərrüfatı məhsullarının istehsalı və emalının artırılması üçün  uğurlu işlər görülmüşdür. Hazırda rayonda “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC və “Araz” konservləşdirilmiş Şirələr və konyak zavodu, o cümlədən, xam pambığı emal edən zavod, qum-çınqıl karxanaları fəaliyyət göstərir. Bundan əlavə, pambıq çiyidindən yağ emalı zavodunun tikintisi nəzərdə tutulub. 
Son illlər rayonda taxılçılıq və heyvandarlığın inkişafına diqqət artmışdır. Təkcə bu il ərzində İmişlidə 300 hektar sahədə müasir nümunəvi taxılçılıq təsərrüfatı yaradılmış, 1000 tonluq taxıl anbarı tiklib istifadəyə verilmişdir. Bundan başqa, investisiya dəyəri 5 milyon manatlıq olan 1000 başlıq müasir heyvandarlıq kompleksi istifadəyə verilmişdir.  
İmişli DAİM-in sədri Səlim Məhərrəmov dedi ki, fermerləri artıq gələn ilin bol məhsulu üçün etibarlı zəmin yaratmağa çalışırlar. Onun sözlərinə görə, bu il 18 min 862 hektar sahədə keyfiyyətli şum aparılmış, 307 hektar sahədə isə arpa əkilmişdir. 
Rayonda qışa hazırlıq məsələləri də diqqət mərkəzindədir. Əhalinin elektrik enerjisi ilə etibarlı təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilmişdır. Bu il ərzində 180 ədəd  müxtəlif gücü 10/0,4 kv-luq transformator cari, 96 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir.
Rayonda əhalinin təbii qazla təchizatı yaxşılaşdırılır.  Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən bu ilin əvvəlindən 965 yeni fərdi ev, 8 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilmişdir. Rayonun  39 yaşayış məntəqəsinin tam qazlaşdırılması təmin edilmişdir. Bundan əlavə, şəhərin bir sıra küçələrində və kəndlərdə fərdi qaztəmizləyici, siyirtmə və digər qurğular  quraşdırılmış, qaz xətlərində isə təmir işləri aparılmışdır.
İmişli rayonunda abadlıq və tikinti-quruculuq işlərinin həcmi və vüsəti artmışdır. Rayon ərazisində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisi başa çatmışdır. Şəhərin Q.Qarayev, C.Cabarlı, M.Ə.Sabir, 28 May, C.Dədəkişiyev küçələrinə yeni asfalt ortük qoyulmuşdur.
İmişli Rayon Ağsaqqallar Şurasının sədri Bəşir Bəşirov dedi ki, son illər İmişli rayonunda böyük tikinti-quruculuq, abadlıq işləri aparılır ki, bu da əhalinin dərin razılığına səbəb olur. Rayonda yol tikintisinin həcmi və sürəti hamını xüsusilə sevindirir. Ağsaqqal sonda fəxrlə dedi ki, Azərbaycan dövlətinin, şəxsən xalqımızın sevimli lideri İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün İmişli rayonu Azərbaycanın hər bir bölgəsi kimi, özünün firavan dövrünü yaşayır. 

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri 

6 Dekabr 2019 23:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə