Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dmitri Savelyev: Mehriban Əliyeva Azərbaycanın müasir beynəlxalq imicini yaradır

Dmitri Savelyev: Mehriban Əliyeva Azərbaycanın müasir beynəlxalq imicini yaradır

Rusiya ilə Azərbaycanın iqtisadiyyat, siyasət, təhsil və mədəniyyət sahələrində intensiv əlaqələri dünya politoloqlarında maraq doğurur. Onlar bir çox dövlətlər arasında qeyri-sabit və münaqişəli qarşılıqlı əlaqələr fonunda bu qeyri-xarakterik fenomenin səbəblərini öyrənməyə çalışırlar. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bayram tədbirində söylədiyi  nitqində,  o cümlədən belə vəziyyətin səbəblərini izah edib. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində hazırda strateji tərəfdaşların qarşılıqlı münasibətlərinin necə formalaşmasından  və birinci şəxslərin mövqelərinin bu münasibətlərə necə təsir göstərdiyindən danışıb. 

– Prezident İlham Əliyev öz nitqində bir neçə dəfə vurğulayıb ki, Azərbaycana sevgisini etiraf edən bəzi ölkələrə etibar etməyə dəyməz. Eyni zamanda, xüsusi qeyd edib ki, Rusiyada Azərbaycana böyük hörmətlə yanaşırlar. Dmitri İvanoviç, Azərbaycanın Rusiya ilə sıx münasibətlərinin indiki vəziyyətini necə xarakterizə edərdiniz?

– Respublika dünyanın 141 ölkəsi arasında qlobal rəqabətlilik indeksində cəmi bir il ərzində 11 bənd yüksələrək 58-ci yeri tutur. İqtisadi uğurlar respublika rəhbərliyinə minimal əməkhaqqının məbləğini iki dəfə, minimal pensiyanın məbləğini 70 faiz artırmağa imkan verib. Müxtəlif dünya miqyaslı tədbirlərin uğurla keçirilməsi Azərbaycanın vizit kartlarından birinə çevrilib. Təəccüblü deyil ki, bu gün bir çox ölkələr respublika ilə dostluq etmək istəyirlər. Azərbaycan bu yaxınlarda öz üzərinə Qoşulmama Hərəkatına sədr statusunu götürüb. Özü də bütün iştirakçı ölkələr yekdilliklə ona səs veriblər, çünki ən ağır tarixi sınaqlar və provokasiyalar qarşısında baş əyməyən respublika öz qəti siyasi iradəsini dəfələrlə nümayiş etdirib.

Azərbaycanı kiminləsə ittifaqa məcbur etmək olmaz, hansı ölkə ilə əməkdaşlıq edəcəyini yalnız o, özü müəyyənləşdirə bilər. Odur ki, qarşılıqlı münasibətlərimiz bir istiqamətdə addımlayan iki müstəqil dövlətin azad tərəfdaşlığıdır. Qeyd edim ki, Azərbaycan istənilən layihədə daim qarşılıqlı fayda prinsipinə əməl edir və öz maraqlarından imtina etməyəcək. Məhz Rusiya ilə münasibətlərə gəldikdə isə ölkələrimizin dostluğu zamanın sınağından keçib: bizi ümumi tarix, rus dili və mədəni ənənələr bağlayır, çünki Rusiya ilə Azərbaycan bütün sahələrdə əməkdaşlığı birlikdə möhkəmləndirirlər, o cümlədən müxtəlif beynəlxalq məkanlarda öz maraqlarını birlikdə müdafiə edirlər.

– Azərbaycanın Avropa İttifaqının hər hansı ölkəsi ilə deyil, məhz Rusiya ilə tərəfdaşlığı seçməsini nə ilə izah edə bilərsiniz?

– Azərbaycan Prezidenti İlham Əliyevə Avropaya inteqrasiya etməyi məsləhət görəndə, o, rişxəndlə belə cavab verib: “Biz haraya inteqrasiya etməliyik, böhrana?” Özünüz düşünün: Azərbaycan dünyəvi dövlətdir, lakin, eyni zamanda, ənənəvi əxlaqi dəyərləri rəhbər tutan müsəlman dövlətidir. Son vaxtlar “Stop İslam!” şüarını səsləndirərək müsəlmanları sıxışdıran Avropa ölkələri onun hansı ortaq maraqları ola bilər?

Bütün bunlar müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin təmsilçilərinin mehriban qonşuluq və həmrəylik şəraitində dinc yanaşı yaşayaraq, bir-birini zənginləşdirdiyi multikulturalizm prinsipləri ilə daban-dabana ziddir. Çoxmillətli və çoxkonfessiyalı Rusiya bu baxımdan hər hansı Avropa ölkəsindən qat-qat üstündür. Bu arqumentlərə hər iki ölkənin iqtisadi inkişafının ümumi meyilləri də əlavə olunsa, Azərbaycanın strateji tərəfdaş olaraq Rusiyanı seçməsinin səbəbi çox aydın görünər.

– Sizcə, Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı uzunmüddətli perspektivdə hansı üstünlükləri verir?

– Bu, uzunmüddətli yüksəliş dövrü yaşayan bərabərhüquqlu və qarşılıqlı faydalı formatdır, özü də qarşılıqlı əlaqələr iqtisadiyyat, siyasət, ölkələrimizin təhlükəsizliyinin təmin edilməsində və humanitar sahədə çoxvektorlu xarakter daşıyır. Son vaxtlar Rusiya və Azərbaycan möhkəm təməl və sahmanlı əməkdaşlıq mexanizmləri qura biliblər. Məsələn, bu, ticarətin və qarşılıqlı investisiyaların artmasını, müştərək istehsalatların yaradılmasını, informasiya və rəqəmsal sahədə təcrübə mübadiləsinin aparılmasını, nəqliyyat potensialının inkişafını və humanitar əlaqələrin genişlənməsini nəzərdə tutan “yol xəritələri”nə də aiddir. Hər yerdə, o cümlədən parlamentlərarası əlaqələrdə münasibətlərin intensivləşməsi görünür: biz fəal ünsiyyət saxlayırıq, mütəmadi olaraq qanunvericilik fəaliyyəti təcrübəsini və ölkələrimizin prezidentləri səviyyəsində əldə edilmiş razılaşmaların reallaşdırılmasına dair təklifləri mübadilə edirik.

Vladimir Vladimiroviç Putin ilə İlham Heydər oğlu Əliyevin birgə səyləri sayəsində ­Rusiya ilə Azərbaycan arasında xüsusilə etibarlı xarakter daşıyan münasibətlər bərqərar olub ki, bu da bütün sahələrdə qarşılıqlı fəaliyyətə güclü təkan və dinamika verir. Mən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Rusiyaya səfəri zamanı ona “Dostluq” ordeninin təqdim edilməsini dövlətlərarası dostluq və mehriban qonşuluq əlaqələrinin rəmzlərindən biri kimi qiymətləndirirəm.

Mehriban Əliyeva təkcə Azərbaycanın müasir beynəlxalq imicini yaratmır. O, Moskvada olduğu müddətdə ölkəmizin birinci şəxsləri ilə danışıqlar aparıb, ikitərəfli əməkdaşlıq məsələlərini və onların perspektivlərini müzakirə edib. Bu isə o deməkdir ki, bizim birgə səylərimizlə yeni qarşılıqlı faydalı layihələr həyata keçiriləcək. Axı Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq çoxşaxəlidir, onun potensialı isə hələ uzun müddət tükənməyəcək.

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

 

 

7 Dekabr 2019 00:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə