Ən son xəbərlər
– Fazil müəllim, hazırda ölkəmizdə aparılan genişmiqyaslı islahatları necə qiymətləndirirsiniz?
– İslahatların aparılması yenilikdir, inkişafdır. Partiyamızın adından deyə bilərəm ki, bu islahatları dəstəkləyirik və imkanımız daxilində buna kömək etməyə hazırıq. Dövlət başçısının kadr islahatlarını xüsusi qeyd etmək istərdim. Gənclərə yüksək etimad göstərilməsi təqdirəlayiqdir. Ölkə başçısı, etimad göstərirsə, deməli, həmin şəxsi yaxından tanıyır və ona inanır. Kadr islahatları əhali tərəfindən də rəğbətlə qarşılanır. Hesab edirəm ki, ölkə Prezidenti bu addımları atarkən, ilk növbədə, xalqın istəyini nəzərə alır. Nəticələr də bunu təsdiqləyir ki, islahatlar xalq tərəfindən dəstəklənir və Prezidentin bu istiqamətdə atdığı addımlar ölkənin yeniləşməsinə təkan verir.
– Milli Məclisin buraxılmasına və növbədənkənar parlament seçkilərinin keçirilməsinə münasibətinizi bilmək maraqlı olardı.
– Əgər islahatlar bütün sahələri əhatə edibsə, qanunverici hakimiyyət də kənarda qala bilməz. Mən bunu çox normal, demokratiyanın, həmçinin islahatların təzahürü kimi qəbul edirəm. Burada təəccüblü və kimisə qınayıcı heç bir hal yoxdur. Çünki dünyanın bütün ölkələrində növbədənkənar seçkilər keçirilir. Hesab edirəm ki, yeniləşmə bütün sahələr üzrə zəruridir. Fikrimcə, yeni parlamentin formalaşması hamının ürəyincədir. Ümid edirəm ki, növbəti parlament daha hazırlıqlı insanlardan formalaşacaq və demokratik müzakirələrin aparılacağı parlament olacaq. Müxalifət partiyası olaraq növbədənkənar seçkiləri dəstəkləyirik və bunu normal qəbul edirik. Düşünürük ki, Yeni Azərbaycan Partiyasının bu təşəbbüsü ölkədə yenilənmə istiqamətində atılmış addımdır.
– Bəzi siyasi partiyalar indidən “boykot” çağırışı edirlər. Onların bu çağırışı barədə fikriniz necədir?
– Bir partiya sədri olaraq, bildirmək istəyirəm ki, seçki sınaq meydanıdır, qatıl və nəyə qadir olduğunu sübut et. Bizim partiyamız parlament seçkilərində iştirak edəcək. Prezident növbədənkənar seçkiləri təyin edən gündən hazırlıq işlərinə başlamışıq. Ölkədə keçirilən seçkiləri boykot edən siyasi partiya qoy öz fəaliyyətini birdəfəlik dayandırsın. Seçkidə iştirak etməyən partiya kimə lazımdır?
Seçki prosesində iştirak etməyən partiyanın mövcudluğu heç nəyə yaramır. Ona görə də hesab edirəm ki, növbədənkənar parlament seçkilərini boykot etməyə hazırlaşanlar yanlış yoldadırlar. Hər bir partiya seçki prosesində iştirak etməklə öz haqlarını, ideyalarını qorumaq istiqamətində addımlar atmalıdır.
Söhbəti yazdı:
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə