Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Bratislavada daha bir zərbə aldı

ATƏT üzvü olan dövlətlərin XİN başçıları Azərbaycanın mövqeyini dəstəklədilər

Dekabrın 4-də ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində növbəti addım atıldı, Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanın görüşü keçirildi. Rəsmi məlumatlara görə, üç saat yarımdan çox davam edən görüş ATƏT XİN başçılarının Bratislavada keçirilən iclası çərçivəsində baş tutdu. Aparılmış danışıqların detalları məxfi saxlanılsa da, hər halda tərəflərin Dağlıq Qarabağ münaqişəsi ətrafında geniş müzakirələr apardıqları bildirilir.

ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxış edən nazir Elmar Məmmədyarov bəyan edib ki, təşkilat münaqişələrə yanaşmada ikili standartlardan uzaq olmalıdır. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərində həll olunmamış münaqişələr sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır. Bu münaqişələr istisnasız olaraq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında, onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir: “Təəssüf ki, Milanda keçirilən son nazirlər toplantısından bəri, şuraya Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində hər hansı bir konkret irəliləyiş barədə məlumat verə bilmirəm. Son bir ildə Ermənistan rəhbərliyinin təxribatçı bəyanat və hərəkətlərə əl ataraq sülh prosesini pozmaq üçün ardıcıl cəhdlərinin şahidi olduq. Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatı sülh yolu ilə həlletmə anlayışına ziddir və qəti şəkildə pislənilməlidir”.
Nazir konkret sənədlərə əsaslanaraq deyib ki, münaqişənin tərəfləri Ermənistan və Azərbaycandır, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları isə iki maraqlı tərəfdir. Erməni icmasını "Dağlıq Qarabağ xalqı" kimi təqdim etmək cəhdləri bölgənin yerli azərbaycanlı icmasının mövcudluğunu inkar edir və onların bölgənin gələcəyi üzrə qərar qəbulu prosesinin tərkib hissəsi olmaq hüququnu şübhə altına alır: “Belə bir mövqe etnik təmizləmənin nəticələrini qanuniləşdirmək məqsədi güdür və beynəlxalq insan hüquqları fəlsəfəsinə – yəni bütün insan hüquqları universal, bölünməz, qarşılıqlıdır və heç kim başqalarının hüquq və azadlıqları hesabına fərdi və ya kollektiv hüquq tələb edə bilməz – yanaşmasına açıq şəkildə ziddir”.
Nazir münaqişənin həlli üçün ilk addım kimi Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal edilmiş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını qeyd edib. Ardınca məcburi köçkünlər Dağlıq Qarabağa qayıtmalı, regionda bütün kommunikasiyaların açılması təmin olunmalıdır. Bundan sonra  Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusu təmin edilməlidir. Belə bir status bölgədəki erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasını təmin etməli və hər kəsə bərabərhüquqlu və ayrı-seçkilik edilmədən insan hüquqlarının və əsas azadlıqların tam şəkildə həyata keçirilməsini təmin etməlidir. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi isə hüquqi şəraitdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində, Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə həyata keçirilməlidir. 
Ermənistanın status məsələsini ön plana çıxarmaq üçün səy göstərməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qəbul edilmiş ATƏT-in qərarlarına ziddir və əslində, sülh prosesinə və Minsk qrupu həmsədrlərinin mandatına zərbədir. Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək.
ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada keçirilmiş görüşləri ilə bağlı birgə bəyanat yayaraq bildiriblər ki, təmas xətti və beynəlxalq sərhədlərdə güc tətbiqinin nisbətən azalması müsbət məqamdır. Onlar gərginliyin azaldılması və əhalinin sülhə hazırlanması üçün ötən il atılan konkret addımları alqışlayıblar. Eyni zamanda, vurğulanıb ki, hazırkı status-kvo qəbuledilməzdir. Onlar tərəfləri şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıblar.
ATƏT-in fəaliyyətdə olan sədri ­Miroslav Layçak isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi üçün real təhlükə var: “Münaqişələri birdəfəlik həll etmək üçün sehrli bir formulum yoxdur. Ancaq əminəm ki, ATƏT-in yeni dialoq üçün kanalların açılması ilə gərginliyi azaltmaq səyləri əvəzsizdir və ATƏT sülhə dair konkret addımlara dəstək verən ilk təşkilatdır”. 
Beləliklə, nəticə budur ki, ATƏT üzvü olan dövlətlərin, o cümlədən Minsk qrupunun həmsədri olan ölkələrin XİN başçıları Azərbaycanın mövqeyini dəstəklədi və status-kvonun qəbuledilməz olduğunu bəyan etdilər. Amma Ermənistan hələ sülh işinə kömək etmək niyyətindən uzaqdır. Bunu təkcə baş nazir Nikol Paşinyan, digər rəsmilər deyil, baş nazirin həyat yoldaşı Anna Akopyanın muğamla bağlı səsləndirdiyi sərsəm fikirlər də təsdiq edir. İrəvanda “Sülhməramlılıqda qadınların rolu: imkanlar və problemlər” konfransında çıxış edən Anna Akopyan Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanı Qarabağa dəvət edib və əgər dəvət qəbul olunarsa, özü də Bakıya gəlməyə hazır olduğunu bildirib. 
Bir Azərbaycan məsəlində deyilir: İt qaya kölgəsində yatır, elə bilir öz kölgəsidir. Özgələrin kölgəsində qürrələnən Akopyan unutmasın: bütün beynəlxalq sənədlər Azərbaycanın xeyrinədir. BMT TŞ-nin 4 qətnaməsində erməni qoşunlarının qeyd-şərtsiz torpaqlarımızdan çıxarılması tələb olunur. Digər sənədlər də var. Eyni zamanda, 2016-cı ilin Aprel döyüşlərinin təcrübəsi də ortadadır. O, Dağlıq Qarabağ ermənilərinin hər şeyi qoyub qaçdıqlarını yaddan çıxarmasın. Vaxtı gələndə Azərbaycan Ordusu yenə öz sözünü deyəcək. Görək onda kim kimi muğamata qulaq asmağa dəvət edəcək! 
Bu yerdə ehtiyatda olan erməni polkovniki, Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin sabiq komandiri, hazırda Ermənistan Veteranlar Birliyinin sədri Arkadi Karapetyanın fikirlərini də xatırlatmağa dəyər. O, müharibənin bərpa olunmasından qorxduğunu etiraf edib: “Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik. Hətta türklərə (azərbaycanlılar) “Sizə təslim oluruq” desək belə, onlar bizi qıracaqlar. Mən müharibənin nə olduğunu bilirəm, mən sülh istəyirəm və qarşı tərəfin nəyə qadir olduğunu da yaxşı bilirəm”. Doğru sözlərdir, lakin ordumuz təslim olanları qırmayacaq.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

 

6 Dekabr 2019 23:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə