Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəmanəmizin dahi azərbaycanlısı

Gövhər BAXŞƏLİYEVA, 
akademik, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru


2019-cu il bir çox hadisələrlə yanaşı, zəmanəmizin nəhəng şəxsiyyəti, ­ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə də yadda qalacaq. Bu gün ulu öndər aramızda olmasa da, onun ideyaları Azərbaycanı xoşbəxt gələcəyə doğru aparır. Onun zəngin həyat yolunu, çoxşaxəli titanik fəaliyyətini, yeritdiyi daxili və xarici siyasəti, dövlət quruculuğunda gördüyü böyük işləri, bütövlükdə, xalqımızın və dövlətimizin inkişafında həyata keçirdiyi fövqəladə missiyanı bir daha təhlil etmək zərurəti yaranır. İctimai elm çoxdan mütləq həqiqəti ortaya qoymuşdur: böyük dövlət xadimlərinin fəaliyyəti müqayisəli-tarixi aspektdə qiymətləndirilməli, onların ölkəsinin və xalqının taleyində oynadığı rolu yalnız zaman özü dəyərləndirməlidir. Məşhur bir deyimə görə, dağın əzəmətini duymaq və müşahidə etmək üçün ona uzaqdan baxmaq lazımdır. Tarixi hadisələr də belədir. Ölkəmizdə son 50 ildə baş verən proseslərə və həmin proseslərin mərkəzində dayanan ulu öndər Heydər Əliyevin fövqəladə missiyasına nəzər saldıqda, o dövrün tariximizdə müstəsna yerini və əhəmiyyətini daha dərindən dərk edirik. 

İlk dəfə Azərbaycanda siyasi hakimiyyətə 1969-cu il iyulun 14-də gələn Heydər Əliyev qısa zamanda ölkəmizin sosial-iqtisadi və mədəni yüksəlişinin əsasını qoydu. Bu illərdə respublikamızın sosial-iqtisadi tərəqqisi yolunda əsl dönüş yarandı: 250-dən çox zavod, fabrik istifadəyə verildi, 630 min nəfərlik yeni iş yeri yaradıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti Azərbaycanda xalq təsərrüfatının inkişafı üçün beş xüsusi qərar qəbul etdi. 1971-1985-ci illərdə iqtisadiyyata sərmayə qoyuluşunun həcmi 32 milyard rubl təşkil edirdi ki, bu da sovet dövrünün əvvəlki 50 ilində istifadə olunan vəsaitdən 2,1 dəfə çox idi. 
1985-ci ildə Cənubi Qafqazda ən iri poladəritmə zavodu istifadəyə verildi, Dərin Dəniz Özülləri zavodu tikildi. Sənayedə struktur dəyişiklikləri aparıldı. Bakı məişət kondisionerləri zavodu qısa müddətdə tikilib istifadəyə verildi (1975). “Ulduz”, “Azon” cihazqayırma zavodları, Sumqayıt kompressorlar zavodu, Bakı elektrik qaynaq avadanlığı zavodu işə düşdü. Onlarca istehlak malları istehsal edən, o cümlədən Abşeron, Siyəzən broyler fabrikləri, Bakı şampan şərabları zavodu, Sumqayıt şüşə zavodu, Ələt ağac emalı kombinatı və s. müəssisələr istifadəyə verildi. Araz, Tərtər, Şəmkir su-elektrik stansiyaları, “Azərbaycan” DRES-i işə salındı. Azərbaycanın enerji müstəqilliyi təmin olundu. 
Böyük meliorasiya proqramı həyata keçirildi. Baş Mil, Abşeron, Lənkəran, Şəmkir kanalları, Araz, Arpaçay, Sərsəng, Yuxarı Xanbulançay, Şəmkir və başqa dəryaçalar istifadəyə verildi. Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan iri pambıqçılıq rayonlarına çevrildi. Lənkəran-Astara, Quba-Xaçmaz zonalarında tərəvəzçilik daha da inkişaf etdirildi. Üzüm plantasiyaları 1970-ci ildəki 121,6 min hektardan 1985-ci ildə 268 min hektara çataraq 2,2 dəfə artdı. İri heyvandarlıq kompleksləri tikildi. 
Kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981-1985-ci illərdə 1966-1970-ci illərin səviyyəsinə nisbətən 2,6 dəfə çoxaldı. Geniş iqtisadi quruculuq sayəsində əmək məhsuldarlığı sənayedə 2,1, kənd təsərrüfatında 1,8 dəfə, xalq təsərrüfatında gəlir 335 faiz və ya Ümumittifaq göstəricisindən 2 dəfə çox artdı. Həmin illərdə yaradılmış iqtisadi, elmi-texniki və mədəni potensial gələcəkdə respublikanın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratdı. 
XX əsrin 70-80-ci illərində SSRİ-də öz iqtisadiyyatını müstəqil idarə etməyə qadir olan 2 respublikadan biri Azərbaycan idi. Respublikada geniş sosial-mədəni quruculuq proqramı həyata keçirilirdi. Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər böyüyür, ətrafında yeni yaşayış massivləri salınırdı. Azərbaycanda 20 milyon kvadratmetr mənzil sahəsi istifadəyə verildi, yüzlərlə müasir bina tikildi, yollar, körpülər, kənd və qəsəbələr salındı. Azərbaycan az vaxt ərzində inkişafın başlıca keyfiyyət ölçülərinə görə müttəfiq respublikalar içərisində önə çıxdı. Sürətli sosial-iqtisadi inkişaf nəticəsində ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac edilən məhsulların həcminə görə İttifaq miqyasında Azərbaycanın rolu xeyli artdı.
Respublikada elm, təhsil, ədəbiyyat, incəsənət və memarlığın inkişafına da diqqət artırıldı. Ali, orta ixtisas, ümumtəhsil məktəbləri, teatr, klub, muzey, kitabxanalar şəbəkəsi xeyli genişləndi. Azərbaycanda onlarca yeni elmi-tədqiqat müəssisəsi yaradıldı. 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının nəzdində “Xəzər” Elmi Mərkəzi fəaliyyətə başladı. 1978-ci ildə mərkəzin əsasında Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutu, 1981-ci ildə isə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi təşkil edildi.
Respublikada kitab çapı və mətbuat xeyli inkişaf etdi. 1969-cu ildə “Qobustan” almanaxı nəşr edilməyə başlandı. 1976-1987-ci illərdə Azərbaycanda ilk dəfə böyük informasiya tutumlu 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası” nəşr edildi. Xalqın mədəni və mənəvi dəyərlərinə diqqət artırıldı. Nizami, Əcəmi, Nəsimi, Tusi, Vaqif, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Hüseyn Cavid kimi görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, Azərbaycan teatrının 100 illiyi təntənə ilə qeyd olundu. Azərbaycan tarixinə və dilinə aid qiymətli araşdırmalar yüksək dövlət mükafatlarına layiq görüldü. 1974-cü ildən ali məktəblərdə Azərbaycan tarixinin tədrisinə ayrılan saatlar artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu və bu sahədə səmərəli işlər görüldü. Vaxtilə “pantürkist” kimi damğalanmış Hüseyn Cavidin cənazəsinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. 1977-ci ilin noyabrında onların Dağlıq Qarabağ məsələsini növbəti dəfə qaldırmaq cəhdinin qarşısı qətiyyətlə alındı. Qısa müddətdə Azərbaycan SSR-in sürətli sosial-iqtisadi və mədəni inkişafı keçmiş SSRİ rəhbərliyində Heydər Əliyevə böyük nüfuz qazandırdı. Ulu öndər 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında Siyasi Büroya üzv seçildi, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi və bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdi.
Bütövlükdə, 1969-1987-ci illər Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr kimi daxil olub. Bu dövrdə müasir müstəqil Azərbaycan Respublikasının təməli qoyulub.
Sovet İttifaqının dağılması ərəfəsində SSRİ rəhbərliyi mühüm geostrateji mövqeyi və zəngin təbii sərvətləri ilə fərqlənən Azərbaycana qarşı məkrli siyasət həyata keçirməyə başladı. İlk növbədə, bu proseslərin qarşısını ala biləcək, məhz öncəki illərdə Azərbaycan xalqına qarşı hər hansı təxribatın qarşısını cəsarətlə almış bir insan – ulu öndər Heydər Əliyev sovet rəhbərliyindən düşünülmüş şəkildə uzaqlaşdırıldı. Məhz bundan sonra Azərbaycana qarşı istənilən təxribatı həyata keçirmək mümkün oldu. SSRİ-nin dağılması nəticəsində iqtisadi böhran, ərazilərin itirilməsi, qaçqın, köçkün ordusunun yaranması Azərbaycanın inkişafına, iqtisadi-siyasi durumuna mənfi təsir göstərdi. Ölkəyə səriştəsiz insanların rəhbərlik etməsi həm iqtisadi, həm də siyasi böhran şəraitində müstəqilliyimizin, dövlətimizin mövcudluğunu belə sual altında qoymuşdu.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra siyasi,  iqtisadi, sosial, mədəni  sferalarda böyük inqilabi dəyişikliklər baş verdi. Azərbaycan xalqı, ilk növbədə, özünə lider qazandı – uzun illər respublikamızı idarə etmiş, əməyi sayəsində özünü təsdiqləmiş, daim xalqın uğuruna çalışmış,  respublikamızı çox çətin bir dövrdə ağır bəlalardan qurtaran, millətin gələcəyinin, dövlətçiliyin təməlini quran, siyasi sabitliyi, əmin-amanlığı təmin edən, gələcək iqtisadi inkişafın əsasını qoyan bir lider. Ulu öndərin hələ sovet dövründə bu amallar uğrunda  böyük xidmətləri olmuşdu. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, C.Naxçıvanski adına hərbi liseyin, ölkədə müstəqil sosial-iqtisadi infrastrukturun yaradılması və inkişafı, istehsal müəssisələrinin artırılması gələcək müstəqilliyin təməlini qoyurdu. Ulu öndər özü də deyirdi ki, dili, ordusu olan bir ölkə, iqtisadiyyatı güclü olan dövlət müstəqil sayılır. 
Biz tariximizin bütün anlarını yadda saxlamalıyıq. Unutmayaq ki, xalqımızın azadlıq və milli istiqlal uğrunda mübarizə tarixi şanlı və şərəfli olduğu qədər də faciəvi olub. Zaman-zaman tarixi şəraitin diktəsi və xalqın azadlıq ruhunun hökmü ilə milli haqlarımız uğrunda gedən mücadilələr son nəticədə məğlubiyyətə uğramış, ata-babalarımızın müstəqillik arzuları yadelli işğalçılar tərəfindən qan içində boğulmuşdur. Ən ibrətamiz və təəssüfləndirici hal odur ki, bu acı məğlubiyyətlərdə obyektiv proseslərlə yanaşı, subyektiv amillərin də rolu olub. Daxili çəkişmələr və münaqişələr, regional və sinfi maraqların milli mənafelərdən üstün tutulması, ən başlıcası xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyi bacaran ümummilli liderin olmaması məhz bu cür subyektiv amillərdəndir ki, xarici müdaxiləyə meydan açmış, milli müstəqillik üçün yaranmış tarixi şansın gerçəkləşməsinə imkan verməmişdir. Bunu XVIII əsrdə – bütün dünyada milli dövlətlərin formalaşması prosesinin getdiyi bir zamanda Azərbaycanın xanlıqlara parçalanması faktı da təsdiq edir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadıqdan sonra süquta uğraması da. 
XX əsrin sonunda xalqımızın milli istiqlala qovuşması üçün növbəti tarixi şərait yarandı. 1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə dövlət idarəçiliyində təcrübəsi və səriştəsi olmayan qüvvələrin daxili və xarici siyasətdə buraxdığı ciddi səhvlər xalqımızı çətinlikər  qarşısında qoydu. Siyasi didişmələr və qeyri- qanuni silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə çatdırdı. Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətə düşməsi yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Lakin bu dəfə tarix təkrarlanmadı. Çünki əvvəlki dövrlərdən fərqli olaraq indi xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi ümummilli lider, böyük siyasi iradəyə və zəngin idarəçilik təcrübəsinə malik şəxsiyyət  Heydər Əliyev var idi. 
Xalqın mütləq əksəriyyətinin, o cümlədən hakimiyyət nümayəndələrinin təkidi ilə Bakıya gəlib Ali Sovetin Sədri, daha sonra ölkə Prezidenti seçilən  Heydər Əliyev müstəqilliyimizə qarşı yönəlmiş, necə deyərlər, ənənəvi ssenarini pozdu, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi. Bu, çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən bariz nümunə, ən parlaq örnəkdir. 1993-cü ilin son dərəcə gərgin şəraitində Heydər Əliyevin daxili sabitliyi təmin etmək, xarici təzyiqlərin qarşısını almaq və beləliklə, dövlət müstəqilliyimizi qoruyub saxlamaq istiqamətində apardığı nəhəng işlər bu gün öz bəhrəsini verir. Biz o günlərin canlı şahidləri olsaq da, həmin dövrdə baş vermiş prosesləri yenidən mənalandırmaq, onların mahiyyətinə daha dərindən varmaq ehtiyacı duyuruq. 
Heydər Əliyevin Ali Sovetin Sədri seçilərkən etdiyi çıxışın mətni xüsusi diqqət çəkir. Ötən illərin arxasından həmin proqram xarakterli çıxışa nəzər saldıqda görürük ki, ulu öndərin bütün sonrakı fəaliyyəti o tarixi çıxışdakı müddəaların addım-addım gerçəkləşdirilməsindən ibarətdir. Millət və dövlət qarşısında götürülmüş öhdəliklərə sədaqətin bundan böyük nümunəsini təsəvvür etmək çətindir. Ulu öndər müstəqilliyimiz üçün təhlükə törədən amilləri aradan qaldıraraq, onu, öz təbirincə desək, dönməz və əbədi etmişdir. Həmin çıxışda müəyyən edilən digər iki istiqamət – demokratik islahatların həyata keçirilməsi və ərazi bütövlüyünün təmin olunması istiqamətində də ardıcıl işlər görülmüşdür.
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi dövründə əldə olunan nailiyyətlər Azərbaycanı həyatın müxtəlif sferalarında dünya miqyasında aparıcı mövqelərə çıxardı. Məhz ölkə başçısı İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti sayəsində Azərbaycan iqtisadi inkişaf tempinə görə ən yüksək yerlərdən birini tutdu.  Dünyanı iqtisadi böhran bürüdüyü bir dövrdə respublikamız həmin böhranı, demək olar ki, hiss etmədən adladı və iqtisadi inkişafını davam etdirdi. 
Mən bir şərqşünas alim kimi, ilk növbədə, görkəmli dövlət xadimi Heydər Əliyevin xarici siyasətindən danışmaq istərdim. Ulu öndər dövlətin xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və digər  sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışırdı. Ümummilli lider Heydər Əliyevin xarici siyasətində, Şərqə, qonşu ölkələrlə, xüsusən Türkiyə, İran və digərləri ilə  münasibətlərdə dahi uzaqgörənlik, müdriklik və mahir davranış həmişə duyulurdu. Azərbaycanla çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələri ilə bərabərhüquqlu münasibətlər qurulur, regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq əlaqələri saxlanılır, bu əlaqələr inkişaf etdirilərək möhkəmləndirilirdi və indiyədək də uğurla davam etdirilir. Burada, əsasən, dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda, region problemləri ilə hər hansı bir əlaqəsi olan, bizə coğrafi və siyasi cəhətdən yaxın ölkələrlə münasibətlərə daha çox diqqət yetirilirdi. Belə ölkələrə birinci növbədə Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan və digərləri aiddir. Bu və İslam Konfransı Təşkilatına (indiki İslam Əməkdaşlıq Təşkilatı) daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı gənc dövlətimiz üçün çox vacib idi. Bütün bu amilləri nəzərə alan ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində böyük uğurlar qazanılmış və qazanılmaqdadır.
Heydər Əliyevin hakimiyyətə qayıdışından və Elmlər Akademiyasının üzvləri ilə, elmi ictimaiyyətlə tarixi görüşündən, bunun nəticəsində atdığı addımlardan sonra akademiya sistemində mövcud olan dərin böhran, tənəzzül, hətta iflas proseslərinin qarşısı alındı. Elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrlar hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirildi. Ümummilli liderin 2001-ci il 15 may tarixli fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verildi. Bu tarixi fərman ölkədə fundamental elmin nailiyyətlərini, Azərbaycan xalqının sosial, iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu, dövlətin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqlədi. Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu sahədə islahatları, elmin inkişaf strategiyası istiqamətlərində müvafiq sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi üçün mühüm addımlar atdı. 
Ötən illərdə ölkəmizdə alimlərin məvacibləri dəfələrlə, elmin inkişafına yönəldilən xərclər, təxminən, 7 dəfə artırılıb. Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya təsdiq olunub, onun həyata keçirilməsi üçün dövlət proqramı qəbul edilib və s. Bütün bunlar göstərir ki, ­­AMEA-ya­, Azərbaycan elminə diqqət ilbəil artırılır. Elmimizin dünyaya inteqrasiyası məsələsinə gəldikdə isə bu proses davamlı olaraq həyata keçirilir. Hazırda bu istiqamətdə böyük işlər gedir, mütəmadi beynəlxalq konfrans, simpozium, seminarlar təşkil edilir. 
İstənilən şəxsin Vətən, xalq qarşısında xidməti onun gördüyü işlərlə, yaratdığı maddi sərvətlərlə, harada olursa-olsun, Vətəninin, xalqının mənafeyini hər şeydən uca tutması ilə ölçülür. Dahi şəxsiyyət Heydər Əliyevin həyat yolunu nəzərdən keçirərkən, bir daha əmin oluruq ki, onun çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycana, xalqa fədakarcasına xidmətin bariz nümunəsidir. Bu keçmiş sovet dövründə də belə olub, Vətənimiz müstəqillik əldə edəndən sonra da. Ulu öndər Heydər Əliyevin bütün rəhbərliyi dövrü apardığı ümumi siyasət bu olmuşdur: Azərbaycanın ümummilli mənafelərini istənilən səviyyədə müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın və ölkənin təhlükəsizliyini təmin etmək. Hesab edirəm ki, ulu öndər tarixboyu xalqımızın yaşadığı ən möhtəşəm renessans dövrünün banisidir. Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinə böyük qurucu kimi daxil olub. 
Bu gün dahi rəhbər Heydər Əliyevin memarı olduğu Azərbaycan dövlətinin sükanı arxasında onun siyasi kursunun ən layiqli davamçısı – Prezident İlham Əliyev və dövlət başçısının ən yaxın silahdaşı  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva durur. Onlar ulu öndərin ideyalarını yaşadaraq, çiçəklənən Azərbaycanı daha uca zirvələrə aparırlar. Ulu öndərimiz bu yolda daim bizimlədir, onun siyasi kursu uğurla davam etdirilir. Çünki Heydər Əliyevin ömrü Vətənə fədakarcasına xidmətin bariz nümunəsi, dövlətimizin tarixinin parlaq səhifəsi, xalqımızın həyatının ayrılmaz bir parçasıdır.

6 Dekabr 2019 23:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə