Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq–iqtidar birliyi ölkəni yeni uğurlara aparır

Ölkəmiz ötən 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib. Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Respublikamızın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq–iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən   mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib, əhalinin rifafı daha da yaxşılaşdırılıb.

Hazırda respublikamızda işsizlik probleminin həlli, əhalinin sosial şəraitinin yaxşılaşdırılması məsələləri dövlətimizin başçısının yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Ölkə rəhbəri hökumətin həyata keçirdiyi tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, habelə əhalinin üzləşdiyi problemlərin həlli istiqamətində mühüm addımlar atır.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də ­Şamaxı ­rayonunda olarkən, zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilən 44 mənzilli yaşayış binasında  Fərdar Həsənov və anası Xuraman Həsənova ilə çay süfrəsi arxasında söhbətində də bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı bildirib: “Mən bu il üçüncü dəfədir ki, Şamaxıdayam. Birinci dəfə o bədbəxt hadisə ilə əlaqədar gəlmişdim, fevral ayında, zəlzələ baş verəndən sonra. Müvafiq təlimatlar verildi. Bütün qüvvələr səfərbər olundu. İkinci dəfə mart ayında gəlmişdim. Artıq birinci evlərin tikintisini də qeyd etdik. Göstəriş verdim ki, maksimum çalışmalıyıq ilin sonuna qədər bütün evlər tikilsin. Şadam ki, buna nail olmuşuq. Bu da əslində misli görünməmiş məsələdir. Çünki 10 ay ərzində bütün fərdi evlər tikildi, təmir olundu. İndi düzdür, bəzilərinin tikintisi davam edir. Hündürmərtəbəli, 174 mənzilli üç bina, o cümlədən bu bina.
Təkcə Şamaxı rayonunda yox, Ağsuda, İsmayıllıda da böyük işlər görülübdür. Bütün bunları biz dövlətin vəsaiti hesabına etdik. Bir daha göstərdik ki, Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının ­yanındadır”.
Dövlət başçımızın bu sözləri onun insanların qayğılarına necə həssaslıqla yanaşmasının, vətəndaşların mövcud problemlərinin həlli üçün necə səy göstərməsinin bariz ifadəsidir. 
Prezident İlham Əliyev məmurlara da, ilk növbədə, yerlərdə vəziyyəti düzgün qiymətləndirməyin, bununla bağlı çox ciddi təhlillər aparmağın, çatışmayan cəhətlərin üzə çıxarılmasının, habelə mövcud problemlərin həlli üçün səy  göstərilməsinin zəruriliyini daim diqqətə çatdırıb. Yalnız belə halda dövlət başçısı xalqa ləyaqətlə xidmət etmək nümunəsi göstərilməsinin mümkünlüyünü ­xatırladıb.
Bax, ölkə rəhbərinə xalq sevgisinin, xalq–iqtidar birliyinin əsasında da məhz bu amil dayanır. Yeri gəlmişkən, xatırladım ki, Dünya İqtisadi Forumunun müvafiq hesabatının “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyasında Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın mövcudluğunun təsbit edilməsi, belə bir etimadın isə ictimai-siyasi və iqtisadi sabitliyi möhkəmləndirməsi xüsusi vurğulanıb.     
Azərbaycan Prezidentinin  Şamaxı rayonunda olarkən, zəlzələdən zərər çəkən ailədə çay süfrəsi arxasında söhbəti də bir daha göstərdi ki, dövlətimizin başçısı daim xalqla bir yerdədir, xalqın maraqlarını ifadə edir, verdiyi  tapşırıqların icrası ilə yerində maraqlanır,  dövlət xidmətlərin keyfiyyətinin və əlçatarlılığının daim artırılması istiqamətində mühüm addımlar atır.
Hazırda qarşıda duran ən mühüm məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın əsasında da məhz sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının yaxşılaşdırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin mövcudluğu isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilir.

 

Füzuli HACIYEV, 
tarix üzrə fəlsəfə doktoru 

6 Dekabr 2019 23:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə