Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin yeniləşdirilməsi struktur islahatlarının zəruri tələbidir

Ali qanunverici orqanda çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə parlament qarşısında təşəbbüs qaldırması, Milli Məclisin bu məsələni müzakirəyə çıxararaq Azərbaycan Respublikasının Prezidentinə müraciət etməsi, dövlət başçısının isə atılacaq bu addımın Konstitusiyaya uyğunluğu ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərməsi, nəhayət, dekabrın 4-də Konstitusiya Məhkəməsinin siyasi-hüquqi prosedurlarla əsaslandırılmaqda olan bu məsələnin Konstitusiyaya uyğun olmasına dair qərar qəbul etməsi ölkə gündəmində aparıcı yer tutur. 

Azərbaycanda aparılan radikal struktur və idarəetmə islahatlarının bu zəruri seqmenti ilə bağlı taleyüklü hadisəni ölkə ictimaiyyətinin əksər dairələri kimi, vətəndaş cəmiyyətinin təmsilçiləri də hədsiz maraqla və gələcəyə  böyük imidlə izləyirlər. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov mediaya açıqlamasında bildirib ki, parlamentin buraxılmasının zəruri hüquqi və sosial-siyasi aspektləri var və ölkənin ali qanunverici orqanında aparılması nəzərdə tutulan islahatla bağlı indiyədək gedən proses Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq qanunlara uyğun şəkildə aparılıb:
– Hüquqi baxımdan əvvəllər ölkəmizdə parlamentin buraxılma təcrübəsi və qaydası yox idi. Xarici  ölkələrdə parlamentin buraxılmasının yolları müxtəlifdir. Məsələn, parlamentli dövlətlərdə ali qanunverici orqanın buraxılmasının öz qaydası, prezident üsul-idarəli ölkələrdə bir başqa forması var.  Parlamentin özünü buraxma və icra hakimiyyəti tərəfindən buraxılma prosedurları da mövcuddur.  Ölkəmizdə 2016-cı ildən sonra Konstitusiyaya ciddi dəyişikliklər olub. Yeni institutlar, o cümlədən parlamentin buraxılması institutu yaradılıb. 2016-cı ildə referendum yolu ilə Konstitusiyaya əlavə olunan  yeni maddədə Milli Məclisin buraxılmasının hüquqi əsasları müəyyən edilib.  Azərbaycan dövləti prezident üsul-idarəlidir və parlamenti Prezident buraxa bilər. Bunun səbəbləri Konstitusiyada aydın göstərilib.
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin deputatlarının mütləq əksəriyyətinin parlamentin öz səlahiyyətini artıq həyata keçirə bilməməsi barədə qəti mövqeyinin formalaşmasını nəzərə alaraq, hesab etdi ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə parlamentin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin buraxılması Konstitusiyanın 981-ci maddəsinə uyğundur. Qərarda o da qeyd edildi ki, parlament buraxıldıqda qanunvericilik hakimiyyətinin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanı parlamentin səlahiyyətlərinin müəyyən dərəcədə saxlanılması zəruridir. Qərarda buna hansı hallarda tələbat yarandığı da qeyd edildi.
Konstitusiya Məhkəməsi Milli Məclisin ölkə Prezidenti tərəfindən buraxılmasının və yeni seçkinin keçirilməsinin Konstitusiyaya uyğunluğunu müəyyən edərək müvafiq qərar qəbul edəndən bir gün sonra–dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi haqqında sərəncam imzaladı. 
Cəmiyyətdə mövcud olan əsas qənaət ondan ibarətdir ki, islahatların növbəti dalğasında yeni əhval-ruhiyyəli və genişmiqyaslı yeniləşməyə köklənmiş parlament olmalıdır. Mən və təmsil etdiyim qurumun çevrəsində olanlar da bu mülahizənin tərəfdarıyıq. 

 

Hazırladı:
R.TAHİR, “Xalq qəzeti”

6 Dekabr 2019 23:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə