Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar prosesində qanunun aliliyi prinsipinə tam riayət olunur

Bu il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, parlamentə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun bu il dekabrın 4-də keçirilən iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılıb və yekun olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub. Bununla da, ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün legitim əsasların mövcudluğu təsdiq olunub. Konstitusiya Məhkəməsi Plenumunun qərarı ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə söz açan Bakı Tibb Universitetinin professoru, tibb elmləri doktoru Anar Ağayev dedi: 
– Mən, əlbəttə, ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələri diqqətlə izləyirəm. Fəxrlə qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan islahatları bir vətəndaş və ziyalı olaraq dəstəkləyirəm. Hesab edirəm ki, bu köklü dəyişikliklər müstəqil dövlətimizin keyfiyyətcə yeni, daha yüksək mərhələyə yüksəlməsinə səbəb olacaq.
Etiraf etmək lazımdır ki, Milli Məclisin hazırkı tərkibi islahatlar kursunun dinamikasına uyğun deyildi. Qanunvericilik təşəbbüslərinin, rasional təkliflərin irəli sürülməsində süstlük müşahidə olunurdu. Təbii ki, hakimiyyətin digər qolları kimi, qanunvericilik orqanının fəaliyyəti, həm Azərbaycanın çağdaş inkişaf səviyyəsinə, həm də müasir dövrün çağırışları və qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə adekvat olmalıdır. Yəni, bu sahədə də islahatlara ciddi ehtiyac vardı. 
Artıq parlamentin yenilənməsi ­prosesi uğurla başlanıb. Təqdirəlayiq haldır ki, Azərbaycanda gedən ictimai-siyasi proseslər cəmiyyətin daxilindəki sağlam düşüncəli, dövlətçiliyə sadiq qüvvələrin hərtərəfli dəstəyi ilə baş verir. Bu zaman qanunların aliliyi təmin olunur. Bu, çox vacib məsələdir. Biz hazırda Azərbaycanda sivil parlamentarizm ənənələrinin formalaşdığını müşahidə edirik. Buna yalnız sevinmək olar. 
Əminəm ki, möhtərəm Prezidentin sərəncamı ilə Milli Məclisə bu il fevralın 9-na təyin edilən növbədənkənar seçkilər tam azad və demokratik şəraitdə keçiriləcək.

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI, “Xalq qəzeti” 

6 Dekabr 2019 23:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə