Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bələdiyyə seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb

Son illər Azərbaycanda bütün seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi beynəlxalq qurumlar tərəfindən də etiraf olunur. Seçkilərin gedişini izləmək üçün ölkəmizə gəlmiş çoxsaylı beynəlxalq müşahidəçilərin rəylərində də indiyədək keçirilən seçkilər zamanı hansısa ciddi qanun pozuntusunun baş vermədiyi öz əksini tapıb. Müşahidəçilərin fikrincə, Azərbaycan demokratik və şəffaf seçki keçirilməsinə görə hətta Avropanın inkişaf etmiş bir sıra ölkələrini də qabaqlayıb. Xüsusilə, qeyd edilir ki, seçki zamanı səsvermə kabinələrinə veb-kameraların quraşdırılması və barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi seçkilərin şəffaf keçirilməsinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Əksər beynəlxalq müşahidəçilər Azərbaycanda rastlaşdıqları belə bir demokratik üsulu öz ölkələrində də görmək arzusunu gizlətməmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə demokratik və şəffaf seçki keçirilməsi üçün siyasi iradə nümayiş etdirmiş və bir sıra mühüm əhəmiyyətli fərmanlar imzalamışdır. Hətta seçki prosesinə müdaxilə edən dövlət məmurlarını ciddi cəzalandıraraq bir neçəsini vəzifəsindən azad etmişdir. Bununla da azad və ədalətli seçki keçirilməsinə nəzarət daha ciddi xarakter almışdır. Bundan başqa, bütün dairə seçki komissiyaları üçün hər cür şəraitin yaradılması və lazımi avadanlıqlarla təmin olunması da obyektiv və şəffaf seçkilərin keçirilməsinə öz müsbət təsirini göstərmişdir.
Bu ilin sonunda – dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə Azərbaycan tarixinə daha bir demokratik seçki günü qeyd olunacaq. Seçkilərdə demokratikliyin və şəffaflığın təmin olunması üçün bütün imkanlardan səmərəli istifadə edilir. İstər dairə, istərsə də məntəqə seçki komissiyalarında bütün hazırlıq işləri başa çatmışdır. Azad və ədalətli seçki keçirilməsi, namizədlərin təbliğat və təşviqat kampaniyaları aparması üçün bərabərhüquqlu şərait yaradılmışdır. Şəhərin müvafiq yerlərində təşviqat məqsədilə quraşdırılmış dəmir lövhələr namizədlərin və onların təmsil olunduqları siyasi qurumların ixtiyarına verilmişdir. 
Mərkəzi Seçki Komissiyası əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkiləri ilə əlaqədar mütəmadi olaraq maarifləndirmə proqramı təşkil edir. Bələdiyyə seçkilərində iştirakçılara eyni imkanlar yaradılması, seçicilərin öz hüquqlarından tam maneəsiz və sərbəst istifadə etmələri və beləliklə səsvermənin azad, ədalətli və şəffaf keçirilməsi üçün geniş iş aparılır və bütün addımlar atılır. Seçkilərin yüksək səviyyədə təşkil olunub keçirilməsində maarifləndirmənin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, MSK çoxsaylı layihələr gerçəkləşdirib. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” bütün maarifləndirmə layihələrinin həyata keçirilməsində MSK üçün istiqamətverici əsas rolunu oynayır.
Həmin tədbirlərdən birini xüsusi qeyd etmək istərdik. Daxil olmuş ərizə və şikayətlərə məhkəmə qaydasında baxılması və onların həlli ilə əlaqədar Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Seçki Komissiyasının ekspert qrupu üzvlərinin birgə keçirdikləri seminar müşavirələrini nəzərdə tuturuq. Məhz bu mövzuda keçirilmiş tədbirlər ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı sahəsində reallaşdırılmış ən mühüm addımlardan biridir.
Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyası sədrləri üçün sentyabrın 7-dən 12-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Seçki hüququ” üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir. 23-25 sentyabrda isə dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyasının sədrləri üçün belə kurslar keçirilmişdir. Maarifləndirmə işinin yüksək səviyyədə təşkili seçki günü qarşıya çıxan problemlərin asanlıqla aradan qaldırılmasında mühüm rol oynayır. 
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun verdiyi açıqlamada bildirilir ki, bu seçkilərdə siyasi partiyaların fəallığı diqqəti cəlb edir. Bunu seçkiyə qatılmış partiyaların sayı da təsdiqləyir. Diqqətə çatdıraq ki, builki bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək. Bu, əvvəlki seçkilərlə müqayisədə çoxdur. Artıq seçkidə iştirak etmək istəyən həmin siyasi partiyaların irəli sürdüyü namizədlər qeydə alınıb və təbliğat- təşviqat kampaniyasına start verilib. Faktlar da təsdiqləyir ki, seçkilərə qatılan və qeydə alınan namizədlərin, təxminən, üçdəbiri siyasi partiyaların namizədləridir.
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 1606 bələdiyyəyə 15 min 156 bələdiyyə üzvü seçilməlidir. Bələdiyyə seçkiləri ilə bağlı 42 mindən artıq müraciət olunub. İmza vərəqələrini vaxtında qaytaranların hamısı qeydə alınıb.
MSK-nın məlumatına görə, 60 namizəd qeydə alındıqdan sonra öz ərizəsi ilə namizədliyini geri götürüb. Bülletenlərə 41 min 800-dən artıq namizədin adı daxil olunacaq. Əgər qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, mövcud qanunvericiliyə görə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bundan sonra, bülletenlərdə həmin namizədlərin adının üzərindən xətt çəkiləcək.
Seçkilərə hazırlığın gedişi Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir. Mənsub olduğu siyasi partiyadan asılı olmayaraq, hər namizədə hörmətlə yanaşılır, onların heç birinə qarşı süni əngəl yaradılmayıb. Seçkilərin daha gərgin və mübariz əhval-ruhiyyədə keçirilməsi üçün bütün imkanlardan istifadə olunub. Namizədlərə yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bu vaxta qədər heç bir narazılıq və şikayət qeydə alınmayıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq onlara açıq və qapalı yerlər ayrılıb. Artıq həmin ünvanlar dairə seçki komissiyalarının lövhələrində asılıb və MSK tərəfindən də nəzarətdədir. Təxminən 3500 belə ünvan var ki, onların 1700-dən çoxu açıq, qalanları isə qapalı məkanlardır. 
Respublikamızın bütün ərazilərində fəaliyyət göstərən seçki məntəqələri artıq hazırlıq işlərini başa çatdırıblar. Seçicilər adlarının seçici siyahısında olub-olmamasını dəqiqləşdirmək üçün hər hansı bir çətinliklərlə qarşılaşmırlar. Çünki siyahıların dəqiqləşdirilməsi prosesində seçicilərin aktiv iştirakı və marağı, habelə MSK-nın “115 qaynar xətti” və internet səhifəsindəki onlayn müraciət imkanı məlumatların yoxlanılması və dəqiqləşdirilməsinə şərait yaradıb. Bununla bərabər, müasir texnologiyalardan və texniki imkanları daha da təkmilləşdirilən xüsusi proqram təminatlarından geniş istifadə olunması seçici siyahılarının mükəmməl hazırlanması, yüksək standartlara uyğun tərtibi və çapı üçün görülən işlərin effektliyini daha da yüksəldib.
Ölkəmizdə keçirilən seçkilər daim yerli və beynəlxalq ictimaiyyətin maraq dairəsində olub. Bunu bu vaxta qədər keçirilən seçkilər də çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakı da təsdiqləyir. Bələdiyyə seçkilərində də aşkarlığın və şəffaflığın daha geniş təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, MSK Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə və 15 ölkənin ali seçki qurumlarına dəvətnamə göndərib.
Bunlar bir daha təsdiqləyir ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf başa çatması üçün hər cür şərait yaradılıb. 

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

6 Dekabr 2019 23:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə