Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaş rifahının yüksəlməsi ön plandadır

Azərbaycan vətəndaşı son illərdə ölkədə gedən hərtərəfli və sürətli inkişafın, həyata keçirilən qlobal layihələrin iştirakçısına çevrilib. Əhalinin rifahının yüksəlməsi – dolanışığının yaxşılaşması, işlə təminatı, məcburi köçkünlərin və həssas kateqoriyaya aid qrupların mənzil problemləri, ölkədə həyata keçirilən islahatlar və layihələr reallaşdırılan sosial proqramların köməyi ilə həllini tapır.

Sosial siyasət məsələləri Prezident İlham Əliyevin rəhbərliyi dövründə həmişə prioritet olmuş, vətəndaşların rifahının yüksəlməsi həlli vacib amil kimi ön planda dayanmışdır. Ölkəyə rəhbərlik etdiyi 16 ildə dövlət başçımızın imzaladığı fərman və sərəncamların böyük hissəsi məhz əhalinin aztəminatlı təbəqəsinin – şəhid ailələrinin, məcburi köçkünlərin, əlillərin, tələbələrin, əhalinin azimkanlı təbəqəsinin və digər həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Ötən müddətdə maaşların 7 dəfə, pensiyaların 9 dəfə, minimum əməkhaqqının 6,5 dəfə artması dediklərimizi təsdiq edir. Məcburi köçkünlər və şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və bu kateqoriyaya aid digər şəxslər növbəlilik əsasında hər cür şəraiti olan fərdi ev, mənzil və avtomobillə təmin olunmuşlar. 
Əhalinin sosial müdafiə məsələlərinin gücləndirilməsindən danışanda, cari ildə həyata keçirilən və bu sahədə inqilabi addımların atılmasını təmin edən, 4 milyon 200 min vətəndaşı əhatə edən iki mühüm sosial islahat paketini xüsusi vurğulamalıyıq. Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə zəmin yaradan həmin addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılıb ki, bu da Azərbaycan Prezidentinin ölkə vətəndaşının rifahının yüksəlməsinə xüsusi diqqətinin və qayğısının göstəricisidir.
Prezidentin bu ilin ilk aylarında təqdim etdiyi və 830 min insanın yararlandığı birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı 180, pensiyanın minimum məbləği isə 160 manata çatdırılmışdı. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılmışdı. İki yeni təqaüd növü – sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunmuş, aylıq sosial müavinət alan I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilmişdi. Ümumilikdə, dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək oldu. 
İkinci sosial paketi əhatə edən sərəncamlarla minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 250 manata çatdırıldı. 950 min nəfərin maaşlarının qaldırılmasına səbəb olan bu artımın 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlara ünvanlanıb.
Dövlət başçısının müvafiq fərmanının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki (ƏƏSMN) komissiya daha 43 şəhidin 57 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib. İndiyədək, ümumilikdə, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Artıq 11791 şəhidin 17558 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri başa çatıb.
Dövlət başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsi və həssas qruplara dəstək məqsədilə yalnız əməkhaqqı, müavinət və pensiyaları artırmır, eyni zamanda, müxtəlif layihələrə start verir, sərəncamlar imzalayır. Prezidentin uğurlu sosial siyasəti həssas qruplardan olan vətəndaşlara dövlət qayğısının artırılması sahəsində ardıcıl şəkildə mühüm addımların atılmasını təmin edib. Bu siyasətin tərkib hissəsi kimi, yeni sosial təyinatlı obyektlər, o cümlədən sosial xidmət və reabilitasiya məqsədli müəssisələr tikilərək istifadəyə verilir. Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamı da ölkədə sosial müdafiə və tibbi-sosial reabilitasiya əhəmiyyətli müəssisələr şəbəkəsinin genişləndirilməsinə və müasir infrastrukturun qurulmasına xüsusi qayğının növbəti təzahürüdür. Yeni sərəncamla bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə maliyyə vəsaitinin ayrılması bu sahədə işlərin uğurla davam etməsinə imkan yaradır. 
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial sahədə aparılan köklü islahatlar, sosial müdafiə sisteminin gücləndirilməsi ilə yanaşı, aktiv məşğulluq proqramları da ildən-ilə genişləndirilir. Ötən dövrdə nazirliklə Dünya Bankı arasında uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Əməkdaşlıq özünüməşğulluq proqramını da əhatə etməklə, işsiz və ­işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan verən bu proqramın genişlənməsinə mühüm dəstəkdir. “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsinin özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, Dövlət Məşğulluq Xidmətinin institisonal potensialının artırılması və s. işlərdə uğurlar əldə olunmaqdadır.
Bundan sonra vətəndaşların müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və dövlət tərəfindən avtomobillə təminat barədə arayışları almaları üçün hansısa quruma müraciət etməsinə ehtiyac qalmır. Onlar həmin arayışları artıq özləri istənilən vaxt e-qaydada əldə edə bilərlər. Nazirliyin “Bakutel” sərgisindəki bölməsində – DOST stendində keçirilən təqdimat tədbirində bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu ilin əvvəlindən pensiyalar avtomatlaşdırılmış qaydada təyin edilir. Həmçinin 2019-cu ildə 19 müavinət və təqaüd növü üzrə təyinatın da elektronlaşdırılması nəzərdə tutulub. Onların bir hissəsi artıq istifadəyə verilib. Digər müavinət və təqaüd növləri üzrə təyinatların da elektronlaşdırılması işləri davam etdirilir. Dekabr ayının sonuna qədər daha 8 növdə “e-arayış” xidmətinin hazırlanaraq istifadəyə verilməsi və bu ilin sonuna qədər nazirlik üzrə bu xidmətlərin sayının 15-ə çatdırılması nəzərdə tutulur.
Cari ilin may ayında açılışı olan DOST mərkəzi ötən dövrdə 55 min vətəndaşa xidmət göstərib, vətəndaş məmnunluğu səviyyəsi isə 95 faizdən çoxdur. 2019--25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin yaradılması planlaşdırılır. Bu günlərdə təşkil edilən “Bakutel” sərgisində DOST mərkəzi ilə bərabər, sosial sahədə xidmətlərin proaktivliyini təmin edən “e-sosial” internet portalı, “Məşğulluq” altsistemi, “e-pensiya”, “e-müavinət” sistemləri və s. kimi mühüm nailiyyətlər də təqdim edilib. İştirakçılar sərgi zamanı “e-sosial” internet portalından, “Məşğulluq” altsistemindən və digər nailiyyətlərdən yararlana biliblər. 
Hazırda ölkəmizdə 600 mindən çox şəxs əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinət alırlar. Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq müavinət verilir. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər mənzillə təmin edilirlər. Cari ildə həmin kateqoriyadan olan vətəndaşlara 511 mənzil və fərdi ev və 427 avtomobil verilib. Həmin şəxslər indiyədək 6400-dək minik avtomobili ilə təmin edilib.
Bütün bu sadaladıqlarımız dövlət başçısının rəhbərliyi, göstərişləri, tapşırıqları, qərarları və nəzarəti ilə həyata keçirilir. Azərbaycan vətəndaşı gündəlik həyatda, işdə və məişətdə hər an arxalana biləcəyi Prezidentinin köməyini hiss edir. Görür ki, onların yaşamağa, qurub-yaratmağa stimul verən güvəniləcək lideri – dövlət başçısı var. Darda əlini uzadan, bədbəxt hadisədə yanında olan Prezidenti var. Şamaxıda zəlzələdən zərər çəkən ailələr üçün yeni inşa edilmiş yaşayış binasında yaradılmış şəraitlə iki gün öncə tanış olarkən dövlət başçısının sakinlərlə görüşləri, yeni evə köçənlərlə səmimi söhbətləri belə deməyə əsas verir.

 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

6 Dekabr 2019 23:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə