Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkənin hər yerində ağacəkmə kampaniyası uğurla həyata keçirilib

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkək təşəbbüsünə uyğun olaraq, ölkəmizin  müxtəlif bölgələrində ağacəkmə kampaniyası uğurla davam edib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərləri çərçivəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Aksiya çərçivəsində, ümumilikdə, 83 şəhər və ­rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulmuşdu. Qeyd edək ki, ağacların hamısı Ekologiya və Təbii Sərvətlər ­Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilmişdir. Kampaniyanı əhatə edən rayonlarda, başda paytaxt olmaqla, ölkənin müxtəlif ictimai-siyasi nümayəndələri, idarə, müəssisə və təşkilat kollektivləri ilə yanaşı, gənclər, vətəndaşlar da həvəslə iştirak ediblər. 

 

Şamaxı

 Şamaxı şəhərinin girişindəki ərazidə aksiya iştirakçıları tərəfindən 5 min ağac əkilib. Tinglər əsasən ərazinin relyefinə uyğun olan tuya və Eldar şamı ağaclarıdır. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri də fəal iştirak ediblər. Şamaxıda əkilən ağaclar ilə "Nəsimi 650" yazısını oxumaq mümkün olacaq.

İsmayıllı

Dünən İsmayıllı şəhərində yeni salınmış Zəfər parkında rayon sakinləri xoş musiqi sədaları altında əvvəlcədən qazılmış çalalara tinglər əkib, suvarıb, dibini bərkidiblər. Şəhərin daha iki ərazisində – Heydər Əliyev prospektində və Ə.Ələkbərzadə küçəsində də ağac əkini aparılıb. Şəhər ərazisində, İsmayıllı–Muğanlı yolunun 20-35 kilometrliyində minlərlə ağac əkilib. Qəsəbə və kəndlərin ərazilərində də ayrılan xüsusi yerlərdə insanlar həvəslə bu işə qoşulublar. Qalıncaq, İvanovka, Qubaxəlilli və digər yerlərdə sakinlər bu nəcib və xeyirxah aksiyada iştirak ediblər. Rayonda daha çox yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac – qoz, fındıq, akasiya, göyrüş, şam tingləri əkilib.

Saatlı

Rayonda həmişəyaşıl ağac və gül kolları əkilib. Uzunluğu 40 kilometrdən çox olan yaşıllıq zolağı salınıb. Rayon mərkəzində yerləşən Muğan və Gənclər parklarında, o cümlədən idman kompleksinin boş qalan ərazilərində müxtəlif növ ağaclar əkilib. Ağacəkmə kampaniyasında rayonun 15 min sakini iştirak edib.

Qax

Burada da sakinlər böyük ruh yüksəkliyi ilə ağacəkmə aksiyasında iştirak ediblər. Nəcib təşəbbüs Qax şəhəri də daxil olmaqla, rayonun 17 inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrini əhatə edib.

Ağacəkmə aksiyası zamanı rayon üzrə, ümumilikdə, 2 mindən çox sakin iştirak edib. Rayon ərazisində bölgə üçün xarakterik olan cökə, akasiya, sərv, xan çinarı, qoz, şabalıd, sarağan, ağcaqayın, tut və digər növ tinglər əkilib. Qax şəhərinin küçə, prospekt və parklarında, eləcə də yenidən qurulan Qorağan-Qax-Zaqatala magistral avtomobil yolunun kənarlarında da tinglər əkilib.

Zaqatala

Aksiya şəhər və rayonun 28 inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrini əhatə edib. Zaqatala-Qax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun kənarlarında, Zaqatala şəhərinin küçə, prospekt və parklarında, əsasən akasiya, katalpa, ağcaqayın, qoz, şabalıd, həmçinin dekorativ ağaclar əkilib. 2 mindən çox rayon sakini bu nəcib təşəbbüsdə fəallıq göstərib.

Gəncə

Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev və şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, habelə tələbə gənclər iştirak ediblər.

Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məqbərəsi ətrafında minlərlə Eldar şamı və dekorativ ağac əkilib.

Nərimanov

Nərimanov rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı ağacəkmə kampaniyasında 2500-dək müxtəlif növ həmişəyaşıl ağac və dekorativ gül kolları əkilib, ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, minlərlə ağac budanıb, dibləri yumşaldılıb.

Qeyd olunan yaşıllıq zolağı ərazisində səhnə quraşdırılıb, incəsənət ustalarının ifasında Nəsiminin qəzəllərindən ibarət musiqilər, muğamlar səsləndirilib, şairin həyat və yaradıcılığından bəhs edən səhnələr ifa olunub. Ümumilikdə, 800 nəfərədək adam ağacəkmə aksiyasında iştirak edib.

Ağacəkmə kampaniyası Nərimanov rayonunun müxtəlif yerlərində yerləşən parkları, bağları, o cümlədən A.M.Cümə küçəsini, 15 hektar sahəni əhatə edən yaşıllıq zolağını əhatə edib.

Qusar

Dekabrın 6-da səhər saatlarından Qusar şəhəri ərazisindəki kəndlərdə, rayon mərkəzindən “Şahdağ” Turizm Mərkəzi və Xudat istiqamətindəki yolların kənarı boyunca müxtəlif ağac tinglərinin əkilməsinə başlanılıb.

Bayram əhval-ruhiyyəsində keçən aksiyaya yüzlərlə rayon sakini könüllü olaraq qoşulub. Rayon ərazisində gün ərzində minlərlə ağac tingi əkilib və aqrotexniki qulluq göstərilib. Dekabrın 6-da Qusarla yanaşı, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında da genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.

Tərtər

Tərtərlilər aksiya çərçivəsində Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Şıxarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kəndlərində minlərlə şam, ­göyrüş, akasiya, iydə, çinar, sərv və meyvə ağacları əkiblər. Ağac əkilən ərazilərdə abadlıq-təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Ağacəkmə aksiyası rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin təqdim etdiyi musiqi sədaları altında bayram əhval-ruhiyyəsi ilə həyata keçirilib.

Ağcabədi

 Ağcabədililər genişmiqyaslı kampaniyada ruh yüksəkliyi ilə iştirak ediblər. Nəcib və xeyirxah aksiya zamanı rayon ərazisində yerli şəraitə uyğun minlərlə həmişəyaşıl və meşə ağacları əkilib.

Ağaclar Mingəçevir-Bəhram­təpə magistral ­avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində əkilib. Yaşıllıqların artırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verəcək nəcib aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, sadə vətəndaşlar iştirak ediblər.

Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə rayonun incəsənət ustaları musiqi nömrələri ilə çıxış ediblər.

Abşeron

Səhər saatlarından start verilən ağacəkmə kampaniyasına ilk olaraq Novxanı-Mehdiabad yolundan başlanılıb. Aksiyada Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, könüllülər və KİV nümayəndələri iştirak ediblər. Aksiyada rayon Mədəniyyət Mərkəzinin üzvlərinin, rayon musiqi məktəblərinin saz və nağara kollektivlərinin iştirakı bayram ab-havası yaradıb. Aktyorların İmadəddin Nəsimini və onun əsərlərindəki qəhrəmanları canlandırması, rəqs qruplarının milli rəqs nömrələri göstərməsi aksiyanı daha da rəngarəng edib.

İ.Gülməmmədova burada ağac əkib, könüllülərlə şəkil çəkdirib. Bundan sonra RİH başçısı Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisinə düşən hissəsinə gələrək yüzlərlə könüllü ilə birlikdə ağac əkib, incəsənət nümayəndələrinin çıxışlarına baxıblar.

Ağacəkmə kampaniyası daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Parkında davam etdirilib. Burada Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov da könüllülərə qoşularaq ağac əkib. Aksiya incəsənət nümayəndələrinin ifa etdiyi musiqilərlə davam etdirilib.

Qeyd edək ki, ağacəkmə aksiyasında Abşeron rayonu üzrə ümumilikdə 22 min ağac əkilib.

Şirvan

Dünən Şirvan şəhərində də növbəti ağacəkmə aksiyası keçirildi. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq, dərin ehtiramlarını ifadə etdilər. Sonra Heydər Əliyev Meydanında məktəblilərin ifasında fləşmob nümayiş etdirildi.

Ağacəkmə aksiyası keçirilən yerdə gənc idmançılar və rəqs qrupları öz nümunəvi çıxışları ilə tədbirə əlavə rəng qatdılar. Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulan şirvanlıları təbrik edərək onlara uğurlar arzu etdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən bu ekoloji aksiyanı sağlam gələcək naminə atılan növbəti uğurlu addım kimi dəyərləndirdi, şirvanlılar adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkür və minnətdarlığını ifadə etdi.

Aksiyada şəhər icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərin idarə, müəssisə və təşkilatlarından, səhiyyə və təhsil ocaqlarından ümumilikdə, min nəfərdən artıq könüllü iştirak etdilər. Aksiya zamanı 3000-dən artıq həmişəyaşıl şam və küknar ağacları əkildi.

“Xalq qəzeti”

 

6 Dekabr 2019 23:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə