Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan xalqı ağac əkməyi, yol çəkməyi böyük xeyirxahlıq hesab edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da ­Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Qeyd edək ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində, ümumilikdə, 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur. Dünən ­Şamaxı şəhərinin girişindəki ərazidə keçirilən aksiyada isə 5 min ağac əkilib. Burada əkilən ağaclar ilə “Nəsimi 650” yazısı formalaşdırılacaq. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri də fəal iştirak ediblər. Bu hadisə ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında dərin məmnunluq hissi ilə qarşılanıb. Azərbaycan Turizm və Menecment ­Universitetinin professoru Minaxanım Əsədli bu barədə dedi:

– Mən dünən televiziyadan Şamaxı şəhərində ağacəkmə kampaniyasını maraqla izlədim. Azərbaycan xalqı ta qədimdən ağac əkməyi, yol çəkməyi böyük xeyirxahlıq hesab edir. Xoşbəxtlikdən, bu gözəl ənənə bu gün daha böyük miqyasda davam edir. 
Şamaxı Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bu qədim yurd təkcə Azərbaycan deyil, bütövlükdə Şərq mədəniyyətinə Əfzələddin ­Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi böyük şairlər, eləcə də onlarca görkəmli elm və mədəniyyət xadimi bəxş edib. 
Şamaxı həm də Şərqin aparıcı din mərkəzlərindən biri olub. Burada hələ 743-cü ildə Qafqazın ilk Cümə məscidi inşa edilib. Bir neçə il əvvəl bu tarixi abidə dövlətimiz tərəfindən əsaslı şəkildə təmir olunub. Dünən isə cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonundakı Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar. 
Son illər Azərbaycanda tarixi, mədəni, dini abidələrin bərpası istiqamətində əhəmiyyətli layihələr icra olunur. Bu layihələr davamlı xarakter almaqla, ümumilikdə, tarixi-mədəni irsimizin qorunub-saxlanılmasında, gələcək nəsillərə ötürülməsində çox mühüm rol oynayır. Bir vətəndaş və ziyalı kimi, mən bunlara görə çox sevinirəm. 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI, “Xalq qəzeti” 

6 Dekabr 2019 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə