Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parlament seçkilərinə start verildi

Xəbər verildiyi kimi, bu il dekabrın 5-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edildi. 

Dekabrın 4-də isə Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisin buraxılması barədə qərar qəbul edilmişdi. Qərarda bildirildi ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin 1-ci hissəsinə uyğun hesab olunsun. Artıq Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə bütün qanuni prosedurlar başa çatdı. Qalır növbədənkənar seçkilərin keçirilməsi. Bu da, məlum olduğu kimi, 2020-ci il fevralın 9-da reallaşacaq. Artıq siyasi partiyalar və seçkilərdə iştirak etmək istəyən bitərəflər hazırlıq işlərinə başlayıblar.
Seçkilərdə məğlub olacaqlarını, arxasında seçki elektoratının olmadığını, xalqın etimadını çoxdan itirmiş şəxslər seçkiləri pozmaq üçün indidən ara qarışdırmağa başlayıblar. Bəziləri seçkilərin niyə qışda keçirildiyini, bəziləri isə niyə vaxtından əvvəl keçirildiyini bəhanə edir. Digər bəhanələri yoxdur! Çünki neçə vaxtdır ki, ölkədə ciddi islahatlar aparılır, idarəetmə orqanlarında gənclərə daha çox üstünlük verilir, dövlət idarəçiliyində yeni metoda keçirilir. Bir sözlə, respublikamızda yeniliyə, novatorluğa keçidin yeni mərhələsi başlanıb. Bu yenilik, islahat Milli Məclisi də əhatə etməli idi. 
Artıq islahatlar öz bəhrəsini verir. Əhali bunu gündəlik həyatlarında hiss edir. Bir neçə il əvvəllə müqayisədə əhalinin həyat səviyyəsinin yüksəlməsində, sosial müdafiəsinin daha da gücləndirilməsində əsaslı tədbirlər həyata keçirilib. Bütün bunlar böyük razılıqla qarşılanır. Elə Milli Məclisin buraxılması da məmnunluq doğurub. 
Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təşəbbüsünün cəmiyyətdə müsbət qarşılanması, radikalları çıxmaq şərti ilə, demək olar ki, bütün siyasi qüvvələrdən, o cümlədən, Milli Məclisdə təmsil olunan partiyalardan gələn dəstək də bunu təsdiqləyir. İslahatlara mane olmaq istəyənlər dərk edə bilmirlər ki, geniş və hərtərəfli islahatlar strategiyası, cəmiyyətin yeniləşməsinin növbəti mərhələyə qədəm qoyması, mərkəzi və yerli icra hakimiyyətində, ümumiyyətlə, dövlət idarəçiliyində ciddi struktur və kadr dəyişiklikləri, məhkəmə hakimiyyətində həyata keçirilən islahatlar həyatımızın ayrılmaz reallığına çevrilib. Bu mənada qanunverici orqanın yeniləşməsi vacibdir. Növbədənkənar seçkilərin keçirilməsindən bu qədər təşviş keçirən və indidən “boykot” çağırışları edənlər dünya parlamentarizm təcrübəsini gözləri önünə gətirsinlər. Parlamentin yenilənməsi, növbədənkənar seçkilərin keçirilməsi proseduruna dünyanın bütün ölkələrində rast gəlmək mümkündür. Bu məsələ ölkəmizin ali qanunvericilik aktlarında da öz əksini tapmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsində Prezidentin Milli Məclisi buraxa bilməsinin forma və qaydaları aydın və birmənalı şəkildə göstərilmişdir. Bu, Prezidentin müstəsna səlahiyyətidir. Milli Məclisdə ­çoxluq təşkil edən YAP üzvlərinin ­parlamentin buraxılması ilə bağlı müraciət qəbul etməsinə gəlincə isə bu, demokratiyanın təzahürü, ­siyasi mədəniyyətin nümayişidir. İndiki şəraitdə növbədənkənar seçkilərin keçirilməsi əsl mübarizəyə geniş imkanlar verilməsidir. 
Artıq Milli Məclis də Konstitusiyanın 95-ci maddəsinin 3-cü hissəsinə əsaslanaraq qərar qəbul etmişdir. Əgər çoxluq belə bir müraciət edibsə, deməli, bu, zəruri və aktualdır. Növbədənkənar parlament seçkilərinin keçirilməsində əsas məqsədlərdən biri ölkədə gedən geniş islahatlar dalğasına sanballı bir dinamika və töhfə verməkdir. Eyni zamanda, bu proses ictimai, siyasi və sosial həyatın bütün sahələrində genişlənən islahatların tərkib hissəsi kimi dəyərləndirilməlidir. Siyasi ekspertlər də etiraf edirlər ki, hazırda ölkədə genişmiqyaslı struktur, kadr və sosial islahatların reallaşdırıldığı bir məqamda parlamentin də yenilənməsi zəruridir. Bu ilin aprel ayında keçirilmiş genişmiqyaslı ədliyyə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı ölkə başçısı fərman imzaladı. Təbii ki, məhkəmə sistemində islahatlar həyata keçirmədən iqtisadi islahatlara dəstək olmaq qeyri-mümkündür. Əgər hakimiyyətin bu iki qolunda islahatlar aparılıbsa, qanunverici orqan da mütləq yenilənməlidir. Fikrimi Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov islahatların zəruriliyini vurğulayaraq bildirib: “Bütün digər sahələrdə olduğu kimi, qanunverici hakimiyyət sahəsində gözlənilən islahatlardan, Milli Məclisin geniş mənada başa düşülən yeniləşməsindən cəmiyyətin mühüm gözləntilərinin olduğu aydın hiss edilir. Ən başlıcası, qanunverici hakimiyyətin ölkədəki inkişaf və yeniləşmə dinamikasına uyğunlaşması, islahatların hüquqi bazasının yaradılması prosesinə daha əhəmiyyətli töhfə vermək imkanlarının genişlənməsi ictimai rəydə formalaşan gözlənti kimi qeyd oluna bilər”.
Göründüyü kimi, artıq növbədənkənar parlament seçkilərinə start verilib. Dövrlə, onun tələbləri ilə ayaqlaşmağa çalışan bütün siyasi partiyalar seçkilərə hazırlaşır, baxışlarını və platformalarını cəmiyyətə təqdim etməyə çalışırlar. Bütün bunlar Azərbaycan cəmiyyətində geniş və əhatəli islahat və yeniləşmə ab-havasından xəbər verir. 
Ə.Əhmədovun dediyi kimi, cəmiyyətin və partiyaların əksəriyyətinin seçki əhval-ruhiyyəsində olduğu bir zamanda, tamam fərqli yanaşma və baxış sərgiləyən partiyalar da var: “Anormal olan da məhz budur. Partiya adını daşıyan bəzi qruplar seçkiyə getmək və ya getməmək barədə müzakirələr aparırlar. Söhbət radikallardan gedir. Boykot çağırışına gəldikdə isə radikalların yetərincə sosial dayağı olsaydı, seçicilərin səsini qazanmaq haqqında düşünərdilər. Əsl həqiqət ondan ibarətdir ki, radikallar cəmiyyət tərəfindən boykot olunub və onların çağırışını kimsə nə eşidir, nə də eşitmək istəyir.”
Bütün bunlara baxmayaraq, nöbvədənkənar seçkilərin də demokratik əhval ruhiyyədə keçirilməsi üçün hər cür şərait var.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

6 Dekabr 2019 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə