Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsiminin əsərləri xarici ölkələrdə nəşr olunur

Azərbaycanın Ukraynadakı səfirliyinin Xarkov şəhərindəki İnformasiya və Mədəniyyət Mərkəzində dahi şair İmadəddin Nəsiminin yeni kitabının təqdimatı keçirilib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Kitab Ukraynada Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsi üzrə nəşr edilib.
Xarkov Filarmoniyasının əməkdaşı Roman Bayraqdarın aparıcılığı ilə keçən tədbiri giriş sözü ilə açan Ukrayna–Azərbaycan Dostluğu Cəmiyyətinin rəhbəri Murad Ömərov dahi şairin yaradıcılığı barədə fikirlərini bölüşüb.
Xarkov Pedaqoji Universitetinin Dünya ədəbiyyatı kafedrasının dosenti Antonina Yakovlevanın Nəsiminin həyat və yaradıcılığı haqqında məruzəsi dinlənilib.
Soydaşımız,  ­Ukraynanın Xalq rəssamı, heykəltəraş Seyfəddin Qurbanov səfirliyin dəstəyi ilə Nəsiminin Kiyev şəhərində ucaldılan büstünün açılış mərasimindən və Ukraynada “Nəsimi ili”ndə baş tutan digər tədbirlərdən bəhs edib.
Nəsiminin irsindən daha bir kitab isə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə İtaliyada işıq üzü görüb. Fondun İtaliyanın “Sandro Teti” nəşriyyat evi ilə əməkdaşlığı çərçivəsində “Nəsimi poeziyası” kitabı italyan dilində çap olunub. Kitaba şairin 100-dən çox qəzəli və rübaisi daxil edilib.
Nəşr Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Nəsimi – əbədiyyət üfüqündə sevgi günəşi” adlı ön sözü ilə açılır. Şeirləri italyan dilinə tərcümə edən türkoloq alim Marilena Reanın “Nəsimi işığı” adlı məqaləsi də nəşrdə yer alır.
Kitabın təqdimatının İtaliyanın müxtəlif şəhərlərində keçirilməsi nəzərdə tutulub.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

6 Dekabr 2019 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə