Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin və bu sahəyə özəl investisiyaların cəlb edilməsinin təşviqi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin (bundan sonra – layihələr) həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılsın:

 

Komissiyanın sədri

 

Azərbaycan Respublikasının energetika naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini 
Azərbaycan Respublikası maliyyə nazirinin müavini 
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini 
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini 
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini 
Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti 
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
1.2. Komissiyaya tapşırılsın:
1.2.1. layihələrin həyata keçirilməsi üçün torpaq sahələrinin ayrılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
1.2.2. investorlara verilməsi nəzərdə tutulan dövlət təminatlarına dair və bu Sərəncamın 1.2.3-cü yarımbəndində göstərilən müqavilələr üzrə investorlar qarşısında götürüləcək öhdəliklərin icrasına dövlət zəmanətinin verilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.3. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsinin və tələb olunan digər müqavilələrin dörd ay müddətində hazırlanmasını təmin etsin;
1.2.4. layihələrin müqavilələrdə nəzərdə tutulmuş müddətdə və şərtlər çərçivəsində icrasının təmin edilməsi üçün zəruri tədbirlər görsün;
1.2.5. layihələr üzrə elektrik stansiyasının elektrik enerjisi şəbəkəsinə qoşulması, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası ilə əlaqədar şəbəkənin gücləndirilməsinə dair təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
2.1. beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə maliyyə vəsaitinin ayrılmasını təmin etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2019-cu il

6 Dekabr 2019 03:57 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə