Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti Əminə Dilbazinin xatirəsi anıldı

Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Unudulmaz sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verən A. Bayramova bildirib ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Xalq artisti bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olub. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, Ukrayna, özbək və ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və başqa əsərlərdə də rəqslərə quruluş verib.

Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova çıxış edərək sənətkarın uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirməsindən, fitri istedadı və bənzərsiz ifaçılıq imkanlarından danışıb. Bildirib ki, Əminə Dilbazinin sayəsində Azərbaycan xalq rəqslərinin qiymətli nümunələri yeni çalarlar qazanıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova Əminə Dilbazinin yaradıcılıq yolu, milli rəqslərimizin təbliği və inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb.

Tədbirdə Əminə Dilbazinin həmkarları, sənət dostları və tələbələri sənətkarın yaradıcılığı haqqında çıxış edib, onunla bağlı xatirələrini bölüşüblər.

Ailə adından Xalq artistinin oğlu Mikayıl Hacıyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Tədbir Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında Əminə Dilbazinin quruluş verdiyi rəqslərdən ibarət konsert proqramı ilə davam edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

6 Dekabr 2019 11:58 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə