Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimiyə həsr olunmuş yeni kitab

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə daha bir önəmli nəşr – “Nəsimi və ardıcılları: Üsuli – Ruhi Bağdadi” kitabı çapdan çıxıb.

Yazıçı-publisist və ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı Şöhrət Səlimbəylinin “Avropa” nəşriyyatında yeni çapdan çıxmış bu kitabında Azərbaycan ədəbiyyatının  XIV əsrdə  yaşamış ən böyük şəxsiyyəti və bütün türk ədəbiyyatının ən tanınan nümayəndəsi Seyyid İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında ən mühüm bilgilər dövriyyəyə gətirilib, şairin ölüm tarixi, dəfn edildiyi yer haqqında yeni mülahizə söylənib.

Nəsimi və onun XVI əsrdə yaşamış ardıcılları Usuli və Ruhi Bağdadilərdən bəhs edən yeni tədqiqat iki hissədən ibarətdir. Kitabın I hissəsində böyük Azərbaycan şairi və mütəfəkkəri İmadəddin Nəsiminin və onun davamçıları – XVI əsrdə yaşamış şairlər Üsuli və Ruhi Bağdadilərin həyat və yaradıcılıqları araşdırılıb, təhlillər aparılıb. II hissədə isə XX əsrin görkəmli ədəbiyyatşünas alimi Abdülbaki Gölpınarlının hər 3 şairin həyatı, yaradıcılığı və şeirləri haqqında 1953-cü ildə İstanbulda nəşr olunmuş “Nəsimi–Üsuli–Ruhi” adlı tədqiqat əsəri təqdim olunub.

Nəşrin elmi redaktoru filologiya üzrə elmləri doktoru Paşa Kərimov, redaktoru filologiya üzrə elmləri doktoru Raqub Kərimov, rəyçiləri isə filologiya üzrə elmləri doktoru, professor Yaqub Babayev və filologiya üzrə elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

Müəllif Nəsimi ilə bağlı ən önəmli məsələlərə aid yeni yeni fakt və mülahizələr barədə məlumat verərək göstərib ki, İmadəddin Nəsimi 1369-cu il­də Şirvanda anadan olmuşdur. Şair 1404-cü ildə Hələbdə verilən ağır işgəncələrdən sonra Türkiyənin Qaziantep şəhərinin 60 kilometrliyində – Suriya sərhəddində yerləşən Ağtorpaq kəndinə gətirilmiş, orada vəfat etmiş və həmin yerdə də dəfn edilmişdir. Hələb şəhərinə yaxın məsafədə yerləşən Ağtorpaqda  Nəsiminin xatirəsi həmişə əziz tutulmuş, şeirləri dillər əzbəri olmuşdur. Beləliklə, hesab olunur ki, Hələb şəhərindəki məşhur təkkə və türbə İmadəddin Nəsiminin basdırıldığı yeri yox, ona işgəncə verilmiş  yeri nişan verir.

Kitabda daha sonra bildirilib ki,  bu dövrdəki anadilli divan ədəbiyatımız və təsəvvüf  şeirimiz Nəsiminin anadilli lirik şeirləriylə varlığını qoruya  bilmiş və günümüzə gəlib çatmışdır. Nəsimidən sonra yetişən anadilli şairlərin əksəriyyətlə hürufiliyi qəbul etmələrində də onun böyük təsiri olmuşdur. Hakim siyasi-dini dairələr azad məslək şairini azğıncasına təqib etmiş, onu dinsiz, allahsız kimi günahlandırmış, işgəncə ilə məhv etmişdir.

Şöhrət Səlimbəyli Nəsiminin bədii-fəlsəfi irsinin tarixi önəmini dəyərləndirərək qeyd edib ki, şair yaradıclığında sufizmin  daha qabarıq tərzdə ifadə olunduğu hürufizm prinsiplərini təbliğ etməklə Azərbaycan xalqının xarici işğalın əleyhinə yönəlmiş mübarizəsində, ictimai-siyasi fikir tarixində, mənəvi həyatında böyük rol oynamışdır. Seyyid İmadəddin Nəsiminin adı tarixə ilqarından, imanından dönməzliyin, ağrı, iş­gəncəyə dözümlülüyün rəmzi kimi düşmüşdür.

Bö­yük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubi­le­yi ilə bağlı nəşrdə ölməz mütəfəkkirin mənəvi dostları və davamçıları olmuş Üsu­li və Ruhi Bağdadilər də ilk dəfə Azərbaycan oxucularına əhatəli şəkildə  təqdim edilib. Göstərilib ki, Üsuli XVI əsrin anadilli divan şairidir. Əsərləri “Divan”, Mənzum “Hədis Tərcüməsi” və “Yenicə Şəhrən­gi­zi”dən ibarətdir. Şairin divanına onun 1 mər­si­yə­si, 3 münacatı, 1 şəhrəngizi, 4 qəsidəsi, 10 müsammati 147 qəzəli və 4 qitəsi salınmışdır. Üsulinin əksər rədifləri Nəsimidən gəlir. Şair ustadına 2 təxmis də yazmışdır. Üsüli qafiyə və rədiflərində daha çox türk kəlmələri işlətmiş, ərəb-fars sözlərindən qaçmış, özündən sonra gələn şairlərə türkcə bir körpü salmışdır. Buna görə də araşdırmaçı Üsuli irsinin Azərbaycan dəbiyyat tarixinə  daxil edilməsini məqsədəuyğun hesab edir.

Kitabdan öyrənirik ki, Üsulinin müəllimi İbrahim Gül­şəni Bakıya gedərək xəlvətiliyin məş­hur şeyxi və xəlvətilərin ikinci pir saydıqları Şirvanlı Seyid Yəh­ya  Bakuvi ilə görüşmüşdür. İbrahim Gülşəninin nəsil səcərəsi Azər­bay­canla, Bərdə şəhəri ilə bağlıdır. Üsu­liyə “Nəsiminin davamçısı”, “İkinci Fəzlullah” və “Nəsiminin sirri” deyilmişdir.

Kitabda bildirilib ki, da­vam­çı­la­rından Nəsimiyə Ru­hi Bağdadi (1544--1609) qə­dər ya­xın ikin­ci bir sə­nət­kar yox­dur. Şairin dili Nəsimi və Fü­zu­li dilinin varisidir. Ruhi Bağdadi böyük Füzulini yetirmiş  bir məkanda, Bağdad şəhərində  doğulmuş, türkdilli ədəbi mühitdə formalaşmış, türk ordusunda xidmət keçmiş, divan şairi olmuşdur. O özü­nü eşq ru­zi­ga­rı­nın önün­də Bağ­dad çöl­lə­rin­dən gə­lən bir tor­pa­ğa bən­zə­tmişdir.

Şöhrət Səlimbəyli belə bir nəticəyə gəlib ki, Ruhi Bağdadinin divanında

Qa­ra­bağ ölkəsi, Şirvan, Gəncə, Araz ça­yı kimi ifadələrin işlədilməsinə ötəri yanaşmaq olmaz: Qarabağı və Arazı görməyən bir şair “Xoş buy­dur sa­çun Qa­ra­bağ öl­kə­si­mi­dir, Kəs­kin axar gö­züm ya­şı, abi Araz­mı­dır?” yaza bilərdimi?

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

5 Dekabr 2019 13:07 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə