• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Cibuti parlamentlərarası əlaqələri müzakirə olunub

Azərbaycan-Cibuti parlamentlərarası əlaqələri müzakirə olunub

Sentyabrın 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Cibuti Respublikası Milli Assambleyasının sədri Məhəmməd Əli Humədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 
AZƏRTAC xəbər verir ki, sədr Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün ölkəmizə səfər etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib. Qeyd edilib ki, müstəqil Azərbaycan dost Cibuti ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Xalqlarımız eyni dini və mənəvi dəyərləri bölüşür. Münasibətlərimizin inkişafında siyasi iradənin olması əhəmiyyətli rol oynayır. Bu baxımdan, yüksək səviyyəli görüşlər, aparılan danışıqlar əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı zəmin yaradır. İqtisadi sahədə əlaqələrimizin daha da dərinləşməsi günün tələbidir. 
Sədr beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin görüşləri zamanı onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsinin aparılmasını, hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini müsbət dəyərləndirib. Oqtay Əsədov Cibuti Milli Assambleyasında bu ilin fevralında Xocalı soyqırımına hüquqi-siyasi qiymət verən sənədin qəbul olunmasını yüksək dəyərləndirib. Buna görə Cibuti Milli Assambleyasının rəhbərliyinə və parlament üzvlərinə təşəkkürünü ifadə edib. Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bu ölkə həmişə Azərbaycanın mövqeyini dəstəkləyib, gələcəkdə də bu dəstəyə ümid edirik.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Cibuti Respublikası Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Milli Məclisin sədrini və parlament üzvlərini təbrik edib. Bildirilib ki, Cibuti parlamenti Azərbaycanın qanunvericilik orqanı ilə əlaqələrin inkişafına böyük önəm verir. Siyasi sahədə münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. Biz iqtisadi əlaqələrimizi də bu səviyyəyə qaldırmaq niyyətindəyik. 
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Tahir Mirkişili və digər rəsmi şəxslər iştirak ediblər.

19 2018 23:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin