Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ARDNF – ölkəmizin inkişafında müstəsna əhəmiyyəti olan qurum

Neft  Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də ­gələcək nəsillərə mənsubdur.
Heydər ƏLİYEV
Ümummilli lider


Prezident İlham Əliyevin rəhbərliyi ilə son bir il ərzində biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları uğurla davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə bir pəncərə, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində qətiyyətli addımlar atılıb. Bütün bunların sayəsində isə əhalinin maddi-rifahının və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə əlverişli şərait yaranıb, minimum əməkhaqqı, pensiyalar, tələbələrin təqaüdləri, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin vahid aylıq müavinətləri artırılıb.

Yeri gəlmişkən, mühüm önəm daşıyan infrastruktur layihələrinin gerçəkləşməsində, sosialyönümlü tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən (ARDNF) bu qurumun fəaliyyət göstərdiyi ötən müddətdə səmərəli işlər görülüb. Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə – Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən, bu barədə ətraflı söhbət açıb. Dövlətimizin başçısı  ARDNF-in “Çıraq” platformasından ilk neft çıxarılandan iki il sonra, ­1999-cu ildə yaradıldığını və bunun ulu öndər Heydər Əliyevin tarixi qərarı olaraq mühüm önəm daşıdığını vurğulayıb: “Bu gün bu qərar onu göstərir ki, nə qədər düzgün və vaxtında atılmış bir addım idi. Onu da bildirməliyəm ki, Neft Fondunun yaradılması ilə bağlı təklifi ulu öndərə mən vermişdim. O vaxt hökumətdə müxtəlif fikirlər var idi və hökumət üzvlərinin bəziləri bunun əleyhinə çıxmışdılar. Onların təklifi ondan ibarət idi ki, neftdən gələcək bütün gəlirlər büdcəyə daxil olsun və hər il xərclənsin. Əgər bu yanaşma seçilsəydi, bu gün Dövlət Neft Fondumuzda pul olmayacaqdı. Mən bu təklifin əleyhinə çıxdım. Sübut etməyə çalışırdım və buna nail oldum ki, məhz vəsaiti şəffaf şəkildə saxlamaq, ölkəmizin strateji istiqamətlərinə yönləndirmək və gələcək nəsillər üçün qoruyub saxlamaqdan ötrü mütləq Dövlət Neft Fondu yaradılmalıdır. Mənim təşəbbüsümlə Azərbaycan dövlət qurumlarının nümayəndələrindən ibarət heyət dünyanın müxtəlif ölkələrinə ezam edilmiş və orada oxşar fondların fəaliyyəti ilə tanış olmuşdur. Bundan sonra biz dünyada mövcud olan ən şəffaf və ən işlək model üzərində dayanıb onu qəbul etmişik və ötən 20 ilin təcrübəsi onu göstərir ki, bu, yeganə düzgün qərar idi. Deyə bilərəm ki, bu, tarixi qərar idi. Çünki Dövlət Neft Fondunun vəsaiti – orada toplanan, neftdən əldə edilmiş və hazırda artıq qazdan əldə edilmiş gəlirlər ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir”.
Məhz uzaqgörən siyasətin məntiqi nəticəsidir ki, ARDNF  ötən illər ərzində ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi ilə bağlı səmərəli fəaliyyət göstərib. Başqa sözlə, fond neft və qaz istehsalından gələn gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və ehtiyat vəsaitin toplanması vəzifəsini uğurla gerçəkləşdirməklə bərabər, respublikada makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun dirçəldilməsi, insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətlərində də bir sıra mühüm təşəbbüsləri  maliyyələşdirib.
ARDNF iyirmi il ərzində səmərəli işinə görə beynəlxalq səviyyədə nüfuzlu maliyyə qurumu kimi tanınıb və hazırda dünyanın 60 ən şəffaf suveren fondları siyahısında 4-cü sırada qərarlaşıb. 
Neft Fondu fəaliyyətində şəffaflığa  xüsusi əhəmiyyət verdiyinə görə,  Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında ilk olaraq 2007-ci ilin mayında “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib. Bununla bərabər, fond ötən ilin oktyabrında Suveren Fondlar İnstitutu (SWFI) tərəfindən hazırlanan dünyanın ən nüfuzlu 100 investoru siyahısında yer alıb və dövlət vəsaitlərinin idarəsi üzrə 10-cu sırada qərarlaşıb.  
Prezident İlham Əliyev nitqində ARDNF-in yüksək beynəlxalq imic əldə etdiyini, əsas vəzifənin vəsaiti qorumaq və onu riskli olmayan alətlərə yatırmaq olduğunu da diqqətə çatdırıb: “Biz indi artıq çoxşaxəli valyuta səbətini əldə etmişik və burada da valyuta məzənnəsinin dəyişkənliyi bizim vəsaitimizə təsir etmir. Biz qızıla böyük yatırım etmişik, daşınmaz əmlaka böyük yatırım etmişik, Fondun vəsaiti coğrafi baxımdan da çoxşaxəlidir. Yəni, biz özümüzü mümkün olan bütün risklərdən qoruduq. Ən önəmlisi ondan ibarətdir ki, 20 il ərzində biz vəsait itirmədik və Fondun vəsaitini ildən-ilə artırırıq. Hətta böhranlı, devalvasiyaya uğradığımız illərdə də Fondun vəsaiti azalmadı. Mən imkan vermədim. Biz xərcləri azaltdıq, böyük qənaət tədbirlərinə yol açdıq, strateji valyuta ehtiyatlarımızı qoruduq və onları artırdıq. Deyə bilərəm ki, bu, çox nadir hallarda baş verən hadisədir. Çünki o dövrdə, neftin qiymətinin kəskin – 4 dəfə düşməsi dövründə bütün suveren fondlar böyük pullar itirdi. Milyardlarla, on milyardlarla dollar itirildi. Biz isə itirmədik, ona görə ki, çox düşünülmüş siyasət aparırıq”.
Dövlət başçısı nitqində ARDNF-in gəlirlərinin 4 milyard dollardan çox artdığını, bunun 1,8 milyard dollarının məhz idarəetmədən əldə edildiyini, bununla da fondun düzgün siyasəti və vəsaitin düzgün yerləşdirilməsi nəticəsində valyuta ehtiyatlarımızın ildən-ilə artdığını diqqətə çatdırıb. Bildirib ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollardan çoxdur: “Bu, rekorddur, tarixi göstəricidir. Bu, göstərici məhz ona görə önəmlidir ki, o, bizim ümumi daxili məhsulumuzdan da çoxdur. Belə hallar indi çox nadir ölkələrdə müşahidə olunur”. 
Fond indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsindən 140,4 milyard dollar, “Şahdəniz” yatağı üzrə qazın satışından isə 2,5 milyard dollar əldə edib. Onu da xatırladaq ki, yeni AÇG sazişinə əsasən, bu maliyyə qurumuna 2018–2025-ci illərdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulub. Son 2 ildə artıq bonus məbləğinin 900 milyon dolları ARDNF-in hesabına köçürülüb.   
Fondun maliyyələşdirməsi nəticəsində 20 il ərzində bir sıra strateji əhəmiyyətli infrastruktur obyektləri istifadəyə verilib, sosialyönümlü tədbirlərin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi reallaşıb. 
ARDNF-in  2001-ci ildən etibarən Ermənistanın hərbi təcavüzü nəticəsində acınacaqlı həyat tərzi ilə üzləşmiş qaçqın və məcburi köçkünlərimizin məskunlaşdırılması və məişət vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ayırdığı böyük həcmdə vəsait hesabına çoxmərtəbəli binalar, fərdi yaşayış evləri, sosial-mədəni, infrastruktur və digər obyektlər tikilib.  
Fond Bakı şəhərinin içməli su təchizatının etibarlı və dayanıqlı olmasını təmin etmək məqsədi daşıyan “Oğuz–Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” layihəsinin  maliyyələşdirilməsinə 779,6 milyon manat vəsait ayırıb. Xatırladaq ki, adı çəkilən kəmər Prezident  İlham Əliyevin iştirakı ilə 2010-cu il dekabrın 28-də istismara verilib. Bundan başqa, 2006-2017-ci illərdə ­ARDNF-dən  Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsinə 1 milyard 349,1 milyon manat vəsait yönəldilib.  
Fond tərəfindən maliyyələşdirilən mühüm layhələrdən biri Bakı–Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin tikintisi olub. Onu da qeyd edək ki, ölkə Prezidentinin 21 fevral 2007-ci il tarixli sərəncamına uyğun olaraq, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi də ARDNF tərəfindən həyata keçirilib. Fond respublikamızın nəqliyyat-tranzit potensialına mühüm töhfə verəcək bu mühüm obyektin tikintisinə  748,6 milyon manat sərf edib.
Azərbaycan ölkəmizin təbii resurslarından səmərəli istifadə edərək, dünyanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayır. Cənub Qaz Dəhlizinin, onun əsas seqmentlərindən olan TANAP-ın, həmçinin “Star” neft emalı zavodunun istifadəyə verilməsi də bunun bariz ifadəsidir.  

 

“Xalq qəzeti”

 

5 Dekabr 2019 00:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə