• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prokurorluq orqanlarının əsas hədəfi qanunun aliliyinin təmin olunmasıdır

Azərbaycan Prokurorluğu – 100

Prokurorluq orqanlarının əsas hədəfi  qanunun aliliyinin təmin olunmasıdır

Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir.
Heydər ƏLİYEV 
Ümummilli lider

 

 

 

Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol
 oynayırlar.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün ölkəmizdə yaranmasının 100 illiyi təntənə ilə qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mövcud olmasına baxmayaraq, dövlətçiliyin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin qurulması və digər sahələrdə mühüm addımlar atıb, üzərinə götürdüyü tarixi vəzifəni şərəflə yerinə yetirib.
Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi dövrdə insan hüquq və azadlıqlarına əsaslanan demokratik dövlət qurulması, hakimiyyətin üç qolunun -- qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılması məqsədilə taleyüklü qanun və qərarlar qəbul edilib. Milli tələblərə və demokratik prinsiplərə cavab verən dövlət orqanları yaradılıb, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis olunub. 
Azərbaycan Milli Prokurorluğu fəaliyyətə başlamasından ötən bir əsr ərzində çətin və mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçib. Prokurorluq orqanları bu dövrdə millətə və dövlətçilik ideyalarına sədaqət nümayiş etdirib, qanunçuluğun möhkəmləndirilməsi, habelə cinayətkarlığa qarşı mübarizədə müstəsna xidmətlər göstərib.
Ulu öndər Heydər Əliyev prokurorluğun fəaliyyətini daim yüksək qiymətləndirərək, hər il oktyabr ayının 1-nin respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair sərəncam imzalamaqla, həm də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə prokurorluq qurumunun təsis olunması tarixini əbədiləşdirib. 
Dahi şəxsiyyət bununla həm prokurorluq orqanlarına dövlət qayğısının diqqətdə saxlanıldığını, həm də qurumun fəaliyyətinə yüksək dəyər verildiyini, həssas münasibət bəslənildiyini önə çəkib. Eyni zamanda, prokurorluğun dünya standartlarına uyğun, dövlət idarəetməsində mühüm rol oynayan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan və müasir tələblərə cavab verən bir təsisata çevrilməsində, fəaliyyətinin təkmilləşdirilməsində, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasında önəmli tədbirlər, mütərəqqi islahatlar həyata keçirib.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dönəmlərində hüquq-mühafizə orqanlarında, o cümlədən prokurorluqda qanunun aliliyi məsələsinə mühüm önəm verib. Bu sistemdə işin düzgün təşkili və həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. Hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərdiyi 1969-1982-ci illərdə prokurorluq orqanlarında idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması istiqamətində ciddi tədbirlər görüb, sistemi zəruri peşəkarlığa, sağlam mənəviyyata malik işçilərlə möhkəmləndirməyi, eyni zamanda, prokuror adına və nüfuzuna xələl gətirən şəxslərdən təmizləməyi, əməkdaşların vəzifədə irəli çəkilməsini, onların təşəbbüskarlıq və təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsi üçün zəruri kadr ehtiyatı formalaşdırmağı qarşıya mühüm vəzifə kimi qoyub. Ulu öndər çıxışlarında qanunun aliliyindən bəhs edərkən bildirirdi ki, ölkədə bütün münasibətlər, hakimiyyət qollarının səlahiyyətləri, davranışları qanunla tənzimlənməlidir. Hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməli, özünü qanundan yüksəkdə tutmamalıdır. Bu məsələdə inzibati orqanlar prinsipial mövqeyi ilə seçilməlidir. 
Ümummilli liderin qanunun aliliyinə böyük dəyər verməsini hələ respublikamıza birinci rəhbərliyi dövründə, 1981-ci il noyabrın 18-də “Literaturnaya qazeta”da dərc edilən “Qoy ədalət zəfər çalsın” sərlövhəli məşhur müsahibəsindən aydın görə bilərik. Həmin müsahibədə ümummilli lider bildirirdi: “Mən qeyd etmək istərdim ki, “qanunçuluq” dedikdə biz Cinayət Məcəlləsindən çox bizim cəmiyyətin mənəvi məcəlləsini nəzərdə tuturuq. Və bu nöqteyi-nəzərdən hüquq pozuntuları özlüyündə, onların profilaktikası yalnız hüquqi məsələ deyil. Neçə ki, söhbət ilk növbədə insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətlə yanaşılmasından, ləyaqətinin və şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaş keyfiyyətlərinin, yüksək mənəvi prinsiplərin tərbiyə olunmasından gedir”.
Ulu öndər xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qaydışından sonra da fəaliyyətində, ilk növbədə, qanunun aliliyi prinsipini önə çəkdi. Qanunçuluğa hamılıqla hörmət olunmasına və qanunların icrasının dönmədən təmin edilməsinə xüsusi əhəmiyyət verdi. Bu zaman hüquqi dövlət quruculuğu prosesində tarixi və milli ənənələrə söykənməklə yanaşı, dünya təcrübəsindən, demokratik prinsiplərdən bəhrələnməyi də əsas şərt saydı. Bu da təsadüfi deyildi. Çünki dahi şəxsiyyət yaxşı bilirdi ki, demokratik-hüquqi dövlətin qurulması o qədər də asan, sadə proses deyil. Ona görə də bu yolda hətta ən mükəmməl demokratiya modellərinin belə qondarma transplantasiyasını inkar edərək, Azərbaycanın milli mentalitetinə və dövlətçilik ənənələrinə söykənən təbii demokratik rejim qurmaq yolunu seçdi və qanunun aliliyi məqsədilə dövlətinə sədaqət, mənəvi saflıq, yüksək əxlaqi keyfiyyət prinsiplərini önə çəkdi. Heydər Əliyev çıxışlarının birində bununla bağlı qeyd edirdi: “Hüquq-mühafizə orqanlarında işləyən hər bir kəs, yaxud işləmək istəyən hər bir vətəndaş bilməlidir ki, ondan birinci növbədə müstəqil Azərbaycan dövlətinə sədaqət tələb olunur. Mənəvi saflıq, mənəvi paklıq tələb edilir, yüksək mənəvi keyfiyyətlər tələb olunur. Mənəvi saflıq uğrunda mübarizə hüquq-mühafizə orqanları kollektivlərində ən əsas məsələlərdən biri olmalıdır”.
Heydər Əliyev çıxışlarında qanunun aliliyini yüksək dəyərləndirərkən, prokurorluqda da bu prinsipə dönmədən əməl olunmasının zəruriliyini xüsusi vurğulayır, qurumun fəaliyyətini mühüm dövlət təsisatı kimi yüksək qiymətləndirirdi: “Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. 
Bu sözlər prokurorluq işçilərində hər zaman böyük ruh yüksəkliyi yaratmaqla, onları gündəlik işlərində daha böyük əzm və məsuliyyətlə çalışmağa sövq edib, insan hüquq və azadlıqlarının təmin olunmasında, cəmiyyətin inkişafına maneə törədən halların aradan qaldırılmasında, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşmasında mühüm rol oynayıb.
Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdim. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın ümumbəşəri ideya və dəyərlərini əks etdirən, 1995-ci il noyabın 12-də keçirilən ümumxalq səsverməsi – Referendumda qəbul edilən yeni Konstitusiyada Respublika Prokurorluğuna xüsusi maddə həsr edilərək dövlət idarətmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilib. 
Beləliklə, prokurorluğun məhkəmə hakimiyyətinə aid edilməsi ilə onun dövlət idarəetmə mexanizmində roluna və iştirakına dair məsələlərə Konstitusiya səviyyəsində aydınlıq gətirilməsi ilə bərabər, eyni zamanda, müasir Azərbaycan Respublikası prokurorluq orqanlarının 1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olmasını təsdiq edib. Bu isə ümummilli liderin xalqımızın tarixi irsinə diqqət və qayğı ilə yanaşmasının parlaq ifadəsi, eyni zamanda, prokurorluğun dövlət idarəetmə mexanizmində yerinin və rolunun dəqiq müəyyənləşdirilməsi demək idi. 
Heydər Əliyev məhkəmə-hüquq islahatlarını demokratik, hüquqi dövlət quruculuğundan ayrılmaz hesab edir, bu iki prosesin birgə aparılması istiqamətində ciddi tədbirlər həyata keçirirdi. Məhkəmə-hüquq islahatlarının mühüm əhəmiyyətini vurğulayan ulu öndər deyirdi: “Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır. İndi Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir. Ölkəmiz müasirləşir, yeniləşir, dünya birliyinin çox fəal və dəyərli üzvünə çevrilir, Əlbəttə ki, məhkəmə-hüquq islahatları da ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir”.
Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın 12 noyabr 1995-ci il tarixdə yeni Konstitusiyası qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması daha da sürətləndirildi, dahi şəxsiyyətin 1996-cı ilin fevralında imzaladığı müvafiq fərmanla hüquqi islahatlar üzrə komissiya yaradıldı. Həmin komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzimləyən bir sıra qanunların, o cümlədən prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ hüquqi aktların Avropanın aparıcı ekspertlərinin müsbət rəyini alan layihələri hazırlandı. Bu layihələr əsasında qəbul edilən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər sənədlər ölkəmizin hüquq sisteminin formalaşması prosesini sürətləndirdi. 
Heydər Əliyev prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunan 28 noyabr 1998-ci il tarixli mərasimdə prokurorluq işçilərinə dəyərli tövsiyələrini verərək deyirdi: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma, eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız”. 
Ötən müddətdə ulu öndərin bu sözləri prokurorluq işçilərinin gündəlik fəaliyyət şüarına çevrilməklə bərabər, onların seçdikləri peşəyə dərindən bağlanmalarına, öz işlərinə məsuliyyətlə yanaşmalarına mühüm təsir göstərib.
Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində 1999-cu ilin dekabr ayında qəbul edilən “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda prokurorluğun sovetlər dönəminin totalitar rejiminə xas olan funksiyalardan azad olunması, bu təsisatın fəaliyyətinin forma və metodlarının demokratik prinsiplərə uyğunlaşdırılması nəzərdə tutulmaqla, qurumun sistemi və təşkili, səlahiyyətləri, vəzifələri, kadr təminatı, habelə işçilərin sosial müdafiəsi ilə bağlı məsələlər müasir beynəlxalq standartlara uyğun tənzimləndi. 
Dahi şəxsiyyət 2000-ci il aprelin 26-da Respublika Prokurorluğu orqanlarının rəhbər işçilərilə keçirdiyi müşavirədən sonra prokurorluğun həyatında yeni mərhələ başlandı. Ulu öndərin həmin tədbirdəki proqram xarakterli çıxışı prokurorluqda reallaşdırılan demokratik məzmunlu islahatların əsasını təşkil etdi. Müşavirədə ölkəmizdə həyata keçirilən islahatların memarı kimi Heydər Əliyevin “Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir”, – sözləri, eyni zamanda, prokurorluğun fəaliyyətinin daha səmərəli xarakter alması məqsədilə dəyərli göstərişləri bu sahədə islahatların daha da dərinləşdiriləcəyindən xəbər verirdi. Elə buna görə də qısa zaman ərzində ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiq edilməsi, dövlətçiliyin, eyni zamanda, milli maraqların etibarlı şəkildə qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işi ən yüksək tələblər səviyyəsinə çatdırıldı.
Ulu öndərimiz prokurorluq sistemində yüksək peşəkarlığa və etik-psixoloji keyfiyyətlərə malik, sağlam düşüncəli, mənəviyyatlı, milli dəyərlərə və hüquqi dövlət prinsiplərinə hörmətlə yanaşan kadrların yerləşdirilməsinə hər zaman mühüm önəm verib. Prokurorluğa qulluğa yeni qəbul olunan şəxslərin demokratik prinsiplər əsasında, aşkarlıq şəraitində, şəffaf prosedurlarla seçilməsi prosesində bu amilə xüsusi diqqət yetirilməsini tövsiyə edib. 
Heydər Əliyev prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, zəruri normativ-hüquqi bazanın yaradılması, mövcud sistemin beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun qurulması məsələlərinə də daim diqqət yetirib. Bu istiqamətdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” və digər mühüm qanunvericilik aktlarının qəbul edilməsinə nail olub. Bunun nəticəsində isə Azərbaycanda beynəlxalq standartlara uyğun prokurorluq sistemi formalaşıb. 
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il avqust ayının 24-də keçirilən referendumla edilən dəyişikliklərlə prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməsi ilə hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında rolu artdı. Başqa sözlə, prokurorluq orqanlarına insan hüquq və azadlıqları sahəsində praktiki fəaliyyətlə yanaşı, qanun yaradıcılığı və vətəndaş quruculuğu prosesində fəal iştirak imkanları yarandı. Bununla da Azərbaycan Respublikası Prokurorluğuna dövlət başçısının, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq qanun layihələrini və digər məsələləri Milli Məclisin müzakirəsinə təqdim etmək hüququnun verilməsi, fəaliyyəti bilavasitə qanunların tətbiqi və icrasına nəzarətlə bağlı olan bu dövlət təsisatının qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək qüvvədə olan normativ hüquqi aktların təkmilləşdirilməsinə, qanunvericilikdə mövcud olan müəyyən boşluqların aradan qaldırılmasına, yeni yaranan ictimai münasibətləri tənzimləyən qanunlar və hüquqi normaların qəbuluna dair təkliflər verməklə beynəlxalq tələblərə uyğun hüquq sisteminin formalaşdırılmasında daha yaxından iştirakı təmin edildi. 
Heydər Əliyev müdrik şəxsiyyət olaraq dövlət quruculuğu prosesinin ardıcıllığını təmin edəcək əsasları formalaşdırmaqla bərabər, özündən sonra qüdrətli varis və lider yetişdirdi. Başqa sözlə, cənab İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdi.
Ümummilli liderin siyasi kursunun layiqli davamçısı möhtərəm İlham Əliyev Azərbaycan Prezidenti kimi son 15 ildə ölkəmizin tərəqqisi və inkişafı naminə yorulmadan fəaliyyət göstərir, bütün uğurların fövqündə duran məslək, milli ideya və qüdrətli məfkurə--azərbaycançılıq ideologiyasını uğurla inkişaf etdirir, qanunun aliliyinin həyata keçirilməsi sahəsində mühüm işlər görür. Prezident İlham Əliyev müsahibələrinin birində bununla bağlı deyib: “Azərbaycanda qanunun aliliyi başlıca şərtdir. Biz hüquqi dövlət qururuq və qanun hamı üçün qanun olmalıdır. İstər o, adi vətəndaş olsun, nazir olsun, yaxud da siyasətçi olsun. Ona görə bütün bu məsələlərə həmin prizmadan yanaşmaq lazımdır. Gələcəkdə də əgər kimsə Azərbaycanda qanunazidd hərəkətlər edərsə, şübhəsiz ki, bunun da qarşısı alınacaqdır. Qanun hamı üçün eyni olmalıdır”.
Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirir, səmərəli fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirir. 
Hazırda Azərbaycan bölgələrinin tarazlı şəkildə inkişaf etməsi, bütün şəhər və kəndlərin, qəsəbələrin intibah dövrünə qədəm qoyması, respublikamızın ərazisinin başdan-başa tikinti-quruculuq meydanına çevrilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, insan amilinin, humanizm dəyərlərinin önə çəkilməsi bunun parlaq ifadəsidir. 
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanın dövlət siyasətinin mərkəzində insan amili durur. “Qara qızılın insan kapitalına çevrilməsi” isə Azərbaycan Prezidentinin ölkənin gələcək inkişafına həssas yanaşmasının, ölkə iqtisadiyyatının innovativ intellektual potensiala malik olması istiqamətində fəaliyyətinin bariz nümunəsidir. 
Tarix dəfələrlə sübut edib ki, istənilən dövlətdə insan amilinin önə çəkilməsi, məmur və hakimiyyət nümayəndələrinin sözləri ilə əməllərinin üst-üstə düşməsi dövlətçilik üçün vacib şərtdir. Prezident də məmurlara məhz bu fikri xatırladaraq, bildirib ki, xalqın etimadını hər zaman doğrultmağa, bununla da xalqın özünü dövlətə daha yaxın hiss etməsinə nail olmağa çalışın. 
Azərbaycan Prezidenti prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində də bu amilə xüsusi əhəmiyyət verərək, sözügedən təsisatın inkişafında qanunun aliliyi, xalqa ləyaqətlə xidmət etmək missiyası kimi prinsipləri önə çəkib: “Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz – prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır”. 
Cənab İlham Əliyevin yorulmaz səyi ilə Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması diqqət mərkəzində saxlanılıb, qanunun aliliyini reallaşdıran hüquqi dövlət quruculuğu prosesi uğurla davam etdirilib. Dünya birliyinin etibarlı üzvü olan Azərbaycanın beynəlxalq mövqeyi güclənib. Hazırda qlobal layihələrin gerçəkləşməsində əsas tərəfdaşlardan biri kimi, çıxış edən respublikamız beynəlxalq iqtisadi-siyasi arenada aparıcı qüvvələrdən birinə, dünya miqyasında yüksək nüfuza malik olan dövlətə çevrilib.
Bütün sadalananlarla bərabər, hüquq-mühafizə orqanlarının, o cümlədən, prokurorluğun demokratik məzmunda formalaşması, inkişafı da cənab İlham Əliyevin etimad və qayğısı sayəsində uğurla davam edib. Prokurorluqda sağlam mühitin yaradılması istiqamətində ciddi tədbirlər həyata keçirilib, dövlətçilik, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsipləri daim ön plana çəkilib. Bu təsisatın dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasında prinsipiallığı, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təminində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rolu nəticəsində cəmiyyətdə prokurorluğa ictimai etimad yüksəlib. 
Prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda, işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə möhtərəm Prezidentimizin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” uğurla həyata keçirilib. Həmin proqramda nəzərdə tutulan tədbirlərin icrası nəticəsində hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolu artırılıb, cinayətkarlığa qarşı mübarizədə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət gücləndirilib, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasında, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasında əsaslı dəyişikliklər baş verib. Bütün bunlarla yanaşı, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasına nail olunub. Bu, son nəticədə vətəndaş cəmiyyətində prokurorluğun rolunun artmasına, prokurorluq orqanlarının müasir dövrün tələblərinə, habelə beynəlxalq standartlara uyğun fəaliyyətinin yeni keyfiyyət müstəvisinə yüksəlməsinə əlverişli şərait yaradıb. 
Prokurorluq orqanlarında müraciətlərə həssaslıqla yanaşılması, vətəndaşların qəbulunun müasir tələblər səviyyəsində təşkil edilməsi, bu sahədə fəaliyyətin informasiya texnologiyalarından istifadə olunmaqla daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, elektron müraciətlərin qəbulu, habelə baxılması üçün lazımi imkanlar yaradılıb. 
Bu gün ölkəmizdə insan hüquq və azadlıqlarının beynəlxalq tələblər səviyyəsində təmin edildiyi, müasir vətəndaş cəmiyyətinin formalaşdırıldığı, hüquqi dövlət quruculuğu prosesinin yeni keyfiyyət müstəvisində uğurla gerçəkləşdirildiyi bir vaxtda hər bir prokurorluq işçisindən ümummilli liderin ideya və tövsiyələrinə, möhtərəm Prezidentimizin göstərişlərinə uyğun olaraq fəaliyyətlərinə daha yüksək məsuliyyətlə yanaşmaları, xalqına, Vətəninə və dövlətinə şərəflə, ləyaqətlə və sədaqətlə qulluq etmələri tələb edilir. Bu baxımdan dövlətimizin başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu məqsəd və vəzifələr hamıya aydındır və özü dəfələrlə bunu açıq şəkildə bildirib. 
Azərbaycan Prezidenti çıxışlarında dünyanın qabaqcıl təcrübəsinin bütün sahələrdə tətbiqinin zəruriliyini xüsusi vurğulayır, bunu hər bir səlahiyyətli şəxsdən qətiyyətlə tələb edir. Vətəndaşların öz gündəlik problemlərini maneəsiz həll etməsini, onların dövlət orqanlarında bürokratiya və süründürməçilik halları ilə üzləşməməsini, cəmiyyətdəki mənfi halların aradan qaldırılmasını idarəetmənin vacib şərti sayır.
Burada, yeri gəlmişkən, diqqəti mühüm bir məqama da yönəltmək istərdim. Ölkənin rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən cəmiyyətdə saflığın, təmizliyin və şəffaflığın təntənəsinə çalışan Prezident İlham Əliyev bu işdə bilavasitə vətəndaşların problemləri ilə əlaqədar olan, onlarla gündəlik ünsiyyətdə olan dövlət məmurlarının qarşısında ciddi vəzifələr qoyub və qəti surətdə tələb edib: “... Dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər... Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və Vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır”.
Bu baxımdan, dövlət qurumları, eləcə də prokurorluq orqanları tərəfindən Azərbaycan vətəndaşlarının gündəlik həyatda qarşılaşdıqları hər bir problemin həllinə həssaslıqla yanaşılmalı, onlara qayğı və diqqət göstərilməlidir. Vurğulamaq istərdim ki, bu, prokurorluqda qulluq etmənin əsas şüarı sayılmaqla fəaliyyətimizin başlıca meyarı kimi qəbul olunub. 
Hazırda hərtərəfli və dinamik yüksəliş dövrünü yaşayan Azərbaycanda müasir dövrün tələblərinə cavab verən, vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, yüksək mənəvi, əxlaqi və peşə keyfiyyətlərinə malik olan, dövlətçilik ideyalarına sədaqəti ilə seçilən və fəal vətəndaşlıq mövqeyi nümayiş etdirən prokurorluğun kollektivi bundan sonra da Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası və mütərəqqi islahatların reallaşdırılması istiqamətində səylərini daha da artıracaq, ölkəmizdə mövcud ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitinin, milli maraqların hər cür qəsdlərdən qorunması, cinayətkarlığa qarşı barışmaz mübarizə istiqamətində bütün mümkün tədbirlərin həyata keçirilməsini reallaşdıracaq.
* * *
Yazının sonunda rəhbərlik etdiyim rayon prokurorluğunun fəaliyyəti barədə hesabat qeydlərini, müsbət göstəriciləri diqqətə çatdırmaqla oxucuları yormaq istəmirəm. Sadəcə, ömrünün 43 ilini respublika prokurorluq orqanlarında xidmətdə keçirən bir hüquqşünas kimi, cəmiyyətdə prokurorluğun artan rolu barədə duyğu-düşüncələrimi bölüşməyə mənəvi ehtiyac duyuram. Prokuror peşəsi şərəfli, məsuliyyətli, yüksək bilik və bacarıq tələb olunmaqla yanaşı, həm də insanşünaslıq fəaliyyətidir. Qanun, tarixən ictimai əxlaqın, mənəvi meyarların inkişaf etdirilib hüquqi norma və qaydalara çevrilməsi gedişinin nəticəsi olduğu kimi, hüquqşünas, eləcə də prokurorluq işçisi də öz xalqının milli-mənəvi dəyərlərini, ədəbiyyatını, incəsənətini, xalq həyatını, tələb və ehtiyaclarını dərindən bilməlidir. Bütün bunlar prokurora insanların daxili aləminə nüfuz edib onları dərindən tanımasına geniş imkan yaradır. 
Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda “Prokurorluq peşəsi hörmətli peşədir. Hörmətli, şərəfli peşədir. Müstəqil dövlət kimi Azərbaycan keçmiş tarixindən, ənənələrindən istifadə edərək yeni dövlət quruculuğu prosesini həyata keçirir. O cümlədən, müstəqil Azərbaycanın prokurorluğu yaranır və inkişaf edir. Bu orqanın inkişaf etməsində xidmət göstərən hər bir Azərbaycan vətəndaşı şərəfli iş görür...” deməklə ümummilli lider Heydər Əliyev onun fəaliyyətinin hər bir soydaşımızın taleyindən keçdiyinə də diqqət yetirmişdir. 
Azərbaycan Prokurorluğunun yaradılmasının 100-cü yubiley ilinin qeyd olunduğu bir vaxtda böyük rəhbərin nəsihət və tövsiyələrini, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərini fəaliyyətimizi yönləndirən, onun uğurlarını təmin edən konsepsiya kimi qəbul edirik. 
Qətiyyətlə söyləyə bilərəm ki, ötən iki onillikdə Azərbaycan Prokurorluğunda aparılan islahatların ilkin mərhələsi yekunlaşmış, sahənin fəaliyyətinin hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi vəzifələrini əhatə edən yeni dövr başlanmışdır. Bu mərhələdə prokurorluq sisteminin inkişafında, hüquqi dövlət quruculuğu prosesində onun iştirakında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Bundan əlavə, vətəndaş cəmiyyətində prokurorluğin rolunun artırılmasına, onun fəaliyyətinin müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasına , yeni keyfiyyət müstəvisinə keçirilməsinə zəmin yaradılmışdır. 
Azərbaycan Respublikası Prokurorluğunun kollektivi dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsində, fəaliyyətinin ölkədə qanunçuluğa əməl olunmasına səfərbər edilməsində səylərini daim artırır. 
Prokurorluq işçilərinin fəal vətəndaşlıq mövqeyi ildən-ilə yüksəlir. Onlar Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzaqgörən və müdrik dövlət siyasətinə daim sadiq qalaraq, ölkədə aparılan böyük quruculuq işlərində, demokratik dövlətin və hüquq sisteminin inkişaf etdirilməsində yaxından iştirak edirlər.

Yusif İLDIRIMZADƏ, 
Xətai rayon prokuroru, Baş ədliyyə müşaviri, 
hüquq elmləri üzrə fəlsəfə doktoru, prokurorluğun Fəxri işçisi

 

19 2018 23:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin