Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aşura gününün mahiyyətini təhrif etmək günahdır

Aşura gününün mahiyyətini  təhrif etmək günahdır

Müsəlmanların Hicri-qəməri təqvimi ilə Məhərrəm ayının 10-u  Aşura günüdür. Çünki hicrətin 61-ci ilinin bu günündə İslam Peyğəmbəri Həzrəti Muhəmmədin (s.) əziz nəvəsi və Əhli Beytin (ə.) nümayəndəsi İmam Hüseyn (ə.), eləcə də bir qrup tərəfdarı İraqın Kərbəla çölündə şəhadətə yetişdi. 
Məlum olduğu kimi, bəşəriyyət tarixində mübarizələrin bir qismi siyasi əhəmiyyət daşımaqla insan oğlunun xoşbəxtliyinə deyil, hansısa qrupun mənafe və məqsədlərinə xidmət etmişdir. Lakin onların içərisində yüksək amallar uğrunda olanlar da az deyildir. İmam Hüseynin (ə) dövrünün zalım və sitəmkar rejiminə qarşı apardığı mübarizə də  belə ülvi amallara  xidmət edir. Bəs bu mübarizənin mahiyyəti və amalı nə idi? 
İmam Hüseynin (ə.) dövründə əməvilərin zülm və istibdadı, özbaşınalıq və cəhaləti ən yüksək həddə çatmışdı. Belə bir halda elə bir şəxsə ehtiyac duyulurdu ki, o, İlahi vəhyin əsasında tərbiyə olunsun, bütün əxlaqi keyfiyyətləri özündə birləşdirsin və Adəm övladı üçün ali dəyər sayılan azadlıq uğrunda mübarizə aparsın. İmam Hüseyn (ə) də bu ülvi keyfiyyətləri özündə cəm edərək haqq, həqiqət və azadlıq uğrunda mübarizəyə başladı, sonda isə, İlahi rəhmət olan şəhadətə yetişdi. Lakin İmam Hüseynin (ə.) bu mübarək şəhadəti onun müqəddəs amallarını yaşatdı. Bu amallar bu gün də yaşayır və qiyamətədək yaşayacaqdır. 
Həzrət Peyğəmbərin (s.) vəfatından sonra onun qurduğu İslam xilafəti xüləfai-raşididən sonra yavaş-yavaş feodal münasibətləri sisteminə və quruluşuna çevrilməyə başladı. Zahirən İslam xilafəti olsa da, əslində, cahiliyyə təəssübkeşliyinə qapanan Əməvilər dövləti yeni dini parçalamış, onun sosial-siyasi norma və prinsiplərini olduqca zəiflətmişdi. Belə olan təqdirdə, xüsusilə də yeni qurulmuş müsəlman cəmiyyətinin Cahiliyyə  dövrünə qaytarılmasına cəhd edildiyi bir vaxtda nə etmək lazım idi? Bu sualın cavabı aydındır: zülm və istibdada qarşı mübarizə aparmaq. Artıq mübarizə üçün şərait yaranmışdı və onu həyata keçirə biləcək şəxs İmam Hüseyn (ə.) idi. İmam (ə.) bəşəriyyət tarixində misli görünməmiş və bütün insanlığa örnək olacaq bir mübarizə apardı ki, o, dünya tarixinə Aşura mübarizəsi kimi daxil oldu. 
“Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə, zəlillikdən başqa bir şey bilmirəm”. -- İmam  Hüseynin (ə.) bu qiymətli kəlamı Aşura mübarizəsinin mahiyyətini tam şəkildə göstərdi, həmçinin dünyanın azadlıqsevər insanlarına öyrətdi ki, sosial, milli və mənəvi zülmə qarşı müxalif olmaq dünya və Axirətin ən böyük xoşbəxtliydir. 
İmam Hüseynin (ə.) Aşura mübarizəsi müsəlmanlar üçün təkcə bayraq deyildi, eyni zamanda, ixtilafa düşmüş müsəlman icmasının haqq işi  olduğunu sübut etmək üçün də zəruri idi. Belə ki, Aşura qiyamının müsbət nəticələri böyük əks-səda doğurdu. Xəlifə Yeziddən sonra hakimiyyətə  gələn oğlu Müaviyə əl-Əsğər minbərə çıxıb Peyğəmbərə (s) və Əhli-Beytə (ə) salam göndərəndən sonra öz ata-babasının nahaq, zülm və sitəmlə məşğul olduqlarını dilə gətirdi və hakimiyyətdən öz xoşu ilə əl çəkdi. 
İmam Hüseynin (ə.) Aşura mübarizəsi zülm və istibdada, cəhalət və mənəviyyatsızlığa qarşı olduğundan tezliklə bu mübarizə ümumxalq hərəkatına çevrildi. Hadisələrin sonrakı inkişafı onu göstərdi ki, İmam (ə.) bu mübarizədən qalib çıxdı. 
Göründüyü kimi, Aşura haqq, ədalət mübarizəsi idi. Xalqımız Aşura mərasimini  həmişə   qanunlarımız çərçivəsində keçirir  və öz tolerant ənənələrinə sadiqliyini qoruyub saxlayır. Güman edirəm ki, bu dəfə də  belə olacaq, İmam  Hüseyn (ə.) əzadarları  Qafqaz Müsəlmanları İdarəsi Qazilər  Şurasının 4 sentyabr  tarixli  fətvasına  uyğun şəkildə Aşura tədbirlərini yerinə yetirəcəklər.   

Bəhcət ƏFƏNDİYEV, 
Sumqayıt şəhər
İslam Məscidinin imamı 

19 2018 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin