Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qobustan: dəmyə torpağın çörəyi

Qobustan: dəmyə torpağın çörəyi

Son illər Qobustana yolum tez-tez düşür. Rayon ərazisinin çox hissəsi dağdır, dərədir. Bu dağların yamaclarında, susuz, dəmyə torpaqlarda əkin-biçinlə məşğul olmaq asan deyil. Amma belə bir çətin şəraitdə də qobustanlı fermerlər son illər bol taxıl toplayırlar.  
Qobustanlıların uğurlarının səbəbi sadədir. Burada fermerlər əsasən torpağın “dilini” yaxşı bilən, əməyə, doğma yurda qəlbən bağlı zəhmət adamlarıdır. Həqiqətən, onların çoxu işgüzar və səriştəlidir. Qobustanlılar həm də qədirbilən insanlardır. Deyirlər ki,  dövlətimizin, möhtərəm Prezidentin Azərbaycanın hər bir bölgəsi kimi, Qobustan rayonuna bu qədər böyük diqqət və qayğısı olmasaydı, onlar belə davamlı uğurlar əldə edə bilməzdilər.  
Bu dəfə yolum Xilmilli kəndinə idi. Məqsədim rayonun taxılçılıq üzrə ən böyük fermer təsərrüfatlarından birinin rəhbəri olan Soltanpaşa Məlikovla görüşmək idi. Onun çox səriştəli bir fermer olduğu barədə eşitmişdim. Özü ilə yaxından tanış olmaq arzusunda idim.   
Maşınla Xilmilliyə gələnə qədər çox dərələri, təpələri arxada qoymalı oldum. Qəribədir, əvvəldən xeyli yol getməli olduğum barədə məlumatım olsa da, hər dəfə yol boyu dağların  növbəti yamaclarından aşağıya eniş başlayanda mənə elə gəlirdi ki, artıq növbəti təpənin arxasında Xilmilli olacaq. Lakin yol uzandıqca uzanırdı. Nəhayət, Xilmilliyə çatdım. 
Burada fermer Soltanpaşa Məlikovu arayıb axtarmaq çətin olmadı. Gəlişimə sevindi. Dedi ki, qələm adamları ilə söhbətdən pozitiv enerji alır. Soltanpaşa özü də çox səmimi, mehriban adamdır. Təbii ki, həm də işgüzardır. Son illər rayonda taxılçılıq sahəsində ən yüksək məhsuldarlığa nail olanlar arasında onun adı birincilər sırasında çəkilir. 
Deyir ki, dəmyə torpaqlarda bol buğda, arpa əkib-becərib, yaxşı məhsul götürmək üçün fermerin gərək aqrotexniki tədbirlərdən başı çıxsın. Yəni, payızda herik şumunu vaxtında, keyfiyyətlə aparsın, qış, yaz aylarında payızlıq əkin sahələrinin yemləməsini yetərincə və məqamında yerinə yetirsin ki, torpağa səpilən bir toxum min bir sünbül olsun. Hələ bununla da iş bitmir. Gərək ki, biçin vaxtı kombaynlar da saz vəziyyətdə olsun ki, şair demişkən, “torpağa düşməsin havayı bir dən”.  
Yuxarıda qeyd etdiyim kimi, Soltanpaşa sözünü əməli ilə təsdiq etməyi bacaran fermerlərdəndir. Başçılıq etdiyi fermer təsərrüfatının üzvləri bu il 400 hektar sahənin hər hektarından 30 sentnerdən çox taxıl məhsulu götürüblər. Yaxşı məhsul, təbii ki, yaxşı qazanc deməkdir. 
Həmsöhbətim dərin razılıq hissi ilə bildirdi ki, bu gün istər Xilmillidə, istərsə də Qobustanın digər kəndlərində elə ailə yoxdur ki, evində özünə bəs edəcək qədər taxılı  olmasın. Soltanpaşanın sözlərinə görə, Qobustanın dəmyə torpaqlarının çörəyinin dadı bir başqadır. Təkid etdi ki,  onun qonağı olmalıyam. Mən bilirdim ki, bu yerlərin sakinləri qonağı çaysız, çörəksiz yola salmağı özlərinə rəva bilmirlər. 
Soltanpaşa ilə xeyli söhbət etdik. Dedi ki, rəhmətlik Heydər Əliyev çox müdrik dövlət xadimi idi. Çox ağıllı iş görüb ölkəmizdə torpaq islahatı apardı. İnsanlar torpağa sahib olandan sonra yurda, obaya möhkəm bağlandılar.
Təcrübəli fermer sonra ürək-dolusu dedi ki, Azərbaycan dövləti bu gün də əmək adamlarının yanındadır. Fermerlər Prezident İlham Əliyevin tapşırığı ilə toxum, gübrə, texnika ilə təchiz olunublar. Güzəştli şərtlərlə kifayət  qədər kredit ala bilirlər. Dövlət fermerlərin ərsəyə gətirdikləri buğda və arpa məhsulu da sərfəli qiymətlərlə onlardan alır.   
Bütün bu imkanlar fermerlərin yaxşı işləmələri üçün stimul yaradır. Soltanpaşa deyir ki, qobustanlı fermerlərin bəxti həm də onda gətirib ki, onların Adil müəllim kimi (Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovu nəzərdə tutur-müəllif) yaxın dostu və məsləhətçiləri var. Fermer dedi: 
--Vallah, bu kişi istirahət nə olduğunu bilmir. Bütün günü təsərrüfatlardadır. Olduqca sadə, mehriban insandır. Hər hansı bir çətinlik olanda, dərhal aradan qaldırılması  üçün çalışır. İşlər qaydasına düşənə qədər hər şeyə özü nəzarət edir.   
Adil Məmmədov Xilmilliyə tez-tez gəlir. Hər dəfə də ağsaqqallarla, fermerlərlə, kənd sakinləri ilə görüşür, onların qayğı və problemlərini öyrənir, bir çox məsələləri yerindəcə həll edir, həlli vaxt, zaman tələb edən müşküllərin çözülməsi yollarını arayır.  Xilmilli sakinlərinə söz verib ki, 2019-cu ildən etibarən bu kəndə rahat, asfalt yolun çəkilişinə başlanılacaq.  
Xilmilliydə budəfəki gəlişim zamanı Soltanpaşanın həmkəndlisi, digər taxılçılıq fermeri Muxtar Xudayev ilə tanış oldum. Muxtar da torpağın dilini bilənlərdən sayılır. Bu il hər hektardan 35 sentnerə yaxın məhsul götürüb.      
Muxtar da Soltanpaşa kimi dövlətimizin fermerlərə göstərdiyi qayğıdan dərin razılıq hissilə danışdı. Onun sözlərinə görə, bu gün Qobustanda fermerlərin yüksək məhsuldar elit toxumluq buğda sortlarını əldə etməkdən tutmuş, əkin sahələrinin yüksək aqrotexniki qaydada becərilməsi, məhsulun sahələrdən toplanaraq dövlətə təhvil verilməsinə qədər heç bir ciddi çətinliyi yoxdur. 
Yeri gəlmişkən, rayonun Cəmcəmli kəndindən Telman Əhmədov, Ruslan Əhmədov və başqaları da dövlətin əkin-biçin adamlarına qayğısından razılıq etdilər. 
Həmin gün Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil müəllimlə onun  kabinetində görüşüb fermerlərin icra hakimiyyətinin başçısından dərin razılıq etdiklərini bildirəndə, həmsöhbətim dedi:
– Bütün bunlar vəzifə borcumdur. Möhtərəm Prezidentimiz İlham Əliyev mənə bu boyda etimad göstərib ki, xalqıma, dövlətimə xidmət göstərim. Başqa necə ola bilər?! 
Adil müəllim rayonda aqrar sahədə görülən işlərdən söz açdı. Son illər Qobustanda həqiqətən illər bir-birindən uğurlu gəlir. 2018-ci təsərrüfat ili taxılçılıq sahəsində xüsusilə uğurlu il olub.  Məsələn, Qobustanda cari ilin məhsulu üçün keçən ilin payızında 31 min hektar sahədə taxıl əkilmişdi. Bunun 20 min 985 hektarında buğda, qalan sahədə isə arpa əkini aparılmışdı. Artıq bu məhsulların biçini tam yekunlaşıb. Nəticə də müsbətdir. Sahələrdən 71 min ton taxıl və 500 ton noxud tədarük olunub.
Rayonda məhsuldarlıq keçən illə müqayisədə xeyli yüksəkdir. Nümunəvi təsərrüfatların daha çox seçildiyi kəndlər sırasında isə  ­Xilmilli, Dərəkənd, Qobustan şəhər, Təklə, Sündü və Cəyirlini göstərmək olar. Artım hektar üzrə təxminən 3-5 sentner təşkil edir ki, bu da ümumi göstəriciyə əhəmiyyətli təsir göstərir.
Qobustan rayon kənd təsərrüfatı idarəsinin rəisi Həsənağa Hüseynov dedi ki, sahələrdən bol və keyfiyyətli məhsulun götürülməsində toxum az rol oynamır. Ona görə bu məsələ də diqqətdə saxlanılır. Təsadüfi deyil ki, hazırda rayonda toxumçuluqla 15 təsərrüfat məşğul olur. Əlavə olaraq toxumçuluqla məşğul olan 2 dövlət müəssisəsi də var. Bunlar Qobustan Bölgə Təcrübə Stansiyası və “Kənd Təsərrüfatı Müəssisəsi” MMC-dən ibarətdir. Onlar da hektardan orta hesabla 26-30 sentner məhsul götürürlər.
Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov rəhbərlik etdiyi kollektivin fəaliyyəti barədə danışanda dedi ki, stansiyanın 254 hektar əkin sahəsi var ki, burada yüzlərlə taxıl və digər dənli-paxlalı bitki sortu və nümunələri becərilir. Onların çoxu buğda sortudur. Habelə 100-dən çox noxud nümunəsi vardır. Stansiyada yüksək reproduktivli “Bezostiya-1”, “Qızıl buğda”, “Aran”, “Qüdrətli-48”, “Dəyanətli”, “Sultan” və digər buğda sortları becərilir. Bu sortlar hər hektar üçün 40-50 sentner potensial məhsuldarlığa malikdir.
Stansiyada bir bərk buğda (Şirvan 3), 2 yumşaq buğda (Qobustan, Ruzi 84) və bir arpa (Qüdrətli 48) sortu yaradılmışdır. Stansiyada elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə yanaşı, Qobustan, Ruzi 84, Bezostaya 1 yumşaq buğda və Cəlilabad 19 arpa sortlarının toxumçuluğu ilə məşqul olunur. 
Odur ki, stansiyada hər il kvotaya uyğun olaraq 350-400 tona qədər sadalan buğda və arpa sortlarının elit toxumları istehsal olunur və bölgü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilir. 
Hazırda stansiyada 17 nəfər çalışır. Onların çoxu alim və tədqiqatçılardır. Ötən illər ərzində stansiyanın 15 nəfərədək işçisi elmi dissertasiyalarını müdafiə edərək alimlik dərəcəsi adına layiq görülmüşlər. 
Yeri gəlmişkən, Qobustan rayonu heyvandarlıq sahəsində ənənələri olan bölgələrimizdəndir. Rayon Kənd Təsərrüfatı İdarəsində bildirdilər ki, hazırda rayonda iribuynuzlu qaramalın baş sayı 30,7 min başa çatmışdır. Qoyun və keçilərin baş sayı artaraq 191 min başdan çoxdur. 
Rayonda aqroparkın yaradılmasına başlanılmışdır. Ərazidə 200 başlıq cins mal-qara fermasının tikintisi davam edir. Əraziyə elektrik xətti çəkilir. Bu il aqropark ərazisində  300 hektar buğda, 400 hektar arpa əkini aparılmış, biçin yekunlaşmışdır. Lakin suvarma təşkil edilmədiyi üçün aqropark ərazisində məhsuldarlıq bir qədər aşağı olmuşdur.  Mütəxəssislər hesab edirlər ki,  aqroparka 14 kilometr aralıda yerləşən “Qozluçay” çayından su çəkilməsi və su tutarının qurulması zəruridir. Hesablanıb ki, əgər suyun əraziyə gəlməsi təmin edilərsə, burada əlavə 2000 hektar ərazinin əkin dövriyyəsinə cəlb edilməsi mümkündür. 
Hər bir rayonun, bölgənin inkişafı üçün sərmayə lazımdır. Avtomobillər benzinsiz, yanacaqsız hərəkət edə bilmədiyi kimi, iqtisadiyyat da investisiya, kapital qoyuluşu olmadan irəli gedə bilməz. Bu sahədə Qobustan rayonunda vəziyyət yaxşıdır. Burada çalışırlar ki, iş adamları, sahibkarlar üçün elə şərait yaratsınlar ki, onlar buraya sonradan gəldiklərinə peşman olmasınlar. Əksinə, razı qalsınlar ki, öz bizneslərini daha da genişləndirsinlər. 
Bu məqamda bəzi konkret faktlar çəkmək istəyirəm. 2018-ci ilin əvvəlindən  rayona 3 milyon 231 min manat özəl investisiya cəlb edilmişdir ki, bundan 640 min manatı aqroparka, 510 min manat heyvandarlıq, 350 min manat mebel istehsalı, 390 min manat tikinti, 30 min manat ticarət, 461 min manat isə digər sahələrə qoyulmuş sərmayədir. Bu sahədə işlər davam edir. Bu layihələr əsasında 76 yeni iş yerinin yaradılması nəzərdə tutulur. 
Qobustan rayonunda turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. İş adamları bunu hiss edir, bu gəlirli sahəyə böyük həvəslə maliyyə yatırırlar. Təkcə bu il rayon ərazisindəki müxtəlif turizm obyektlərinə 850 min manat vəsait yatırılmışdır. Son illər rayonda idmanın inkişafına diqqət və qayğı artıb. Bu sahəyə göstərilən qayğı öz yaxşı nəticələrini verir. Bu il 4 beynəlxalq, 16 respublika, 14 zona yarışlarında  rayonumuzdan 379 idmançı iştirak etmiş, 53 qızıl, 29 gümüş, 48 bürünc olmaqla, ümumilikdə, 130 medal qazanılmışdır. 
Qobustan rayonunda son illər tikinti-quruculuq işləri böyük vüsət almışdır. Qobustan RİH-in başçısı Adil Məmmədov vurğuladı ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı nəticəsində hazırda  Qobustan rayon mərkəzi xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri davam etdirilir. Rayonda xalça istehsalı emalatxanası inşa olunur. Bundan başqa, yun tədarükü və boyaq bitkilərinin tədarükü məntəqəsi yaradılır. Rayon mərkəzindəki 100 yerlik uşaq bağçasının, eləcə də bir neçə kəndi birləşdirən 14,5 kilometrlik Qobustan-Poladlı yolunun çəkilişi də uğurla davam etdirilir. Şıxzahırlı kəndinin qazlaşdırılması və kənddə 96 yerlik modul tipli məktəbin tikintisinə  yaxın günlərdə başlanılacaqdır.  Əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2018-ci ildə Çuxanlı və Sündü kəndlərində artezian quyularının qazılması nəzərdə tutulmuşdur.  Ümumilikdə, qeyd olunan məsələlərin həlli üçün dövlətimizin başçısı tərəfindən 30 milyon manatdan artıq vəsait ayrılmışdır.
  Rayonda yaşıllıqların artırılmasına xüsusi diqqət yetirilir. Təkcə bu ilin əvvəlindən Qobustan şəhərində, Təklə kəndində yol kənarında, “Aqrolizinq” ASC-nin Qobustan regional nümayəndəliyinin həyətində və yol kənarında, Cəngi kəndinin girişində salınan parkda, Bölgə Təcrübə Stansiyasının həyətində  ümumilikdə  5000-dən artıq müxtəlif növ ağac, 1500-dən artıq qızılgül əkilmişdir.     
Qobustan şəhərində əhalinin sel sularından qorunması üçün son dərəcə vacib olan 4 min paqonometr yağış ötürmə kanalı çəkilmiş, 59 min kvadratmetr şəhərdaxili yola asfalt vurulmuş, 9 min paqonometr uzunluğunda səki çəkilmiş, 300-dən artıq yeni işıqlandırma dirəkləri quraşdırılmışdır.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı məsələləri nəzarətdə saxlanılmışdır. Rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Son aylar ərzində rayonun bir sıra kəndlərində yararsız elektrik xətləri və dirəkləri dəyişdirilmiş, Qobustan şəhərində “Özünü daşıyan izolyasiyalı naqillərlə” kabelləşmə davam etdirilmişdir. 
 Məlumat üçün qeyd edək ki, rayonda əhalinin təbii qazla təminatı 93 faizə çatıb. Yeri gəlmişkən, Şıxzahırlı kəndinin qazlaşdırılması bu il təmin olunacaq və rayon üzrə qazlaşdırma 96 faizə çatacaqdır. Növbəti illərdə biz çalışmalıyıq ki, Cəngi, Qaracüzlü, Sədəfli və Təsi kəndləri də qazlaşdırılsın. Rayon üzrə istehlak edilmiş təbii qazın dəyəri birinci yarımil ərzində 99,5 faiz ödənilmişdir.
Əhalinin içməli su ilə təminatı məsələləri artıq Qobustan şəhərində öz həllini tapmışdır.  Qobustan şəhərində hər bir ev 24 saat içməli su ilə təmin edilir. Növbəti mərhələdə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində də daxili şəbəkənin qurulması, Xilmilli, Sündü, Nardaran, Şıxzahırlı və  Cəyirli kəndlərində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılacaq. 
Rayonda əhalinin sosial müdafiəsi, məşğulluq məsələləri diqqətdə saxlanılır. Bu ilin birinci yarısında möhtərəm Prezidentin tapşırığı ilə açılmış ictimai iş yerlərində 155  nəfər müvafiq işlə təmin olunmuşdur. Onu da qeyd edək ki, rayonda özəl təsərrüfatlarda da çoxsaylı müvəqqəti iş yerləri açılmışdır. Bu ilin əvvəlindən rayonda 33 nəfər ailə özünüməşğulluq proqramına cəlb edilmişdir. Xalçaçılıq emalatxanası, yeni xəstəxana binası və uşaq bağçası istifadəyə verildikdən sonra isə rayonda   200-dən artıq bu müəssisədə daimi iş yeri yaranacaqdır ki, bu iş yerlərindən 90 faizi qadınlar üçün nəzərdə tutulur. 
Adil Məmmədov bizimlə öhbətində dərin əminliklə bildirdi ki, qobustanlılar Azərbaycan  Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri vaxtında və layiqincə yerinə yetirəcəklər.   

Səməd HÜSEYNOĞLU, 
“Xalq qəzeti”nin bölgə müxbiri

19 2018 22:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin