Ən son xəbərlər

Son buraxılış
Arxiv

“TESS” aparatı ilk şəkilləri Yerə göndərib

“TESS” aparatı ilk şəkilləri Yerə göndərib

ABŞ Milli Kosmik Tədqiqatlar Agentliyinin (NASA) kosmosa bu il çıxardığı yeni “TESS” kosmik aparatı vasitəsilə çəkilmiş ilk fotolar artıq Yerə göndərilib. Bu barədə “Naukatv” saytı məlumat yayıb. Mənbənin məlumatına görə, Yerə bənzər ekzoplanetlərin olduğu ehtimal edilən astronomik obyektlərin fotoları NASA mütəxəssislərinin diqqətini cəlb edib. 
Bildirilir ki, peyk ilk fotoşəkilləri Yerdən start götürdükdən 4 ay sonra, avqustun 7-də dörd genişformatlı kamera vasitəsilə çəkib. Şəkillərdə həyat qabiliyyətli olması güman edilən ekzoplanetlərə malik planet sistemlərinin daxil olduğu ulduz və obyektlər təsvir edilib. Bundan başqa, “TESS” bir neçə astronomik obyektinin görüntüsünü çəkib.
Agentliyin Vaşinqtonda yerləşən mənzil-qərargahının astrofizika şöbəsinin əməkdaşları bildiriblər ki, kosmik aparatın əhatə dairəsinə eyni anda yeni planet sistemlərinin olduğu çoxlu ulduz və qalaktikalar daxildir. Elmi dəyərə malik ilk fotolar peykin kamerasının imkanlarını nümayiş etdirir və missiyanın başqa planetlərin axtarışı üçün misilsiz potensialını göstərir. Alimlərin sözlərinə görə, “TESS” atmosfer tərkibi potensial həyat mövcudluğu ilə bağlı olacaq bir sıra planetlər aşkarlayacaq.
Qeyd edək ki, ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulan “TESS” (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu bu ilin aprelində “SpaceX” şirkətinin “Falcon 9” raketdaşıyıcısı vasitəsilə kosmosa buraxılıb.
“TESS” teleskopu yanacağın bitməsinə görə istismar müddəti sona çatan “Kepler” teleskopunu qismən əvəz edəcək. “TESS”  “Kepler” kimi, ekzoplanetlərin axtarışında tranzit fotometriya metodundan istifadə edəcək. Yeni missiyanın əsas fərqi ondan ibarətdir ki, alimlər 300 işıq ili məsafəsində yerləşən obyektləri tədqiq edəcəklər. “Kepler” isə ulduzları 3 min işıq ili məsafəsində öyrənib.
Məlumata görə, “TESS” 600-1000 nanometr spektral diapazonda işləyən 16,8 meqapiksel təsvir ölçülü matrisaya malik 4 teleskopla təchiz edilib. Teleskopların hər birinin əhatə dairəsi 24x24 dərəcə təşkil edir və onlar elə yönəldilib ki, birlikdə uzadılmış zolaq şəklində vahid görünüş dairəsi yaradırlar. Teleskop 27 gündən bir müşahidə zonasını dəyişəcək və ikiillik əsas missiya çərçivəsində göy qübbəsinin 85 faizini əhatə edən xəritə yaradacaq. 
Mayda “TESS” ilk sınaq çəkilişi edərək şəkilləri Yerə göndərməsinə baxmayaraq, teleskop iyulun 25-də rəsmən fəaliyyətə başlayıb. 

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

19 2018 21:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin