Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hərbi cinayətkar Njdenin qəhrəmanlaşdırılması yolverilməzdir

Hərbi cinayətkar Njdenin qəhrəmanlaşdırılması yolverilməzdir

Alman şairi Henrix Hayne “Keçmiş insan nəfsinin vətənidir” deyəndə, sanki, onun-bunun torpaqlarına göz dikmiş erməniləri nəzərdə tuturmuş. Həqiqətən də, tarixin bütün dövrlərində yaşadıqları ərazilərdə aborigen xalqların maddi-mənəvi irsinə nəfs salan ermənilər uydurduqları “vətənin” zavallı “sakinləridir”. Qədimilik xəstəliyinə tutulan ermənilər mifik dövlətlərinin sərhədlərini uzatmaq üçün hətta insanlıq əleyhinə addımlar atmış faşistləri belə mədh etməkdən çəkinmirlər. Dünyanı fəlakətə sürükləmiş Adolf Hitlerlə əməkdaşlıq etmiş faşist Qaregin Njdeyə Ermənistanda abidə qoymaqla ermənilər bir daha sübut etdilər ki, onlar üçün bəşəri dəyərlərin əhəmiyyəti yoxdur.

Türk xalqının qanına susamış, “bir gün belə türklərə qarşı mübarizəsiz keçməməlidir” – deyən Qaregin Njde (Ter-Arutyunyan)? İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olmuş bu cəllad daşnakın siyasi fəaliyyəti satqınlıq və kinlə doludur. Rusiyanın rəsmi mövqeyinə gəldikdə ölkənin Müdafiə Nazirliyi tərəfindən nəşr etdirilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” adlı ensiklopediyasında beynəlxalq hüquq normaları və tarixi gerçəklik baxımından onun hərbi cinayətkar və nasistlərin əlaltısı olması barədə məlumata rast gəlmək olar. 
Rusiyalı hərbi ekspert İqor Korotçenko “Report” informasiya agentliyinə açıqlamasında bu nəşrin “Məxfi müharibə. Böyük Vətən müharibəsi illərində kəşfiyyat və əks-kəşfiyyat” sərlövhəli altıncı cildindəki “Müharibənin son ili hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə belə bir parçanın olduğunu bildirmişdir: “Abverin 114-cü qrupuna (“Dromedar”) dair xəfiyyəlik işi çərçivəsində əks-kəşfiyyatçılar tərəfindən keçmiş daşnak ordusu generalı, mühacir Ter-Arutunyan müəyyənləşdirilərək həbs edilmişdi. O, Böyük Vətən müharibəsi zamanı Bolqarıstanda erməni millətindən olan 30-dan artıq xəfiyyə tutaraq təxribatçı kimi hazırlıq keçmələrində, təxribatlar törətmək üçün Qızıl ordunun arxasına göndərilmələrində iştirak edib. 17 təxribatçı saxlanılaraq terror-təxribat əməlləri törətmələrinin qarşısı alınıb, qalanları axtarışa verilib”. 
Bu məlumatdan görünür ki, Q.Njde nasistlərin məxfi xəfiyyəsi olmuşdur, döyüşən Qızıl ordunun arxasında, Sovet İttifaqı ərazisində, sadəcə, kəşfiyyat işi üçün deyil, məhz terrorçu təxribatçı aktlar törətmək üçün çoxlu xəfiyyə tutmuşdur. İqor Korotçenko Q.Njdenin nasist casusu olmasının Rusiyada dəqiq bilindiyini də diqqətə çatdırmışdır.
Tarixi faktlar göstərir ki, 1942-ci ildə Q.Njde almanların yaratdığı “Erməni Milli Şurası”nın 7 üzvündən biri olmuşdur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələrinin Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etdikləri də məlumdur. Maraqlıdır ki, özlərini “Dromedarçılar” adlandıran erməni yaraqlıları yeni tip bir alman uniforması geyinmələrilə seçilmişdilər. Bu qrupda iştirak edən hər kəs, hərbi formasının sağ qolunda uydurma daşnak respublikasının gerbini daşımışdı. Hətta ermənilər üçün xüsusi məktəblərin yaradılması faktı da tarixi gerçəklikdir. Bu məktəblərdə uşaqlara 3-cü Reyxin himayəsində qurulacaq “Böyük Ermənistan”ın təbliğatı ­aparılmışdı. 
Əlbəttə, faşistlərin ermənilərə belə “lütfkarlığının” arxasında sırf geosiyasi niyyət dayanırdı. Belə ki, Hitler Almaniyası Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etmək istəmiş, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından əl çəkməyə məcbur etmişdi. Maraqlıdır ki, sovet ordusu Bolqarıstana daxil olan zaman Q.Njde satqınlıq xislətini bir daha nümayiş etdirməyə məcbur olmuşdu. Belə ki, müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni ağa tapmağa çalışmış və sovet marşalı Fyodr Tolbuxinə ünvanladığı məktubda nasistlərlə əməkdaşlıq etməyinə bəraət qazandırmağa can atmışdı. Lakin sovet hərbi əks-kəşfiyyatı erməni faşistini həbs edərək, Moskvaya göndərmişdi. Antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinmiş Q.Njde 25 illik həbs cəzasına məhkum olunmuşdu. Ömrünü türklərlə mübarizəyə sərf etmiş bu daşnak cəlladı həbsxanada da ölmüşdü.
Q.Njde, həmçinin azərbaycanlı əhaliyə qarşı qırğınlar törətməklə də “məşhurdur”. Onun quldur dəstələrinin 1919-cu ildə Zəngəzurda soyqırımı törətməsi və 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə döyüşlərdə iştirak etməsi barədə faktlar var. Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Njde sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparmışdı. Bu tarixi cəllad 25 dekabr 1920-ci ildə silahdaşları ilə birlikdə Zəngəzurda “Dağlıq Erməni Respublikası”nın yaradılmasını elan etmişdi. Q.Njde özünü yaratdığı qondarma respublikanın “ali baş komandan”ı elan etməsindən az sonra sovet qoşunları erməni dəstələrini darmadağın etmiş, Q.Ndje öz dəstələrinin qalıqları ilə İrana qaçmışdı. Qeyd etmək yerinə düşər ki, bu daşnakın başçılıq etdiyi silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törətməklə də faşist mahiyyətlərini nümayiş etdirmişdilər. Məhz bütün bu tarixi faktlardan çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın indiki hakimiyyətindən faşizmə dəstək simvolu olan Q.Njdenin İrəvanda ucaldılmış heykəlinin dağıdılmasını tələb edir. 
Ancaq beynəlxalq qanunları heçə sayan rəsmi İrəvan Q.Njdenin əməllərinə görə dünyadan nəinki üzr istəyir, əksinə, İkinci dünya müharibəsinin memarı sayılan Adolf Hitlerlə əməkdaşlıq etmiş cinayətkara haqq qazandırmağa da çalışır. İşğalçı rejimin başbilənlərinin Q.Njde barədə səsləndirdikləri son bəyanatlar da bir daha təsdiqləyir ki, Ermənistan hakimiyyətinin millətçi baxışlarında hər hansı bir dəyişiklik yoxdur. 100 il öncənin ermənisi necə düşünürdüsə, bu günün ermənisi də elə düşünür. Bu reallığı ölkə başçımız İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki çıxışında Ermənistan baş naziri Nikol Paşinyanın Q.Njdeni Nobel mükafatı lauretı A.Soljenitsinlə müqayisə etməsinə münasibət bildirərkən belə ifadə etmişdi: “Bu adam Soljenitsini və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir”. 
Q.Njdenin Hitlerə xidmət etdiyini xatırladan Prezident İlham Əliyev əlavə etmişdir ki, Ermənistanın indiki hakimiyyəti özünü demokratik adlandırırsa, bu abidəni yıxmalı, bu ləkəni Ermənistan üzündən yumalıdır. 
N.Paşinyanın tarixi savadsızlığını və susmalı olduğu halda, yersiz sərsəmlədiyini Ermənistanda da etiraf edirlər. Məsələn, Ermənistanın Zham.am saytı yazır ki,  Azərbaycana faktiki olaraq bizim çoxdan bildiyimiz, ancaq bunu xaricdə bilinməyəcəyinə ümid etdiyimiz Paşinyanın tarixi savadsızlığını ifşa etmək müyəssər oldu. Sayt qeyd edir ki, Azərbaycanda Paşinyanın yerli-yersiz danışmaqdan xoşlandığını və tarixdən bixəbər olduğunu bilirlər. “Buna görə də, onlar Paşinyanı bu müzakirəyə cəlb etməyə və onun savadsızlığının dərinliyini faktiki olaraq göstərməyə müvəffəq oldular. Həqiqətən də, Molotovun Njde ilə müqayisəsini ancaq dərin məlumata malik olmayan şəxs edə bilər. Soljenitsinlə müqayisə isə azərbaycanlılar üçün əsl hədiyyə oldu. Ona görə ki, bu, ruslar üçün həssas məqamlardan biridir. Ruslar belə savadsız müqayisəni görən zaman bu gün Ermənistanı hansı adam tipinin idarə etdiyini anlayırlar”, – qeyd edən Zham.am Ermənistanda bu klounadanın nə vaxtadək davam edəcəyinin çətin olduğunu da yazır. Bununla belə, materialda bir məsələnin dəqiq olduğu oxucunun diqqətinə çatdırılır: Ermənistan cəmiyyətinin müəyyən hissəsi avamlığı üzündən anlamır ki, ermənilər necə bir təhlükə ilə üz-üzədirlər. Göründüyü kimi, küçənin təzyiqi və dəstəyi ilə hakimiyyət başına keçən N.Paşinyanın hətta öz tarixlərini bilməməsi və gülünc müqayisələrə yol verməsi ermənilər tərəfindən etiraf olunur və bunu Ermənistan üçün böyük təhlükə sayırlar.
Ümumiyyətlə, Q.Njdenin ittiham aktı ilə tanış olarkən bu cəlladın hansı mahiyyətə malik olduğunu asanlıqla görmək mümkündür. Belə ki, Ermənistan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşı mayor Melkumyanın hazırladığı sənəddə Q.Njdenin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən bəhs olunmasa da, faşistlərlə əməkdaşlığı barədə geniş məlumatlara yer verilmişdir. İttiham aktında yazılmışdır ki, Bolqarıstanda yaşayarkən o, Daşnaksütyunun rəhbəri kimi, SSRİ-yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olmuşdu. 1941-ci ildə alman kəşfiyyatı ilə əlaqə yaratmış və almanların göstərişi ilə Balkan yarımadasında millətçilərin arasında agentura yaradılmasına çalışmışdı. 
Q.Njde almanların Berlində yaratdığı “Erməni Milli Şurasının” üzvü olaraq xaricdə yaşayan ermənilərin arasında SSRİ-yə qarşı yönəlmiş fəaliyyətlə də məşğul olmuşdu: “Bu məlumatlar və bir sıra digər sənədlər arasında 2 noyabr 1944-cü ildə Qaregin Ter-Arutyunyan həbs edilərək istintaqa cəlb edilmişdir. İstintaq müəyyən etmişdir ki, müttəhim Ter-Arutunyan 1908-ci ildən 1937-ci ilə qədər Daşnaksütyun partiyasının üzvü olmuş, 1918-ci ildə daşnak hökuməti tərəfindən millətçi hərbi hissələr yaratmaq məqsədi ilə Zəngəzura göndərilmişdir. Daşnak hökumətinin Zəngəzurda silahlı qüvvələrinin komandanı, 1921-ci ildən isə baş naziri olaraq, Sovet ordusuna qarşı hərbi əməliyyatlar aparmışdır. Onun əmri ilə bir sıra kommunist və Qırmızı ordunun mənsubları həbs olunmuş və güllələnmişdir. Həmçinin yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqilabi əhval-ruhiyyəli fəhlə və kəndlilər Tatev qayalığından aşağı atılaraq öldürülmüşdür”. Sənəddə daha sonra qeyd olunmuşdur ki, 1933-cü ildə o, ABŞ-a yollanmış və orada daşnak gənclər təşkilatı olan “Tseqakron”u yaratmışdır. Həmin təşkilatın irqçiliyi təbliğ etməklə, mahiyyət etibarı ilə faşist təşkilatı olması ittiham aktında qeyd edilmişdir. 
Bundan başqa, sənəddə Q.Njdenin Sovet İttifaqının barışmaz düşməni kimi, 1941-ci ildə özünün yaxın tanışı olan alman agenti Burev Semyon İvanoviçin vasitəsilə alman kəşfiyyatı və əks-kəşfiyyatı orqanlarının Balkanlardakı rəhbəri “Doktor Delius” təxəllüslü Vagner Otto ilə əlaqə yaradaraq, onun tapşırığı əsasında Buxarest, Varna, Plovdiv, Sliven, Şumen şəhərlərində olması vurğulanmış və burada SSRİ-yə qarşı istifadə üçün adamların seçilməsi və almanlara təqdimatı ilə məşğul olması göstərilmişdi. Sənəddə onun Almaniyanın işğal olunmuş Şərq əraziləri nazirliyinin yaratdığı Erməni Milli Şurasının tərkibinə daxil olması da qeyd edilmiş, şuranın məqsədinin Almaniyaya SSRİ-yə qarşı mübarizədə yardım etməkdən və Ermənistanda Almaniyanın protektaratı ilə millətçi-burjua hökumətinin qurulmasına nail olmaqdan ibarət olduğu yazılmışdı. 10 mart 1948-ci ildə erməni mayor tərəfindən tərtib olunmuş ittiham aktında Q.Njdenin günahı sübut edilmiş və ona 25 illik həbs cəzasının verilməsi təklif olunmuş, 1955-ci ildə daşnak cəlladı dünyadan getmişdi.
Bu günlərdə isə Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində bu faşist cəlladının adı xatirə lövhəsindən də silindi. Xatırladaq ki, Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu. Nasist havadarının xatirəsinin əbədiləşdirilməsi Böyük Vətən müharibəsi zamanı alman faşistlərinə qarşı döyüşdə qanını tökmüş insanların xatirəsinin təhqir olunması kimi qəbul edilmişdi. Hətta Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Bütün bunların nəticəsi olaraq erməni cəlladının adı da xatirə lövhəsindən tarixin zibilliyinə atılmışdır. 
Bir sözlə, Ermənistan növbəti dəfə həyasızlıq nümayiş etdirərək, faşist Q.Njdenin müdafiəsinə qalxmışdır. Baxmayaraq ki, mütəxəssislər ermənilərin Njdenin bəzi əməllərini şişirdirək onu qəhrəman kimi təqdim etdiklərini deyirlər, rəsmi Yerevan israrla hərbi cinayətkarı “qəhrəmanlaşdırmağa” can atır. Rusiyalı tarixçi, qafqazşünas alim Oleq Kuznetsovun sözlərinə görə, bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Q.Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var: “Bu sənədlərdə Njde hərəkət etməyi Hitlerdən öyrənməyin lazım olduğunu deyir. Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib. Bu, onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə etmişdi”. 
Düz sözə nə deyəsən? Buna görə də, beynəlxalq ictimaiyyət digər etniklərə dözümsüzlük göstərən, milyonlarla insanın ölümündə günahı olan nasistlərlə əməkdaşlığa getmiş hərbi cinayətkarı himayə edən Ermənistan hakimiyyətinə “dayan” deməlidir.

 

Səbuhi Məmmədov, 
“Xalq qəzeti”

 

2 Dekabr 2019 22:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə