Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hulusi Akar: Türkiyə İdlibdə fəaliyyətini davam etdirəcək

Hulusi Akar: Türkiyə İdlibdə fəaliyyətini davam etdirəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Soçidə Türkiyə və Rusiya prezidentlərinin İdlibdə deeskalasiya zonasının (hərbsizləşdirilmiş ərazi-red) yaradılması barədə qərarı mühüm əhəmiyyət kəsb edir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
H.Akar dünən Ankarada xarici ölkələrin səfirləri üçün təşkil edilən işçi nahardan sonra jurnalistlərə deyib ki, Türkiyə İdlibdəki deeskalasiya zonasında Rusiya tərəfi ilə əlaqəli şəkildə fəaliyyətini davam etdirəcək. Məqsəd regionda sülh və təhlükəsizliyi gücləndirmək, terrorçuların təxribatlarının qarşısını almaqdır. 
Qeyd edək ki, Suriyada yeddi ildən çox davam edən ağır silahlı qarşıdurma nəticəsində yarım milyona yaxın insan həyatını itirib. Ölkə əhalisinin az qala yarısı qaçqın və köçkünə çevrilib. Təkcə Türkiyə ərazisində hazırda 3 milyondan çox suriyalı qaçqın məskunlaşıb. 
Bir sıra nüfuzlu siyasi təhlilçilər qeyd edirlər ki, Soçidə prezidentlər V.Putin ilə R.T.Ərdoğan arasında İdliblə bağlı razılaşma əldə olunmasaydı, Əsəd ordusunun İdlibə gözlənilən hücumu nəticəsində qaçqınların yeni, kütləvi axını baş verəcəkdi. H.Akar vurğulayıb ki, razılaşma Türkiyəyə əlavə qaçqın axınının, deməli, əlavə “yük”ün qarşısını alıb. 
Türkiyəli nazir bölgədəki terror təşkilatlarının fəaliyyətinə də toxunub. O deyib: “YPG hazırda PKK-nın ən pozucu törəmələrindən biridir. Türkiyə və İraqda bu terror təşkilatı PKK kimi tanınır, lakin Suriyada onu YPG adlandırırlar”. 
H.Akarın sözlərinə görə, YPG-nin niyyəti Suriya ərazisinin bir hissəsini ələ keçirərək, bölgədə “terror dəhlizi” yaratmaqdır. Nazir qeyd edib ki, Ankara regionda terrorçuların sərbəst hərəkət edə biləcəkləri həmin dəhlizin yaradılmasına heç vaxt imkan verilməyəcək. 

 M.HACIXANLI,
 “Xalq qəzeti”

19 2018 21:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin