Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə mediası TANAP-dan yazır

Türkiyə mediası TANAP-dan yazır

Noyabrın 30-da Türkiyədə Ədirnə vilayətinin İpsala qəsəbəsində keçirilmiş TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi və bu enerji layihəsinin əhəmiyyəti barədə Türkiyə mediası geniş məqalələr dərc edib. TANAP – Trans-Anadolu qaz boru kəməri layihəsinin açılış mərasimində Türkiyənin “Sabah” qəzetində “TANAP rəsmən Avropaya bağlandı. Tarixi gündə liderlərin nitqləri”, “Star” qəzetində “Türkiyə üçün tarixi gün: TANAP Avropaya bağlandı”, “TRTHaber” saytında “Azərbaycan Prezidenti İlham Əliyev: Türkiyə bu gün beynəlxalq güc mərkəzi olub” sərlövhəli məqalələrdə ölkəmizin və Türkiyənin enerji sahəsində uğurla reallaşdırdığı layihə nəticəsində Azərbaycan qazının Avropaya ixracının mümkün olacağı vurğulanıb.

“Sabah” qəzeti Prezident İlham Əliyevin nitqindən bəzi məqamlara xüsusi diqqət yetirib: “Bu gün möhkəm Türkiyə və onun lideri inkişafı, sabitliyi təcəssüm etdirir və gələcəyə nikbinliklə baxmaq üçün imkan yaradır. Biz buna sevinirik. Çünki Türkiyənin gücü bizim gücümüzdür, Türkiyənin uğuru bizim uğurumuzdur”.
Məqalədə vurğulanır ki, TANAP layihəsi, hər şeydən əvvəl, ölkələrimiz arasında köklü dostluğun simvoludur. Qeyd edilir ki, TANAP xətti vasitəsilə Azərbaycan qazı Türkiyənin 20 vilayəti və 600 kəndinin ərazisindən keçərək Avropaya çatdırılacaq. “Sabah” qəzeti Prezident İlham Əliyevin həyata keçirilən bu cür nəhəng layihələrin hər iki ölkənin gücünü göstərdiyini və artırdığını bildirməsini xüsusi vurğulayıb. “Bu gün Türkiyə dünya miqyasında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin sözünün çəkisi artır, imkanı genişlənir və hər kəs bilməlidir, heç kim unutmamalıdır ki, qardaş ölkə buna görə kimə borcludur”.
Azərbaycan Prezidentinin nitqini “Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!” kəlamı ilə bitirməsi iştirakçılar tərəfindən də rəğbətlə qarşılanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, məhz Azərbaycan Prezidentinin diqqəti sayəsində ­TANAP uğurla reallaşdırılır: “ Çox dəyərli qardaşım Əliyevin şəxsən diqqəti, istər Gürcüstanın aidiyyəti qurumları ilə əməkdaşlıq, istərsə də bu layihədə əməyi olan qardaşlarımızın səyləri ilə, şükür olsun, TANAP-ı bugünkü səviyyəyə gətirdik. Bu gün hamımız birlikdə sərf etdiyimiz əməyin hədər getmədiyini görürük. “Enerjinin İpək yolu” adlandırılan bu möhtəşəm layihənin nəzərdə tutulan təqvimə, hədəflərimizə və öhdəliklərimizə uyğun şəkildə ölkələrimizlə bağlı hissəsini bu gün tamamlayırıq”.–“Star” qəzeti TANAP layihəsinin açılış mərasimini “tarixi gün” adlandırıb. 
“Yeni Şafak” qəzetinin “TANAP-da tarixi gün” sərlövhəli xəbərində vurğulanır ki, TANAP layihəsinin açılış mərasimi ilə Azərbaycan qazı həm Türkiyə, həm də Avropanın enerji təhlükəsizliyinin təminatında məhək daşı olacaq. Türkiyə Prezidentinin ­Twitter səhifəsində TANAP-la bağlı statusunu “ahaber.com.tr” saytı işıqlandırıb: “Dünya gündəminin ticarət mübarizəsi ilə, terrorla, küçə hadisələri ilə məşğul olduğu dövrdə biz bu gün Avropa ilə Asiyanı TANAP layihəsi ilə bir daha bir-birinə bağlayırıq”.
“Bolgegundem.com” saytı isə Prezident İlham Əliyevin “Türkiyə dünyada güc mərkəzidir” fikrini sərlövhəyə çıxarıb. 
“Trthaber.com” saytının dərc etdiyi “İlham Əliyev: Türkiyə bu gün beynəlxalq güc mərkəzi olub” sərlövhəli məqaləsində TANAP-ın açılış mərasimində səsləndirilən önəmli fikirlərə yer ayrılıb. Prezident İlham Əliyevin Türkiyənin xarici investisiya üçün açıq ölkə olduğunu, bu gün beynəlxalq güc mərkəzi olduğunu qeyd edib. O, dörd il əvvəl Qars şəhərində Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduqlarını xatırladıb. Qeyd edib ki, tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırılıb və bu anlaşma Türkiyə ilə Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olub. İlham Əliyev, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinin məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

2 Dekabr 2019 22:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə