Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyanın ən nəhəng enerji layihələrindən birini gerçəkləşdirdi

Azərbaycan dünyanın ən nəhəng enerji layihələrindən birini gerçəkləşdirdi

Uzun müddət müxtəlif səviyyələrdə müzakirə olunan və bu zaman ciddi müqavimətlə üzləşən XXI əsrin nəhəng enerji layihəsi olan TANAP Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində reallaşa bildi. Ölkəmizin enerji resurslarının birbaşa Avropa bazarına çıxarılması bir vaxt çoxuna xəyal kimi görünürdü. Lakin artıq Azərbaycan bu bazarın mühüm tərəfdaşlarından birinə çevrilib. Bununla da ölkəmiz beynəlxalq aləmdə həm siyasi, həm də iqtisadi maraqlarını qəbul etdirmək şansları qazanıb. Bütün bunlar Azərbaycan Prezidentinin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin məntiqi nəticəsidir.

Zəngin təbii resurslardan düzgün istifadə olunması, onların reallaşdırılmasından  əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft  sektorunun inkişafına yönəldilməsi, eləcə də, ölkənin ictimai-siyasi həyatında dayanıqlı sabitliyin təmin olunması Azərbaycana belə nəhəng layihələrin gerçəkləşdirilməsi üçün zəruri olan bütün imkanları yaratdı. Azərbaycanın reallaşdırdığı bu nəhəng regional layihələrdən təkcə ölkəmiz deyil, regionun digər dövlətləri də faydalanırlar. Bölgədə Azərbaycanın bilavasitə müəllifliyi ilə gerçəkləşdirilən belə nəhəng transmilli layihələrdən bəhrələnməkdən məhrum olan tək Ermənistandır. Bu ölkə öz işğalçılıq ambisiyalarının qarşılığında Azərbaycan hökumətinin yürütdüyü düşünülmüş siyasətlə bütün regional layihələrdən kənarda qalıb və təbii ki, belə layihələrin reallaşdırılmasından əldə edilə biləcək gəlirlərdən məhrumdur.  Bütövlükdə bu gün Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlıq layihəsi kimi özündə üçü Avropa İttifaqına üzv olmaqla, 7 ölkəni birləşdirir. Bu layihə, eyni zamanda, həmin ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsində bir körpü rolunu oynayacaq. 
Cənub Qaz Dəhlizinin əhəmiyyətli hissəsi olan Trans–Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Avropa İttifaqının enerji marşrutlarının şaxələndirilməsinə xidmət edən layihədir və onun həyata keçirilməsi Avropa üçün həyati əhəmiyyətə malik bir hadisədir. Məlumdur ki, Cənub Qaz Dəhlizi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəmərinin tikintisi ilə başlanan və Azərbaycanın enerji resurslarını dünyaya, ilk növbədə, Avropaya çatdıran qlobal bir layihənin davamıdır. Əgər bir vaxtlar çoxu  Bakı-Tbilisi-Ceyhan kəmərinin reallaşdırılacağına şübhə ilə yanaşırdısa, artıq Azərbaycanın enerji resurslarını Avropaya çatdıran ikinci bir böyük kəmər işə salınıb.
Son 20 ildən bir qədər artıq müddət ərzində qardaş Türkiyə ilə Azərbaycan qlobal layihələrin gerçəkləşdirilməsi sahəsində çox böyük uğurlara imza atıblar.  
Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti  iki qardaş ölkənin bundan sonra da hər iki dövlət, yerləşdiyimiz region və bütövlükdə beynəlxalq aləm üçün mühüm əhəmiyyət daşıyan digər layihələrə də imza atacağının anonsunu verdi: “Mən əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq”. 
Burada onu da qeyd edim ki, Azərbaycan Qərbin strateji müttəfiqidir və bu qəbildən olan bütün beynəlxalq layihələr respublikamıza  böyük iqtisadi dividendlər gətirməklə yanaşı, dünya siyasət meydanında ölkəmizin nüfuzunun artmasını təmin edir.
Yeddi ölkənin iştirak etdiyi belə nəhəng layihəni güclü siyasi iradənin və qətiyyətin olduğu yerdə reallaşdırmaq mümkün ola bilərdi. Azərbaycan Prezidenti İlham Əliyev bu layihənin təməlini hələ 2011-ci ilin sonlarında qoymuşdu. “Şahdəniz–2” qazının Türkiyə ərazisindən Avropaya tranzit daşınması ilə əlaqədar 2011-ci il oktyabrın 25-də hökumətlərarası müqavilə, 2011-ci il dekabrın 24-də isə ilkin razılaşma imzalamışdı. Azərbaycan–Türkiyə qardaşlığı və birliyi isə onu gerçəkliyə çevirdi.
Bu gün birgə reallaşdırılan nəhəng regional layihələrlə bərabər, iki ölkə arasında bütün səviyyələrdə əlaqələr, xüsusilə də iqtisadi əlaqələr daha da dərinləşir və yeni inkişaf müstəvisinə çıxır. TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi,  Türkiyə–Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir. Cari ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox artıb. İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunun həcmi də sürətlə yüksəlir. İndiyədək Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan da öz növbəsində Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub.
 Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olan bu nəhəng layihə sözsüz ki, ölkəmizin iqtisadi potensialının artırılmasına öz töhfəsini verməklə yanaşı, həm də siyasi müstəvidə dövlətimizin Dağlıq Qarabağ kimi bir probleminin həlli baxımından  əhəmiyyətli rol oynayacaq. İndi fəxrlə deyə bilərik ki, Azərbaycan dünyanın təlatümlər yaşadığı bir dönəmdə məhz Prezident İlham Əliyevin siyasi iradəsinin və qətiyyətinin nəticəsində TANAP layihəsinin işə salınması ilə daha bir uğura imza atdı. Heç şübhəsiz ki, bu layihə Azərbaycana onun iqtisadi dirçəlişinə sanballı töhfələr verəcək. Neftlə yanaşı, indi qaz ixracından əldə olunacaq milyardlarla dollar ölkə iqtisadiyyatına, onun real sektorunun sürətli inkişafına böyük dəstək olacaq. Bütün bu işlər Azərbaycanda daha iri sosial layihələri reallaşdırmağa, insanlarımızın sosial durumunun inkişaf etmiş ölkələrdəki səviyyəyə yüksəldilməsinə imkan verəcəkdir. Azərbaycan hökumətinin uğurlarına kölgə salmaq istəyənlər isə dövlətimizin qüdrəti qarşısında indikindən daha aciz bir durumda qalacaqlar.

 

Fikrət YUSİFOV, 
iqtisad elmləri doktoru, professor 

2 Dekabr 2019 22:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə