Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda verəcəkdir

TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda verəcəkdir

Bu gün tarixi gündür. Bu gün dörd il bundan əvvəl birlikdə təməlini qoyduğumuz TANAP Avropa sərhədinə çatdı. Bu münasibətlə hamımızı ürəkdən təbrik edirəm. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu boru kəməri (TANAP) layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. 

TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.
TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb.
Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük gücü 16 milyard kubmetr qaz təşkil edəcək.
“Enerjinin İpək yolu” adlandırılan TANAP regionun və Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. Boru kəmərinin birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. TANAP-la indiyədək   Türkiyəyə 3,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı göndərilib. Cari il ərzində boru kəməri ilə 2 milyard kubmetrədək qaz nəql olunub. İlin sonunadək isə qaz nəqlinin ümumilikdə 4 milyard kubmetrə çatacağı gözlənilir.
Xatırladaq ki, 2021-ci ildə boru kəməri ilə Türkiyəyə 6 milyard kubmetr qazın göndərilməsi planlaşdırılır. Türkiyənin Azərbaycanla ilk təbii qaz müqaviləsi ildə 6,6 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. TANAP-ın təmin edəcəyi əlavə 6 milyard kubmetrlik artımla Türkiyənin istehlak edəcəyi Azərbaycan qazının həcmi ildə 12,6 milyard kubmetrə çatacaq.
Boru kəmərinin Avropaya qaz nəqli üçün nəzərdə tutulan ikinci fazasının istismara verilməsi çərçivəsində bu il aprelin 15-dən etibarən sistemə qaz vurulmağa başlanıb. Bu faza boru kəmərinin Əskişəhərin Seyitqazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər uzanan və Türkiyə-Yunanıstan sərhəddində bitən hissəsini əhatə edir. TANAP bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. 
Boru kəmərinin Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan ikinci fazası isə noyabrın 30-da istifadəyə verilib. Həmin gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində təntənəli mərasim keçirilib. Mərasimdə  Azərbaycan və Türkiyə  prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri Giorgi Qaxariya, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Serbiya Milli Məclisinin sədri xanım Maya Qoykoviç, habelə digər rəsmi şəxslər iştirak ediblər. 
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimdə çıxış edərək bildirib ki, bu tarixi gündə dörd il bundan əvvəl təməli qoyulan TANAP Avropa sərhədinə çatdı. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlayıb. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırılıb. Bu, Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olub. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılıb, ancaq heç bir nəticə verməyib: “Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür”.
Dövlətimizin başçısı daha sonra TANAP-a qədər görülən işlərdən danışıb. Bildirib ki, əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün sözügedən qaz boru kəməri  haqqında danışmaq mümkün olmazdı. Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin təməli çağdaş Azərbaycan dövlətinin lideri Heydər Əliyev tərəfindən qoyulub və 2006-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ceyhanda bu neft boru xətti istismara verilib: “Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilmişdir. Bunun böyük hissəsini - 400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmənistanın, 12 milyon tonunu Qazaxıstanın, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Yəni, bir sözlə, Bakı-Tbilisi-Ceyhan nəinki Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu və bu gün də uğurla fəaliyyət göstərir. 2007-ci ildə yenə də əziz qardaşımla Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin açılışını etdik və bu da TANAP-a yol açan digər layihə idi. Qeyd etdiyim kimi, 2015-ci ildə Qarsda TANAP-ın inşası başlamışdır. Fürsətdən istifadə edərək, TANAP-ın inşasında iştirak etmiş bütün insanlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onların fədakarlığı və peşəkarlığı bu nəhəng layihənin vaxtında istismara verilməsində böyük rol oynamışdır”.
Prezident İlham Əliyev çıxışında, eyni zamanda, TANAP-ın Cənub Qaz Dəhlizinin bir hissəsi olduğunu, dörd layihəni əhatə edən bu nəhəng infrastruktur layihəsinin maliyyə dəyərinin 38 milyard dollara çatdığını, onlardan üçünün-- “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərinin artıq istifadəyə verildiyini, bu gün isə TANAP-ın tam işə salındığını diqqətə çatdırıb. Xatırladıb ki, dördüncü layihə olan TAP-ın icrası isə artıq 90 faizi keçib: “Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcəkdir”.
Mərasimdə bildirilib ki, bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur, eyni zamanda, bu, digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırılıb. Hazırda Cənub Qaz Dəhlizi 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. 
TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Türkiyə-Azərbaycan əməkdaşlığnın hazırda yüksək səviyyədə olması da xüsusi vurğulanıb. Dövlətimizin başçısı çıxışında bu barədə deyib: “ Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir. Mən bu gün dünya miqyasında ikinci belə ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olsun. Bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıbdır. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvənirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk. Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar bizim xalqlarımızın rifah halını yaxşılaşdırır”.
Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, bu gün möhkəm Türkiyə və onun lideri inkişafı, sabitliyi təcəssüm etdirir və gələcəyə nikbinliklə baxmaq üçün imkan yaradır. Biz buna sevinirik. Çünki Türkiyənin gücü bizim gücümüzdür, Türkiyənin uğuru bizim uğurumuzdur və biz birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü göstərir və bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücə çevrilir.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

 

 

2 Dekabr 2019 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə