Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeniləşmə və şəffaflaşma prosesi dönməz xarakter alıb

Yeniləşmə və şəffaflaşma prosesi dönməz xarakter alıb

Azərbaycanda Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və ardıcıl səyləri ilə genişmiqyaslı islahatlar aparılır. Bu islahatlar təkcə sosial-iqtisadi sferanı deyil, ölkə həyatının, demək olar ki, bütün sahələrini, o cümlədən siyasi sahəni əhatə edir. Biz 2019-cu ilin əvvəllərindən bəri bu islahatların sürətlənərək  Prezident Administrasiyasını, Nazirlər Kabinetini, idarəetmə orqanlarını, ümumiyyətlə, dövlət həyatının bütün sahələrini əhatə etdiyinin şahidiyik. Bu islahatlar çərçivəsində baş verən dəyişikliklər cəmiyyət tərəfindən də birmənalı olaraq böyük razılıqla qarşılanır. 

Son günlər parlamentin buraxılması ilə bağlı təşəbbüslər də artıq reallaşmışdır. Bununla bağlı sualımıza iqtisad elmləri üzrə fəlsəfə doktoru Rafael Allahverdiyev belə cavab verdi:
– Noyabrın 28-də Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edərək, Prezident İlham Əliyevə müraciət etmişdi. Bildirilmişdi ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təklif Prezidentin son vaxtlar həyata keçirdiyi islahatlara dəstək məqsədi daşıyır.
Dünən də Milli Məclisdə bu məsələ müzakirəyə çıxarılıb və parlamentin buraxılması, növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edilib. Bu da təbii bir prosesdir. Ölkədə çox ciddi, genişmiqyaslı və effektiv islahatlar həyata keçirilir. Prezident İlham Əliyev, şübhəsiz ki, dövlət başçısı seçildiyi gündən islahatlara başlayıb. Ancaq ilk mərhələdə bu proses tədrici xarakter daşısa da, sonrakı illərdə intensivləşdi. 2018-ci ilin 11 aprel seçkilərindən sonra isə dövlət başçısının rəhbərliyi ilə islahatlar sürətləndi. Prezident andiçmə mərasimində bunun anonsunu da vermişdi. 
Beləliklə,  2019-cu ilin əvvəllərindən böyük sürətlə start götürən islahatlar əvvəlcə sosial sahəni əhatə etdi. Demək olar ki, bütün işləyənlərin əməkhaqqı və müavinətləri artırıldı. Minimum əməkhaqqının və minimum pensiyanın məbləği çox ciddi rəqəmlərlə ifadə olundu. Minimum əməkhaqqı 250 manata, minimum pensiya 200 manata çatdırıldı.
Sonrakı mərhələdə ciddi kadr islahatları həyata keçirildi. Ən mühüm vəzifələrə gənclər irəli çəkildi. Bu islahatlar Nazirlər Kabinetini, ­ayrı-ayrı nazirlik və komitələri, bir sıra rayonların icra hakimiyyətlərini, nəhayət, Prezident Administrasiyasını əhatə etdi. Parlamentin buraxılması ilə bağlı qərar da çox düzgün və vaxtında qəbul olundu. İctimaiyyət də gördü ki, ölkədə yeniləşmə, sağlamlaşma və şəffaflaşma prosesi dönməz xarakter alıb. İnsanlarımız artıq çoxdan bu dəyişiklikləri gözləyirdi. Nəhayət, parlamentimiz də ölkədə gedən islahatlara dəstəyini ifadə edərək, Milli Məclisin buraxılması haqqında qərar qəbul etdi.
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyində bildirmişdi: “İslahatlar vaxtaşırı davam etdirilməlidir. Əminəm ki, siyasi islahatlarımız uğurla həyata keçirilən bütün dəyişikliklərlə bərabər, paralel uğurlara imza atacaq. Dövlətimiz, xalqımız üçün xeyirli-uğurlu olsun”.
Biz də inanırıq ki, Azərbaycan liderinin təşəbbüsü ilə həyata keçirilən islahatlar dövlətimiz və xalqımız üçün uğurlu olacaq.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

2 Dekabr 2019 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə