Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanunverici hakimiyyət islahatlardan kənarda qalmamalıdır

Qanunverici hakimiyyət islahatlardan kənarda qalmamalıdır

Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bu fikirləri  parlamentin buraxılması ilə əlaqədar məsələyə münasibət bildirərkən dedi:  “V çağırış Milli Məclisin buraxılmasına dair Yeni Azərbaycan Partiyası Siyasi Şurasının təşəbbüsü parlamentin dünən keçirilən iclasında müzakirə olundu və demək olar ki, yekdilliklə bəyənildi.  İclasda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələyə baxıldı və rəğbətlə qarşılandı. Bunu müzakirəyə çıxarılan  qərar layihəsinə münasibətin nəticəsi də təsdiqlədi. Səsvermə nəticəsində 99 nəfər  lehinə, 1 nəfər əleyhinə səs verdi. Bir  nəfər bitərəf qaldı, 1 nəfər isə səs vermədi. Bütün bunlar bir daha təsdqiləyir ki, Milli Məclisin yenilənməsi vacibdir. Çünki dövlətimizin başçısının müəllifi olduğu islahatlar kursunun ölkə qanunvericiliyinin orqanında da dərinləşməsinə və günümüzün tələblərinə uyğun olaraq yenilənmiş parlamentin formalaşmasına yardım edəcək”.

Çingiz Qənizadə Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağl keçirilən  tədbirdə dövlətimizin başçısının aparılan islahatların şərhi ilə bağlı səsləndirdiyi fikirləri xatırladaraq dedi ki, cənab Prezident qəti olaraq bildirdi ki, islahatlar bizim şüurlu seçimimizdir: “Struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır”.
Ç. Qənizadənin fikrincə, ölkə başçısının anonsunu verdiyi daha böyük islahatlardan biri məhz Milli Məclisin yenilənməsidir. Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini və parlamentin yeniləşməsini zəruri edib. Onun sözlərinə görə, Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində, bir sözlə, bütün sahələrdə aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır: “Şəxsən mənim üçün parlamentin buraxılmasında təəccüblü heç nə yoxdur. Bu, dövlət başçısının həyata keçirdiyi köklü islahatların tərkib hissəsidir. Qanunverici hakimiyyətin buraxılması, parlamentin yenidən formalaşması inkişafımıza  təkan verəcək. Parlament islahata kömək etməlidir. Etiraf edək ki, hazırkı parlamentdə durğunluq elementləri var idi. Buna görə də parlamentin yenilənməsi zərurəti yarandı. Bu, dünya praktikasına tam uyğundur”.
Ç.Qənizadə bildirdi ki, biz bütün məsələlərdə monolit olmuş və ölkə başçısına dəstək vermişik. Dövlətimizin başçısının həyata keçirdiyi islahatların əsas məqsədi əhalinin həyat səviyyəsinin indikindən də  yüksək olması, idarəetmədə yeni modelin yaradılması, Azərbaycanın dünya birliyinə inteqrasiyasının daha da sürətlndirilməsidir.  

 

Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

2 Dekabr 2019 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə