Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lissabon sammiti – qətiyyətin təntənəsi

Lissabon sammiti – qətiyyətin təntənəsi

Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan – Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik.

Heydər ƏLİYEV 
Ümummilli lider


Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra A. Mütəllibovun və AXC–Müsavat iqtidarı dövründə ölkədə yaranmış anarxiya, özbaşınalıq və dövlət idarəçiliyindəki naşılıq daxildə vəziyyəti getdikcə gərginləşdirirdi. Hətta ölkəmizin müstəqilliyi bir sıra dövlətlər, o cümlədən bəzi  beynəlxalq  təşkilatlar, xüsusən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınsa da, siyasi, iqtisadi və hərbi böhran dərinləşdirdi. Ölkədə yaranmış gərginlikdən və  daxildə gedən qarşıdurmalardan istifadə edən Ermənistan  öz havadarlarının köməyi ilə  qəsbkarlıq siyasəti yeridərək, torpaqlarımızı işğal etməyə başlamışdı. 

Həmin vaxt ölkəyə rəhbərlik edənlərin siyasi səbatsızlığı və beynəlxalq qurumların laqeydliyi nəticəsində vəziyyət son dərəcə  mürəkkəbləşdiyindən və müstəqil dövlətimizin  informasiya blokadasına alınması  Azərbaycanın öz haqq səsini dünya ictimaiyyətinə çatdırmaqda  ciddi problemlər yaratmışdı. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra  informasiya blokadasını yarmağa, beynəlxaq aləmə inteqrasiya yolunda inamlı addımlar atmağa, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına nail olduq. Bu, böyük və çətin prosesin ən uğurlu addımı isə ATƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının ­1996-cı il dekabrın 2–3-də keçirilən Lissabon Zirvə görüşündə atıldı.  Siyasi ekspertlər də 23 il əvvəl keçirilmiş  bu sammiti  Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu hesab edirlər. Xatırladaq ki, Lissabon sammitinə qədər –1994 - cü ildə də ulu öndər Heydər Əliyevin iştirakı ilə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qərar qəbul olunmuşdu.
1994-cü il dekabrın 4–6 da ATƏM-in ( sonradan bu qurum ATƏT adlandırıldı)  Budapeştdə keçirilən sammiti bu təşkilatın üzvü olan dövlətlərin başçılarının dördüncü, Heydər Əliyevin isə iştirakı ilə keçirilən ilk tədbiri idi. Zirvə görüşündə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu qurumun  fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olunmuşdu. 
ATƏM-ə üzv  dövlətlərin başçıları problemin  nizamlanmasının mərhələli xarakterini müəyyən edərək, təşkilatın Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırmışdı.  Bu saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Budapeşt sammitində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarlar qəbul olundu. Belə qərarlardan biri də münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin  yaradılması və münaqişəli bölgələrdə yerləşdirilməsi barəsində idi.
Məlum olduğu kimi, 1995-ci il yanvarın 1-dən ATƏM Avropada Təhlükəsizlik və Əmkdaşlıq Təşkilatına çevrildi və qurumun  rəhbər orqanı üzv dövlətlərin xarici işlər nazirlərindən ibarət olan Nazirlər Şurası oldu.  Azərbaycanın ATƏT-lə münasibətlərində ­1996-cı il dekabrın 2–3-də keçirilən Lissabon (Portuqaliya)  sammiti mühüm əhəmiyyət kəsb edir. 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya --Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə  keçirilən ATƏT dövlət və hökumət başçılarının Zirvə toplantısı xalqımızın  yaddaşında tarixi hadisə kimi qaldı. Qafqaz regionu, xüsusilə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunan  Lissabon sammiti Azərbaycan üçün Budapeşt Zirvə görüşündən daha əhəmiyyətli oldu.
Ulu öndər Heydər Əliyev həmin sammitə yola düşərkən yolüstü jurnalistlərə verdiyi müsahibəsində  Lissabonda keçiriləcək  zirvə görüşünə böyük əhəmiyyət verdiyini, sammit ərəfəsində Minsk qrupu tərkibində Helsinkidə, Vyanada fəaliyyət göstərildiyini və Azərbaycan nümayəndə heyətinin günlərlə Lissabonda işlədiyini  diqqətə çatdırmışdı. Sammit müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdi və respublikamızın  beynəlxalq aləmə inteqrasisyasında mühüm rol oynadı. Bu sammit, eyni zamanda, ulu öndərin qətiyyətinin təntənəsi kimi yadda qaldı.  
Lissabon Zirvə toplantısında Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair iştirakçı dövlətlər tərəfindən bəyanat verildi. Bu sənəddə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün, ilk növbədə, Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, ikinci, Dağlıq Qarabağa Azərbaycan Respublikası tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu – muxtariyyət hüququ verilməsi, üçüncü, Dağlıq Qarabağın bütün əhalisinə – ermənilərə və azərbaycanlılara təhlükəsizlik təminatı verilməsi kimi, mühüm prinsiplər irəli sürüldü. Həmin prinsiplər ATƏT-in  o vaxtkı sədri Flavio Kottinin 1996-cı ilin fevralında münaqişə regionuna səfəri zamanı verdiyi təkliflərə də uyğun idi. Ulu öndər sammitdəki çıxışında bu məqamı da vurğulayaraq, Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsində məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi dəyərləndirmişdi. Müdrik şəxsiyyət  həmin nitqində bütün bunlara yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarına elan etmişdir. 
Ulu öndər  çıxışında  hələ  Lissabon görüşündən əvvəl ATƏT üzvü olan dövlət və hökumət başçılarına göndərdiyi məktubda münaqişənin həlli üçün məlum ümumi çərçivə qaydalarını – Lissabon prinsiplərini göstərdiyini bəyan etmişdi. O, bu müddəaları ATƏT prinsiplərinə, BMT Nizamnaməsinə və beynəlxalq hüququn ümumi qaydalarına tam  uyğun hesab etmişdir. 
Heydər Əliyev siyasi uzaqğörənliyi, müdrikliyi  və düşünülmüş diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail oldu. Bu sammitin  də ən böyük əhəmiyyəti məhz bu idi. Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən (ABŞ, Rusiya, Fransa və  digərləri) tanınması cəmi 5 il müstəqillik tarixi olan bir ölkə üçün çox böyük məna daşıyırdı. Qısa bir vaxtda ölkəmizi beynəlxalq aləmdə tanıdan ulu öndər  Lissabon sammitində  Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ  münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrənin əsasını qoydu və bununla da vasitəçilərin vəzifələri müəyyənləşdirildi. 
Ulu öndər bir daha bəyan etmişdir ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin  yalnız həmin prinsiplər əsasında aradan qaldırılacağı təqdirdə mütərəqqi nəticələr əldə etmək mümkün olacaq :  “Əminəm ki, münaqişənin BMT Nizamnaməsi, ATƏT prinsipləri və beynəlxalq hüquq əsasında aradan qaldırılması az bir vaxt ərzində Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaranmasına imkan verəcək, erməni və Azərbaycan xalqları arasında xoş münasibətləri bərpa edəcək, Dağlıq Qarabağın bütün əhalisi üçün ən əlverişli şərait yaradacaqdır.”
Sammitin yaddaqalan əsas məqamlarından birinin də ulu öndərin  Ermənistan prezidentinə və xalqına  sülh çağırışları etməsi olmuşdur. Heydər Əliyev ATƏT üzvlərinin hamısını Dağlıq Qarabağ məsələsinin həllinə kömək etməyə çağırmışdır: “Mən ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarına üz tutub onlardan xahiş edirəm ki,  Avropada sürəkli və viranedici münaqişələrdən biri olan Ermənistan – Azərbaycan, Dağlqı Qarabağ  münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini əsirgəməsinlər.” 
Lissabon sammitinin mühüm əhəmiyyətlərindən biri də o idi ki, ATƏT sədri tərəfindən verilmiş bəyanat Ermənistan istisna olmaqla, bütün üzv dövlətlər tərəfindən dəstəkləndi. Bu isə o demək idi ki, işğalçı istisna olmaqla, ATƏT-ə üzv bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı onun bir hissəsi kimi tanıyır. 

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

2 Dekabr 2019 22:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə